Accessibility links

Qeyri-ənənəvi dəyərlər: Niyə Azərbaycanda boşanmağa tədricən daha çox qadınlar qərar verir?


Azərbaycanda boşanmaların sayı artır. Rəsmilər və sosioloqların müşahidələrinə əsasən, boşanmaların təşəbbüskarları getdikcə daha çox qadınlar olur. 2019-cu ilin yanvar ayından sentyabr ayınadək ölkədə 12,713 boşanma qeydə alınıb. Bu, ötən ilin eyni dövründə qeydə alınan boşanma hallarından 15 faiz daha çoxdur. Cəmiyyət iki düşərgəyə bölünüb. Bir hissə bunu ənənəvi ailə dəyərlərinə zərbə olaraq görür. Digərləri isə bunun müsbət hal və irəliləyiş olduğunu və qadınların evliliklərin çarəsiz “əsirləri” olmaqdan qurtulduqlarına işarə olduğunu hesab edir.

ÇAMADAN, "QORŞOK", UŞAQ

“Evdən qaçmağa əvvəlcədən hazırlanmışdım: yatağın altında lazımı geyimlərimin olduğu çamadan, uşaq paltarları ilə dolu çanta və uşağın ‘qorşoku’ var idi. Mən bilirdim ki, ərim mənim asanlıqla getməyimə icazə verməyəcək. Ona görə də, gözlədim nə o, nə qaynatam nə də qaynanam evdə olmayan vaxt iki yaşlı qızımla birlikdə gizlicə evdən qaçdım”.

Mən onun icazəsi olmadan heç hara gedə bilmirdim. Ona tabe olmalı idim.
Aynur, 23

Aynur 23 yaşında tələbə yoldaşı ilə evlənib. O deyir ki, “gənc və ağılsız” olub. “Ali təhsilinin və ümumi 'mədəniyyətinin' olmasına baxmayaraq, ərim ailə həyatında patriarxal düşüncələrə malik idi. Mən onun icazəsi olmadan heç hara gedə bilmirdim. Ona tabe olmalı idim. Dekretdən sonra işə çıxdım, amma öz pulum yox idi - ərim maaş kartımı əlimdən almışdı və demişdi ki, əgər pul lazım olsa, tumbadan götürə bilərəm. Amma mütləq hara xərclədiyimi yazmalı idim”.

Aynurun valideynləri başa düşmürdü ki, bu cür “xırda şeylərə” görə evliliyə necə son qoymaq olar. Onun ailəsində əciddi əxlaqi dəyərlər hökm sürürdü və hesab olunurdu ki, insan bir dəfə və həmişəlik ailə qurur.

Ərimin despotluğu, onu artıq sevməməyim, həyatımla bağlı planlarımın dəyişməsi – onların nəzərində bunların hamısı şıltaqlıqdır və mən bunları başımdan atıb ‘oyun qaydalarına’ uyğunlaşmalı idim.
Aynur, 23


“Artıq altı il keçib, amma deyəsən valideynlərim hələ də nə üçün boşandığımı anlamır. Ərimin despotluğu, onu artıq sevməməyim, həyatımla bağlı planlarımın dəyişməsi – onların nəzərində bunların hamısı şıltaqlıqdır və mən bunları başımdan atıb, ‘oyunun qaydalarına’ uyğunlaşmalı idim. Əsas odur ki, ərin içmir, döymür, xəyanət etmir. Əlbəttə ki, valideynlərim məni evlərinə geri qəbul etdi, amma uzun müddət ağlayıb, mübahisə edib, fikrimi dəyişməyə çalışırdlar. Onlar hələ də, mənim həyatımı məhv etdiyimi düşünürlər. Nəin ki valideynlərim, ətrafdakı hər kəs özünə borc bilir ki, mənə nahaq yerə boşandığımı desin. Hətta işdəki sürücü belə. Bir gün həyat yoldaşım alimebt vermək üçün mənim işlədiyim ofisə gəlmişdi. Sürücümüz onun lüks “mersedesini” görüb açıqca mənə bildirdi ki, belə maşını olan kişidən yalnız ağılsız insan boşana bilərdi”.

QIZLAR ANALARI KİMİ YAŞAMAQ İSTƏMİR

Ekspertlərin dediyinə görə, əvvəllər Azərbaycanda qadınlar boşanmaqdan iki səbəbə görə yayınırdırlar.

Birincisi, cəmiyyətin qınağı. Azərbaycanda qadın üçün boşanmaq faciə, ayıb, və həyatı boyu üzərində daşıyacağı damğa hesab olunurdu. Valideynlər narahat olacaq və utancdan gözlərini qaçırdacaq, qohumların yazığı gələcək, qonşular qeybət edib, şayiələr yayacaq, qadın bir daha heç vaxt evlənə bilməyəcək və sairə.

İkincisi isə, bir çox qadın maddi baxımdan müstəqil deyildi və tamamilə ərlərindən və ya valideynlərindən asılı idi. Və əgər doğmaları qadının boşanmağının əleyhinə idisə, onnun gedəcək başqa yeri və dolanacaq imkanı olmurdu.

Çox gənc yaşda evlənən cütlüklər bəzən bir-birlərinin xasiyyətləri, hətta sağlamlıqları haqda səthi məlumata malik olur.
Çox gənc yaşda evlənən cütlüklər bəzən bir-birlərinin xasiyyətləri, hətta sağlamlıqları haqda səthi məlumata malik olur.

Amma son zamanlarda azərbaycanlı qadınların düşüncələri dəyişir. “Yaşlı nəsildən fərqli olaraq gənclər evliliyi müqəddəs və əbədi qurum olaraq görmür. Köhnə dəyərlər və quruluşlar artıq gənclər üzərində hökm sürmür, onlar özləri necə yaşayacaqlarını seçir və hesab edir ki, əgər evlilik onlara xoşbəxtlik gətirmirsə, onda o nə üçün lazımdır?" sosioloq Sənubər Heydərova qeyd edir.

“Bir çox müasir gənc qadın uşaqlıqdan analarının evliliklərini qorumaq üçün özlərini qurban verdiklərini, özlərinə qarşı ədalətizlik və ya zorakılığa səssizcə dözdüklərini və mənəvi narahtlıqları ilə barışdıqlarını görüb. Heç kəs də onların verdikləri qrubanlara dəyər verməyib, heç kəs onlara ‘çox sağ ol’ deməyib. Olduqca aydındır ki, bu cür anaların qızları bundan nəticə çıxarıb, onlar kimi yaşamaq istəmirlər”- Heydərova əlavə edir.

Bu boşanmalar cəmiyyətə ailə dəyərləri sistemini yenidən qurmağa imkan verir.
Sənubər Heydərova

Hələ ki, bu tendensiya əsasən Bakı və digər böyük şəhərlərdə müşahidə olunur – orada qadınlar daha müasir və müstəqildirlər, onların çoxu ali təhsillidir, işləyir ya da işə düzəlmək imkanı var. Rayonlarda isə hər şey əvvəlki kimidir, amma elə orda da müəyyən dəyişikliklər baş verir.

Sənubər Heydərova hesab edir ki, Azərbaycanda boşanmaların artması müsbət haldır: “Bu həm də yaşlı nəsli düşünməyə və mühafizəkar düşüncələrini yenidən nəzərdən keçirməyə vadar edir. Bu boşanmalar cəmiyyətə ailə dəyərləri sistemini yenidən qurmağa imkan verir. Bu ağrılı prosesdir – ailə münasibətərində yeni səviyyəyə çatmaq üçün müvəqqəti çətinliklər yaşanır”.

"QIZIMIN BAKİRƏ OLARAQ EVLƏNMƏSİNİ İSTƏMƏRƏM"

Əsasən beş ildən az müddət evil qalan gənc insanlar boşanır. Bunun səbəbləri müxtəlif, adi “xasiyyətlərimiz uyğun gəlmədi” dən tutmuş məişət zorakılığına kimi səbəblər olur. Amma adətən həqiqi səbəblər səsləndirilmir, çünki cəmiyyətin nöqteyi-nəzərindən həmin səbəblər ya kifayət qədər “üzrlü” deyil, ya da sadəcə olaraq ayıbdır. Məsələn ailədəki seksual problemlərdən danışmaq tabudur.

Nərmin ilk dəfə 22 yaşında ailə qurub. O evlənmədən əvvəl seksual əlaqədə olmayıb. Toydan sonra müəyyən olub ki, o, vaginizmdən əziyyət çəkir - yəni onun uşaqlıq yolu əzələləri qeyri-ixtiyari gərilir və bu səbədən cinsi əlaqə ya çox ağrılı olur ya da heç mümkün olmur.

“Mən də, yoldaşım da çox gənc idik və nə edəciyimizi bilmirdik, heç kəsə də bu haqda demirdik. Biz bunun öz-özündən keçib gedəcəyini gözləyirdik. Mən yalnz yarım ildən sonra nəhayət ginekoloqun yanına getdim, o da məni psixoloqa göndərdi. Amma mən həmin vaxt elə vəziyyətdə idim ki, müalicə almaq istəmirdim, əslində heç nə istəmirdim. Mən əsəbiləşdim, yoldaşım da. Nəticədə biz boşanmağa qərar verdik, baxmayaraq ki, aramızda başqa problemlər yox idi”.

Nərminin və yoldaşının ailəsi onun xəstəliyi barədə onlar boşanmağa qərar verəndən sonra öyrəndi və bu hər kəs üçün şok idi.

Anam başda özünə yer tapa bilmirdi, hətta məni boşanmamağa və süni mayalanma yolu ilə uşaq dünyaya gətirməyə razı salmağa çalışırdı.
Nərmin, 22


“Anam başda özünə yer tapa bilmirdi, hətta məni boşanmamağa və süni mayalanma yolu ilə uşaq dünyaya gətirməyə razı salmağa çalışırdı. O deyirdi ki, tam ailə görüntüsü yaratmaq lazımdır. Yoldaşımla aramızda cinsi əlaqənin olub-olmadığı isə vacib deyildi. Mən təbii ki, razı olmadım. Və hər kəs tədricən sakitləşdi”.

Nərmin vaginizmdən bir neçə il müalicə olunandan sonra qurtuldu. Yarım il bundan əvvəl isə o ikinci dəfə ailə qurub.

“Mən nə boşandığıma, nə də xəstəliyimə görə peşman deyiləm.Ən azından ona görə ki, bu, mənim düşüncələrimi müsbət yöndə dəyişdi. Və əgər mənim qızım olsa mən onun bakirə olaraq evlənməsini istəmərəm. İnsanlar evlənmədən öncə bir-birilərini təkcə psixoloji baxımdan deyil, həm də seksual baxımdan tanımalıdırlar, seksdə nə qədər bir-birilərinə uyğun olub-olmadıqlarını və bununla hər hansı problemlərinin olub-olmadıqlarını bilməlidirlər. Bu gələcəkdə bir çox çətinliyin qarşısını ala bilər”.

"ATASINI HƏFTƏDƏ BİR DƏFƏ GÖRMƏSİ, HƏR GÜN BİZİM DAVALARIMIZA ŞAHİD OLMASINDAN YAXŞIDIR"

Boşanmaq qərarı alan insanları hakimlər daxil olmaqla hər kəs bir qayda olaraq bu fikirdən yayındırmağa çalışır. Onların irəli sürdüyü aqrumentlərdən biri uşaqların rifahlarıdır. Onlar deyir ki, uşaqlar üçün, onların tam ailədə böyümələri üçün, ailəni dağıtmamaq lazımdır.

Kənardan Şəhla və əri xoşbəxt cütlük kimi görsənirdi. Onlar on ildən uzun müddət evil idilər, eyni sahədə işləyirdilər, birlikdə çoxdan gözlənilən və istənilən bir qız övladı böyüdürdülər. Sərxanın spirtli içkilərə aludəçiliyi olsa da, Şəhla təmkinlə onu müalicə edirdi, tanışları isə bunu “məişətdə adi bir şey” hesab edirdilər. Onlar Şəhlanın boşanmaq qərarı aldığını eşidəndə çox təəccüblənmişdilər. Amma daha sonra məlum oldu ki, Sərxan təkcə içmir, həm də yoldaşına xəyanət edir, çox sayda borc götürüb və onları Şəhla geri ödəmək məcburiyyətində qalıb.

“Mən dinc yolla boşanmağa və yoldaşımla normal dostluq münasibətləri saxlamağa çalışırdım. Amma alınmadı. O əvvəl ağlamağa, geri qayıtmağım üçün yalvarmağa başladı, sonra isə şantaj eləməyə, hədələməyə və hər cür hiylələr etməyə başladı. Bu dəhşət bir il davam etdi. Mən hər zaman müstəqil olmuşam, ona görə də qardaşlarım və bacımlarım qarışmırdı və mənə təsir göstərməyə çalışmırdılar. Amma onlar səssizcə məndən uzaqlaşdırlar. Bu da mənə çox pis təsir etdi.”

Azərbaycanda illər boyu boşanmaq ələlxüsus qadın üçün xəcalət mənbəyi hesab olunub.
Azərbaycanda illər boyu boşanmaq ələlxüsus qadın üçün xəcalət mənbəyi hesab olunub.

Şəhla deyir ki, boşanma ərəfəsində ailəsində münasibətlər artıq gərgin idi, qızında tez-tez isteriyalar olurdu və evdəki ab-havanın uşağa pis təsir etdiyi açıq-aydın idi. Şəhla boşanandan sonra qızını sinir sistemi bərpa olunana qədər bir neçə il boyunca psixoloqa aparmağa davam etdi.

“İndi o, atası ilə həftədə bir dəfə görüşür və məncə belə daha yaxşıdır, nəinki onun hər gün bizim qalmaqallarımıza şahid olması,” Şəhla qeyd edir.

KİŞİLƏRİN MÖVQEYİ

Azərbaycanlı kişilər üçün isə boşanmaq heç vaxt faciə hesab olunmayıb. Kişilərin boşanmada aktiv rol oynadığı hətta Azərbaycan dilindəki ifadələrdə elə öz əksini tapıb. Belə ki, Azərbaycan dilində “arvaddan boşanmaq” ifadəsinin danışıq dilində qəbul edilmiş sinonimi “ arvadı boşamaq”dır. Qadınar üçün isə belə bir ifadə mövcud deyil (baxmayaraq ki indi bəzi feminstlər artıq ondan istifadə etməyə başlayıb). Bundan əlavə isə Azərbaycanda “ər evinə ağ gəlinliklə girən qadın ordan bir də ağ kəfənlə çıxa bilər” kimi atalar sözü də var.

"Ərə getmək", "ərdə olmaq" – qadına, "evlənmək", "evli" sözləri isə kişiyə aid istifadə olunur.

Amma "arvadı boşamaq" - xüsuslilə də, uşaqlar varsa - düzgün hərəkət hesab olunmur və yalnız son çarə olaraq görülür.

"BOŞANMAYACAQDIM, BUNA BİR HADİSƏ SƏBƏB OLDU"

“Mən hər zaman hesab edərdim ki, əgər ər-arvadı bir-birinə bağlayan heç nə yoxdursa, onların evliliklərini davam etdirmələrinin mənası yoxdur. Amma nə üçünsə özüm davam etdirdim.”

38 yaşlı Aslan ötən ay yoldaşından boşanmağa qərar verərək onu tərk edib. Bu fikir onun ağına ilk üç il öncə gəlib, amma o vaxt buna ciddi yanaşmamışdı.

“Biz doqquz ildir evliyik. Sevib evləşnmişik, ondan öncə uzun müddət görüşmüşük və bir-birimizi yaxşı tanıdığımızı düşünürdük. Amma bir neçə ildən sonra birdən fərqli maralqarımızın olduğunu, birlikdə bizə maraqsız olduğunu fərq etdik. Mənə elə gəlirdi ki, o, məişət işlərinə qərq olub, o isə məni çox yüngül biri olaraq görürdü. Amma mən boşanmaq fikrini yaxın buraxmırdım. Qorxurdum ki, yoldaşım mənim oğumla görüşməyimə icazə verməyəcək. Düzünü desəm, həm də məhkəmələrlə, əmlak bölgüsü ilə məşğul olmaq istəmirdim. Özümü hər şeyin o qədər də pis olmadığına və çox insanın bu cür yaşadığına inandıraraq sakitləşdirməyə çalışırdım.”

Aslan tədricən arvadından uzaqlaşırdı və evə daha az gedib, kənarda başqa qadınlarla görüşürdü. Amma tanış olduğu hər yeni qadına boşanmayacağını da söyləyird. Daha sonra isə o, Leyla ilə tanış oldu və onunla ciddi münasibət qurdu.

Mən özüm də başa düşürəm ki, yoldaşıma qarşı özümü eqoist və nalayiq aparmışam. Buna görə peşmanam. Amma çox güman ki, bizim ən böyük səhvimiz elə evlənməyimiz idi.
Aslan

“Amma hətta onda belə boşanmayacaqdım. Mənə bir hadisə kömək oldu. Yoldaşım telefonuma baxıb, orda sevgi yazışmalarımı tapdı. Əlbəttə ki, skandal yarandı. Mən əşyalarımı toplayıb valideynlərimin evinə getdim. Yoldaşım mənə əngəl olmadı, amma qovmadı da. Bəlkə də, izahat və üzr istəməyimi gözləyirdi. Bəlkə də, mən istəsəm hər şeyi həll edə bilərdim. Amma birdən bizim ayrılıb, bir-birimizə işgəncə verməyə son qoymaq vaxtının çatdığını anladım. İndi mən özümü daha yaxşı və yüngül hiss edirəm, baxmayaraq ki, biz yoldaşımla ev, pul və uşaq səbəbilə daim mübahisə edirik.”

Qohumları və dostları Aslanı fikrindən daşındırmağa çalışmır, əksinə bu qədər uzadıb, yalan danışıb, xəyanət etdiyinə görə onu qınayırlar. "Mən özüm də başa düşürəm ki, yoldaşıma qarşı özümü eqoist və nalayiq aparmışam. Buna görə peşmanam. Amma çox güman ki, bizim ən böyük səhvimiz elə evlənməyimiz idi.”

STATİSTİKA

Bununla belə, Azəraycanda boşanmalara qarşı münasibətin ciddi şəkildə dəyişdiyini iddia etmək üçün hələ çox tezdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı rəy sorğularının nəticələrinə görə, kişilərin 41, qadınların isə 34.7 faizi hesab edir ki, qadınlar ailələrini qoruyub saxlamq üçün məişət zorakılığına dözməlidir.

Statistikaya əsasən, Azərbaycanda qadınların 40 faizindən çoxu azı bir dəfə məişət zorakılığının qurbanı olub. Çox vaxt isə bu zorakılıq onların ərləri tərəfindən törədilir.

Təkcə 2019-cu ilin oktyabr ayında Azərbaycanda 13 qadın məişət zorakılığı zəminində qətlə yetirilib. Azı iki qadın da bu payız boşanmaq istədiklərinə görə ərləri tərəfindən öldürülüb.

(c) Nastoyashcheye Vremya

XS
SM
MD
LG