Accessibility links

Qurbanqulı Berdımuhəmmədov: Türkmənistanla Azərbaycan arasında həlli olmayan məsələ yoxdur


Qurbanqulı Berdımuhəmmədov: Türkmənistanla Azərbaycan arasında həlli olmayan məsələ yoxdur
Qurbanqulı Berdımuhəmmədov: Türkmənistanla Azərbaycan arasında həlli olmayan məsələ yoxdur

Türkiyə, Türkmənistan və Azərbaycan Türkmən qazının Xəzər vasitəsilə Azərbaycana və oradan da xarici bazarlara uzunmüddətli ixracının həyata keçirilməsi üçün bir sıra düsturlar işləyib hazırlamaq niyyətindədir

Türkmənistan istənilən istiqamətdə müxtəlif layihələri, o cümlədən “Nabucco” vasitəsilə Avropaya qaz ixracı layihəsini Azərbaycanla birgə həyata keçirmək üçün real perspektiv olduğuna şübhə etmir. Bu barədə Turan agentliyi sentyabrın 16-da Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədovun İstanbulda keçirilən mətbuat konfransında Transxəzər qaz kəməri layihəsi ilə bağlı dediklərinə istinadən məlumat yayıb.

“Bu istiqamətdə ümumi birgə işin fəallaşdırılmasında bütün Xəzəryanı dövlətlər maraqlıdır. Hazırda Azərbaycan və Türkmənistan ikitərəfli dostluğun və qarşılıqlı-səmərəli əlaqələrin inkişaf etdirilməsinə ən konstruktiv münasibət nümayiş etdirir. Ölkələrimiz arasında həlli olmayan məsələ yoxdur. Hər iki dövlətin rəhbərliyinin bütün məsələləri qarşılıqlı səmərəli şərtlərlə həll etmək üçün həm siyasi iradəsi, həm də istəyi var”, -deyə cənab Berdımuhəmmədov bildirib.
Türkiyənin energetika naziri Taner Yıldız deyib ki, Türkiyə, Türkmənistan və Azərbaycan “Türkmən qazının Xəzər vasitəsilə Azərbaycana və oradan da xarici bazarlara uzunmüddətli ixracının həyata keçirilməsi üçün bir sıra düsturlar işləyib hazırlamaq niyyətindədir”.
Bu bəyanatla cənab Yıldız Azərbaycan və Türkmənistandan olan həmkarları Natiq Əliyev və Bayramgəldi Nedirovla görüşündən sonra çıxış edib. Danışıqlar İstanbulda türkdilli dövlət başçılarının X sammiti çərçivəsində aparılıb.
Cənab Yıldız deyib ki, Türkiyə Xəzərin Türkmən şelfindən Malaziyanın “Petronas” şirkəti tərəfindən çıxarılan qazı almağı nəzərdə tutur.

“Müxtəlif səbəblərdən Transxəzər qaz kəməri layihəsi hələ həyata keçirilməyib. Buna görə şərqdən qərbə enerji nəqli layihəsi tam işə salınmayıb. Digər tərəfdən, biz əminik ki, yaxın aylarda “Nabucco” tipli yeni regional layihələrin dəstəklənməsi haqqında saziş imzalayacağıq”, - deyə o qeyd edib.

XS
SM
MD
LG