Accessibility links

Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə təqsirləndirilən şəxslər son söz deyir


Rasim Əliyevin atası
Rasim Əliyevin atası

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Bu günki məhkəmədə təqsirləndirilən şəxslər son söz deyib.

Arif Əliyev məhkəmədən ədalətli qərar verilməsini gözlədiyini bildirib. Kənan Mədətov peşman olacaq bir iş görmədiyini deyib. Digər təqsirləndirilən şəxslər Elşən İsmayılov, Camal Məmmədov, Samir Mustafayev son söz deməyə tam hazırlaşmadıqları üçün məhkəmədən vaxt istəyiblər. Beləliklə məhkəmə martın 31-i saat 16-dək təxirə salınıb.

Dövlət ittihamçısı E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Məmmədov və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası istəyib.

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, Samir Mustafayev, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

K.Mədətov, C.Məmmədov və S.Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə ittiham olunur.

C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır.

XS
SM
MD
LG