Hüquq - müdafiə təşkilatları işğəncələrin qarşısının alınması üzrə alternativ Milli Preventiv Mexanizmi (MPM) həyata keçirmək niyyətindədir. Bu məqsədlə 11 qeyri hökumət təşkilatı “Milli Preventiv Mexanizm” İctimai Nəzarət Koalisiyasında birləşib. Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev bildirib ki, MPM-nin yaradılması BMT-nin işğəncələrin qarşısının alınması üzrə Konvensiyasının Fakultativ Protokolunda nəzərdə tutulub. “Azərbaycan prezidentinin 13 yanvar 2009-cu il tarixli sərəncamı ilə MPM-nin həyata keçirilməsi Ombudsman Aparatına həvalə edilib. MPM-ə hüquq müdafiəçiləri daxil edilməyib, bu da prosesin şəffaflığına xələl gətirir. BMT konvensiyası ölkədə 2 və daha çox MPM-nin olmasına icazə verir və belə praktika Gürcüstan, Qazaxıstan və Ermənistanda mövcuddur”.
İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudov alternativ MPM məsələsinin aktuallığını qeyd edib. “Bu ilin birinci yarısında Komitəyə müxtəlif güc strukturlarında işgəncələrə dair 89 faktla bağlı şikayət daxil olub. Bunun 6-sı ölümlə nəticələnib. Amma hakimiyyət bu faktları qəbul etmir. İndiyədək Cinayət Məcəlləsinin 113-cü (işgəncələr) və 293-cü (işgəncə altında ifadənin alınması) maddələri ilə heç kim cəzalandırılmayıb. “Ən yaxşı halda müqəssirlər səlahiyyət həddini aşdığına görə cəzalandırılır”.
Keçmiş siyasi məhbus, İnsan Haqları Uğrunda İctimai Hərəkatın rəhbəri Eynulla Fətullayev deyib ki, ölümlə nəticələnən ən ağır cəzalar 7 saylı koloniyada baş verir. “Penitensiar Xidmət yanında fəaliyyət göstərən cəzaçəkmə yerlərinə nəzarət üzrə İctimai Komitədə toplaşan hüquq müdafiəçiləri məhbuslara verilən işğəncələrə göz yumur”.
İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov bildirib ki, koalisiya monitorinqlər keçirmək, alternativ hesabatlar hazırlamaq, qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər irəli sürmək niyyətindədir. “Bu məqsədlə Koalisiya prezident İlham Əliyevə müraciət edərək daha bir MPM-nin rəsmi tanınmasını, cəzaçəkmə və ilkin saxlanma yerlərinə başçəkmə üçün şəraitin yaradılmasını xahiş edib”.
Demokratiya Monitoru İctimai Birliyinin rəhbəri Fuad Həsənov qeyd edib ki, hüquq-mühafizə orqanlarında yüksək vəzifəli şəxslərin bir çoxu İşğəncələr Əleyhinə Beynəlxalq Konvensiyanın müddəalarını bilmir. “Çox zaman saxlanmanın ilk saatlarında ifadə almaq üçün işğəncələr tətbiq olunur. Şübhəli bilinən şəxsi öz hüquqları haqda məlumatlandırmaq əvəzinə onlara zorla vəkil tuturlar ki, onlar da istintaqın xeyrinə işləyir”.
Vətəndaşların Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Müslümat Rzaxanova diqqəti öz hüquqları uğrunda mübarizə aparan məhbusların işğəncələrə məruz qalmasına yönəldib. “Bu cür praktika Qobustan həbsxanasında yayılıb”.
Sözügedən QHT-lərdən başqa Koalisiyaya Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Azərbaycan İnsan Haqları Evi, Bərabər İmkanlar Mərkəzi, Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi, İşğəncə Qurbanlarının Reabilitasiyası və Müdafiəsi İctimai Birliyi daxildir.