“ABŞ dünyada ən böyük narkotik istehlakçısıdır və bu, ölkə üçün ciddi problemdir.
Bu barədə Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Riçard Glenn (Richard H. Glenn, Deputy Assistant Secretary) Turan agentliyinə müsahibəsində bildirib.
Bu, narkobiznesə qarşı mübarizəyə ciddi təsir edir, müəyyən problemlər yaradır. Dünyadakı ölkələrdən heç biri narkotiklərə qarşı təkbaşına mübarizə apara bilməz. Cinayətkar qruplar internetdən və elektron poçtdan fəal şəkildə istifadə edərək, görünməz qalırlar.
ABŞ ənənəvi olaraq Meksikadan və Cənubi Amerika ölkələrindən, habelə Orta Şərq regionundan gələn kokain və heroindən əziyyət çəkir. Amma son vaxtlar Fentinil kimi sintetik narkotik ortaya çıxıb.
"Onun əsas istehsal yeri Çindir. Bu, heroindən 50 dəfə güclü təsir göstərən narkotikdir. 3 milliqram Fentinil insanı öldürməyə kifayət edər. Çox ucuz və opioidlər kimi ənənəvi narkotiklərdən dəfələrlə güclüdür. Bu narkotiklərin istehsalının və ixracının qarşısını almaq üçün beynəlxalq əməkdaşlığa ehtiyacımız var," Riçard Glenn bildirib.
O, Azərbaycan hakimiyyətinin öz ərazisindən narkotik tranzitinin qarşısının alınması üzrə səylərini yüksək qiymətləndirib.
Bu, heroindən 50 dəfə güclü təsir göstərən narkotikdir. 3 milliqram Fentinil insanı öldürməyə kifayət edər. Çox ucuz və opioidlər kimi ənənəvi narkotiklərdən dəfələrlə güclüdür.Riçard Glinn, ABŞ dövlət katibinin köməkçisinin müavini
ABŞ-ın narkotiklərə qarşı mübarizədə təcrübəsini necə bölüşə bilər? Bu suala cavabda Riçard Glenn deyib ki, qanunvericiliklərin yaxınlaşdırılması və hüquq-mühafizə orqanlarının əməkdaşlığı, habelə narkotikdən zərər çəkmiş insanların reabilitasiyası vacibdir. Bu zaman insan hüquqlarına riayət olunması, məhkəmələrin ədalətliliyinin təmin edilməsi çox əhəmiyyətlidir.
İnformasiya mübadiləsi çox vacibdir, məsələn, Çapo ləqəbli məşhur Meksikalı narkobaronun saxlanılması, ABŞ-a təhvil verilməsi və mühakiməsi zamanı bu, özünü göstərib, deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.
Narkotraffikə qarşı mübarizədə dünyada hüquq-mühafizə orqanlarının korrupsiyaya uğraması problem olaraq qalır, çünki dünyada illik narkotik dövriyyəsi 40 milyarddan 60 milyard dollara qədər təşkil edir.
Azərbaycana əsas narkotik axını İrandan gəlir, ABŞ bununla mübarizədə necə kömək edə bilər?
Bu suala cavab olaraq Riçard Glenn bildirib ki, yaxın əməkdaşlıq və informasiya mübadiləsi mühüm rol oynayır. Bu, Azərbaycanın və bütün digər istiqamətlərdən narkotrafikin qarşısını almasında daha təsirli olmasına imkan verəcək.
Fentinil bütün dünya üçün ciddi təhdiddir, onu istehsal etmək asandır və bazarı genişlənir. Çindən başqa, artıq Hindistanda da onu istehsal edirlər. Bu, sintetikadır və onun istehsalı üçün tiryək plantasiyalarına ehtiyac yoxdur. Bu kimyəvi preparatdan tibdə anesteziya üçün istifadə olunur, ona görə asanlıqla əldə olunur. Bir neçə modifikasiyası olan bu yeni narkotik növünə qarşı mübarizə üçün ciddi səy və əməkdaşlığa ehtiyac var. Həm də bir çox ölkələrdə onun nə olduğunu bilmirlər.
"Ümid edirəm ki, Azərbaycanda da hələlik ondan yoxdur", Riçard Glenn sonda bildirib.