Güneyli müğənni Ramin Marağalının fikrincə, musiqi sənətinin sərhədləri yoxdur, ona görə də, "bir kültür bir ölkənin sərhədləri içində olan başqa bölgə ilə çox fərqli ola bilər, amma eyni halda bir sərhəddin qarşı tərəfindəki ilə eyni ola bilər."
Türkiyədə mühacirətdə yaşayan İran Azərbaycanından olan müğənni və musiqiçi Ramin Marağalı Amerikanın Səsinə danışıb.
Ramin Marağalı deyib ki, bir çox dövlətin tərkib hissəsində yer almış olan Azərbaycan torpaqlarında "vahid Azərbaycan kültür dil və sənəti mövcüddür ki, bu böyük əraziyə tarixi Azərbaycan coğrafiyası adını verəmək ola bilər."
"İllər öncə Fərhad İbrahiminin şeirinə ustad Əli Səliminin bəstələdiyi Ayrılıq mahnısı Güney Azərbaycanda, Quzey Azərbaycanda və habelə Türkiyə və digər türk ölkələrində oxunur və tanınır. Şeir sahəsində isə dəyərli ustad Şəhriyarın şeirləri, xüsusi ilə "Heydər Babaya Salam" mənzuməsi, bütün türk dünyasında tanınır" - deyə, sənətçi ifadə edib.
O həmçinin texnologiya əsrində İnternet və sosial medianın kültür və mədəniyyət məhsullarının yayımlanmasını xeyli sürətləndirdiyini qeyd edərək bildirib ki, "illər öncə bir mahnının bir neçə ölkəyə yetişib yayılması üçün illərin keçməsi gərəkirkən, günümüzdə bu yayılama prosesi internet və sosial media vasitəsi ilə günlər, bəlkə də saatlar içində baş tutur."
Güneyli müğənni son illərdə sosial media vasitəsi ilə İran Azərbaycanı, Azərbaycan Respublikası və Türkiyəyə yaxınlaşdıran bir mahnını misal çəkib. “Keçən il Güney Azərbaycanın Sulduz rayonuna aid olan bir əski xalq mahnısı sənətçimiz tərəfindən səsləndirildi. Onun fərqli ifasıyla yanaşı, bu mahnı ilə insanların rəqs etməsi və sosial media hesablarında paylaşmaları nəticəsində `Səni deyirlər` adıyla şöhrət qazandı” – deyə, o qeyd edib.
Ramin Marağalının sözlərinə görə, `Səni deyirlər` mahnısı İranın türk olmayan xalqları arasında rəğbət qazanmayıb. "Kültürün sərhədi olmadığı kimi, bu mahnı Azərbaycan respublikasında rəğbət qazandı, həm də İran türkləri bu mahnı ilə oynaıb rəqs etdilər."
`Səni deyirlər`mahnısında ifaçının Urmiyə Gölündən söz açaraq, gölün quruması və pis vəziyyəti dilə gətirməsi Ramin bəyin fikrincə, diqqətləri regionda Urmiyə Gölünə çəkdi.
Güneyli müğənni `Səni deyirlər` mahnısı olayına bənzər bu dəfə Azərbaycan Respublikasından İran Azərbaycanı icmasında populyarlaşan `İçirəm Mən` mahnısına toxunaraq deyib ki, ”Quzeyli bir sənətçimizin `İçirəm Mən` adlı mahnısı sürətlə Güney Azərbaycanda yayılmaya başlayıb və hər kəs öz sosial media hesabında bu mahnını oxuyaraq paylaşımlar edir. Bu proseslər bizim milləti kültür, dil və sənət baxımından bir araya gətirir. texnologiya isə bu prosesi sürətləndirir.”
“Bəzi dostlarımızın tənqidləri bu ola bilər ki, bu mahnılar toy mahnısı və yaxud küçə bazar musiqisidir və sənət baxımında dəyəri yoxdur. Yayımlanan bu mahnılar xalqın tərəfindən yaradılır və yeni folklor musiqisi kateqoriyasında yerləşir" – deyə, güneyli müğənni əlavə edib.