Accessibility links

Şahbaz Xuduoğlu: Görünür vərəqlərin arasında bomba təsiri bağışlayan nələrsə olub [Video-Müsahibə]


Şahbaz Xuduoğlu: Görünür vərəqlərin arasında bomba təsiri bağışlayan nələrsə olub
please wait

No media source currently available

0:00 0:06:36 0:00

Şahbaz Xuduoğlu: Görünür vərəqlərin arasında bomba təsiri bağışlayan nələrsə olub

“Qanun” Nəşriyyat Evinin direktorunun Amerikanın Səsinə müsahibəsi

“Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu Amerikanın Səsinə müsahibəsində nəşriyyat evində aparılan axtarışın səbəbləri və nəticəsindən danışıb.

Amerikanın Səsi: “Qanun” Nəşriyyat Evində axtarış aparılıb. Hansı səndələr, kitablar, nəşrə hazırlanan mətnlər götürülüb?

Bütün bağlamalar açılıb. Əlyazmalarına, şəkillərə, onlara şübhəli gələ bilən hər yerə baxıblar.

Şahbaz Xuduoğlu: Axtarış iyunun 12-də saat 1.30-da başlayıb, saat 5-dən sonra bitib. Bu prosesdə təqribən 10 nəfərə yaxın polis əməkdaşı iştirak edib. Bir də ki, orada bizim nümayəndələr olub. Yəni hər otaqdan bir nümayəndə orada olub. Demək olar ki, çox diqqətlə axtarış aparılıb. Hər bir vərəqə, kitablara, hətta kitabların yerləşdiyi anbara baxılıb. Bütün bağlamalar açılıb. Əlyazmalarına, şəkillərə, onlara şübhəli gələ bilən hər yerə baxıblar. Bizim binada oturan başqa təşkilatların da otaqlarına baxıldı. Sonra mətbəəyə düşdülər. Sonradan axtarış aparanlar öz aralarında bölündülər. Çünki, hamı bir yerdə bütöv bir binada axtarışı bitirə bilməzdi. Onların bir qrupu anbara endi. Oradan yarımfabrikantları, müxtəlif vərəqləri, yarı çapdan çıxmış, yarı çıxmamış dəmir təbəqələri, rəngli kitab qapaqlarını və sair götürdülər. Təqribən 300-500 kiloqram arası materialları qablaşdırıb götürbülər. Bunlar içəri girmələri üçün hər hansı sənəd təqdim etməyiblər. Axtarış nəyə görə aparıldı, bu bəlli deyil. Onlar əsaslandırblar ki, deyirlər ki, 102-yə (Daxili İşlər Nazirliyinin qaynar xətt xidməti-red) məlumat daxil olub ki, bomba var və bomba axtarılır. Mən başa düşürəm ki, vərəqlərin arasında bomba gizlətmək mümkün deyil. Amma, görünür vərəqlərin arasında bunlara bomba təsiri bağışlayan nələrsə olub, götürüblər. Hələ ki, təhqiqat gedir. Təhqiqatın sonunda bəlli olacaq.

Amerikanın Səsi: Axtarış yazıçı Zümrüd Yağmurun “Ölkə adı 22” əsərinin təqdimatı ilə bağlı ola bilərmi? Çünki axtarışın keçirilməsi bu əsərin təqdimatından bir qədər sonraya təsadüf edir.

Şahbaz Xuduoğlu: Bu əsər bizdə nəşr olunmayıb. Bununla bağlı da heç bir məlumatım yoxdur.

Amerikanın Səsi: Bəs, səbəbləri nədir?

Şahbaz Xuduoğlu: Səbəbini bilmirəm doğrusu. Mən ilk olaraq bu məlumatı alanda real elə hesab etdim ki, binaya bomba qoyulub. Sonradan əlavə məlumat aldım ki, binada olan adamların bayıra çıxmasına mane olurlar. Onda başa düşdüm ki, əgər binada bomba qoyulsa adamları daha tez çıxarmalıdırlar, nəinki onların çıxışına mane olmalıdırlar. Onda başa düşdüm ki, bomba sadəcə bəhanədir. Ona görə də real səbəb nədən ibarətdir, hələ onu bilmirəm.

Amerikanın Səsi: Amma, hesab edirsiniz ki, bu siyasi deyil.

Şahbaz Xuduoğlu: Yox, mən inanmıram. Burada siyasi bir şey yoxdur. Yəni, siyasi o zaman olar ki, deyək ki, Cəmil Həsənlinin plakatlarının çap olunması bizim 150 min manat cərimələnməmizə səbəb oldu. Deyək ki, o zaman siyasi bir mösüm idi. Seçkilər idi, o mövsümün nəticəsi idi. Amma, burada hər hansı bir mövsüm yoxdur, siyasi nə ola bilər ki? Məncə burada siyasi yox, bəlkə xırda, hansısa bir səlahiyyətli məmurun xoşuna gəlməyən hər hansı bir hərəkət olub. Onu bilmirəm.

Amerikanın Səsi: Biznes maraqları ola bilərmi?

Şahbaz Xuduoğlu: Bu barədə düşünmüşəm. Düşmən əli ola bilərmi? Düşmənim yoxdur. Rəqabət aparan nəşriyyatların işi ola bilərmi ki, zəng eləyib desinlər ki, “Qanun” Nəşriyyatına bomba qoyulub. Amma, bu qədər riskə getməzlər. Çünki indi həmin adamın şəxsiyyəti müəyyən olunur. Gec-tez onun şəxsiyyəti müəyyən olunmalıdır. O riskə də getmək olmaz. Başqa, adamın ağlına çox şeylər gəlir. Amma, çox şeyləri də deyə bilmirsən. Çünki həqiqət olmaya bilər.

Amerikanın Səsi: 2013-cü ilin oktyabrında prezident seçkilərindən sonra da vergi orqanıları “Qanun” Nəşriyyat Evində axtarş aparıb. Nəticələri nə oldu?

Cərimə də öz qüvvəsində qalır. Hesablarımız bağlıdır. Hesabımıza kənardan köçürmə yolu ilə düşən pullar vergilər tərəfindən dərhal müsadirə olunur.

Şahbaz Xuduoğlu: Biz məhkəməyə müraciət etdik. Hələ də hesablarımız bağlıdır. Hələ də sənədlər bizə qaytarılmayıb. Yerli instansiya məhkəmələri keçmişik. Artıq, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişik. Avropa Məhkəməsində işə baxılmasını gözləyirik. Amma, dediyim kimi, biz şikayətlərimizi etməkdə davam edirik. Cərimə də öz qüvvəsində qalır. Hesablarımız bağlıdır. Hesabımıza kənardan köçürmə yolu ilə düşən pullar vergilər tərəfindən dərhal müsadirə olunur.

Amerikanın Səsi: Hüquqlarınızın qorunması üçün hansı addımlar atacaqsınız?

Şahbaz Xuduoğlu: Əlbəttə, hüquq müstəvisində. Biz indi vəkillərimizlə məsləhətləşirik. İki gün ki, bizim nəşriyyat nəzarət altında olub, giriş-çıxış qadağan olunub. Mülkiyyət hüququmuz pozulub. Bunlarla bağlı məhkəməyə müraciət edəcəyik. Əgər yerli məhkəmələrdən xeyrimizə hər hansı nəticə əldə edə biməsək, Avropa Məhkəməsinə müraciət edəcəyik. “Qanun” Nəşriyyatı ölkənin bir nömrəli nəşriyyatıdır. Bu nəşriyyatın hüquqlarının belə kobud şəkildə pozulmasını rahat buraxa bilmərik. Biz onlarla nobelçilərin kitablarını buraxmışıq. 5 min addan çox kitabımız var. “Yapı Kredi” Türkiyə üçün nədirsə “Qanun” Azərbaycan üçün odur, “Pinqvin” Avropa, Amerika üçün nədirsə “Qanun” Azərbaycan üçün odur. Nəşriyyatın bu şəkildə, bomba adı ilə iki gün bir pis vəziyyətə salınması bizə görə çox böyük mənəvi kompensasiya tələb edən işdir.

XS
SM
MD
LG