ABŞ Dövlət katibinin Avrasiya Enerji Məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar bu gün Bakıda “Xəzər Neft və Qaz” konfransında Amerikanın Avrasiya regionunda enerji təhlükəsizliyində rolu ilə bağlı çıxış edib. Səfir Morninqstar çıxışında Amerikanın Avrasiya regionunda enerji təhlükəsizliyi, kəmərlər siyasəti, münasibətlər sistemini açıqlayıb. Çıxışda deyilir:
Faktiki olaraq, ötən il, dünya enerji bazarlarında gərgin hadisələrin baş verməsi ilə yadda qaldı. Maliyyə və iqtisadi böhranın nəticəsi olaraq, qlobal enerji sərfi azalmış, qiymətlər düşmüş və təbii qaz böyük həcmdə istehsal olunmuşdur. Bu vəziyyət, xüsusilə də təbii qaz ilə bağlı, bazarda həm yeni imkan, həm də yeni risklər yaradır. Təbii qazın qiymətinin aşağı olması, kömürdən alınan enerjinin qazdan alınan enerji ilə əvəz olunmasına gətirib çıxara bilər ki, bu da öz növbəsində birmənalı olaraq qaza olan tələbatı artıracaqdır. Eyni zamanda, təbii qazın cari aşağı qiyməti, neft və qaz şirkətlərini daha çox istehsala gətirib çıxaracaq layihə və investisiyaları gecikdirməsi ilə nəticələndi. İqtisadi artımın səviyyəsindən və bu gecikmələrin zamanından asılı olaraq, enerji bazarları enerji sərfiyyatı və yuxarı qiymətlərə doğru öz fəaliyyət istiqamətlərini dəyişə bilər. Biz bilməliyik ki, bu gün qəbul etdiyimiz qərarlar gələcək bazarlar üçün uzunmüddətli nəticələrə gətirib çıxaracaq?
Gələcəyə nəzər yetirdikcə aydın olur ki, dünya iqtisadiyyatı və bununla bərabər enerjiyə olan tələbat bərpa olunacaqdır. Bununla belə, inkişafın səviyyəsini və vəziyyətin yenidən bərpa olunmasını əvvəlcədən söyləmək bir qədər çətindir. Buna baxmayaraq, bəzi mühüm hadisələr ilə bağlı proqnozlar verə bilərik.
Birincisi, təbii qaz gələcəkdə mühüm yanacaq növü kimi qalmaqda davam edəcək. Dünyanın hazırda karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyi ilə bağlı məqsədlərə nail olması cəhdləri ilə əlaqədar, təmiz yanan qaza olan tələbatın artması gözlənilən haldır.
İkincisi, təbii qazın qlobal bazarı hazırda bir sıra dəyişikliklərə uğrayır və ABŞ bu prosesdə xüsusi rol oynayır.
ABŞ dünyanı şist qaz daxil olmaqla, ənənəvi olmayan qazın istehsalına yönəldir. Bu qazın hasil olunması ancaq yeni texnologiyaların tətbiqi nəticəsində iqtisadi cəhətdən sərfəli olur və danılmaz faktdır ki, bu yanacaq növü ABŞ-ın enerji tələbatının ödənilməsində böyük rola malikdir. Yeni şist qazın texnologiyası artıq Avropa və dünyanın digər hissələrində tətbiq olunmağa başlayıb. Avropada və dünyanın istənilən yerində şist qazın kəşf olunması bugünkü qaz bazarını əhəmiyyətli dərəcədə dəyişə bilər.
İstənilən halda, son iki ildə ABŞ-ın daxili qaz istehsalının artması ABŞ-ın bazarlarını hədəfə alan maye qaz satıcılarını Avropa daxil olmaqla, dünyanın digər yerlərində özlərinə sifarişçi axtarmağa vadar edib. Bu isə öz növbəsində, Avropadakı qazın qiymətinə təsir edib, bəzi qiymətlərin dəyişdirilməsi və uzunmüddətli qaz təchizatı müqavilələrinin tələblərinin yenidən baxılması ilə nəticələnib.
Maye qaz ümumi qaz bazarının təkcə 8%-ni təşkil etməklə, sərhədlərdən kənarda qaz ticarəti həcminin 39%-ni təşkil edir və surətlə artır. Maye qaz, şəffaf bazar qiymətləri və spot əsasında daşımaların mümkünlüyünü nəzərə alaraq, uzun qaz kəmərləri üçün əlverişli sayılır. Təbii olaraq, bu proses müasir mayeləşdirmə və reqazifikasiya müəssisələrinə böyük həcmdə investisiyalar yatırmağı tələb etsə də, Qətərdə, Əlcazairdə, Avstraliyada, Papua Yeni Qvineyada, Timor Lestedə və Nigeriyada maye qaz istehsalı artmaqda davam edir. Maye qaz qiymət baxımından rəqabət yaratmaqla, uzunmüddətli kontraktlar barədə yeni yolların axtarılmasını və təbii qaz üçün real bazarın inkişaf etdirilməsini təmin edəcəkdir.
Bütün bu bazar dəyişiklikləri bizim Avrasiya Enerji strategiyamızın hansı formada icra olunmasına birmənalı olaraq təsir edəcək, amma bununla belə, fundamental məqsədlərimizi dəyişməyəcək.
Amerikanın Avrasiya enerji strategiyası üçün əsas komponentlər bunlardır.
Birincisi, biz yeni neft və qaz ehtiyatlarını inkişaf etdirilməsini dəstəkləməklə bərabər, alternativ texnologiyalar daxil olmaqla, bütün enerji ehtiyatlarının istehsalının saxlanılmasına və enerji səmərəliliyini təmin edilməsinə çalışırıq.
İkincisi, biz Avropanın enerji təhlükəsizliyini təmin edilməsindəki məqsədi dəstəkləmək istəyirik. Əmtəə və xidmətləri nəzərə alaraq, Avropa İttifaqı və ABŞ dünyada ən böyük ikitərəfli ticarət və investisiya münasibətlərinə malikdir. Bu isə öz növbəsində onların iqtisadiyyatlarının bir-birindən asılı olmasının yüksək dərəcəsini göstərir. Biz, Avropa ilə kommersiya və iqtisadi fəaliyyətin bu səviyyədə saxlanılmasında maraqlıyıq. Avropa bizim bir sıra qlobal məsələlər üzrə tərəfdaşımızdır və buna görə də, iqtisadi cəhətdən enerji təhlükəsizliyi baxımından güclü Avropanın mövcudluğunda maraqlıyıq.
Üçüncüsü, biz Qafqaz və Mərkəzi Asiyadakı istehsalçı ölkələrin öz enerji ixraclarını diversifikasiya etmək cəhdlərini dəstəkləyirik və onlara özlərinin neft və qaz ehtiyatları üçün yeni bazarların tapılmasında kömək etməyə hazırıq.
Cənub Dəhlizi: Biz, Xəzər regionundan olan təbii qazı Avropaya gətirəcək yeni dəhlizi, yəni Cənub Dəhlizinin açılmasına güclü dəstək veririk. Bu dəhliz, Nabucco, İtaliya - Türkiyə - Yunanıstan və ehtimal olaraq, Trans -Adriatik qaz kəmərlərini özündə ehtiva edir. Bu layihələr qaz ehtiyatlarının diversifikasiyasına və Avropaya yeni təchizat marşrutlarını açmağa kömək edə bilər. Cənub Dəhlizi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün kommersiya cəhətdən sərfəli olmaqla, Avropa ilə qarşılıqlı maraqlar üzərində uzunmüddətli tərəfdaşlıq qurmağa imkanlar yaradır.
Cənub Dəhlizi, ondan bəhrələnəcək ölkələrin, qazın kommersiya şərtləri barədə razılığa gəlmədən reallığa çevrilə bilməz, çünki bu dəhliz üçün qaz yalnız müqavilə şərtləri əsasında ixrac oluna bilər. Bununla bağlı, biz Şahdəniz qazının alınması və tranziti ilə bağlı Türkiyə və Azərbaycan arasında keçirilən son danışıqlarda əldə olunan irəliləyişləri alqışlayırıq. Ümid edirik ki, hər iki tərəf yaxınlarda birgə razılığa gələcək. Bu isə bizi əmin edir ki, Cənub Dəhlizi konsepsiyası reallığa çevriləcək.
Cənub Dəhlizinə əlavə qaz təchizatı ilə bağlı deyə bilərəm ki, Türkmənistanın Prezidenti cənab Berdımuhammedov Türkmənistanın öz ixrac marşrutlarını diversifikasiya etmək cəhdlərinin bir hissəsi olaraq, Avropaya qaz ixracı ilə bağlı müsbət danışıb. Son qərarın Türkmənistan hökuməti tərəfindən veriləcəyini nəzərə alaraq, biz Türkmənistanın Cənub Dəhlizində iştirakını alqışlayarıq.
İraq da Cənub Dəhlizinə qaz ixrac etmək niyyətini bildirib. Amma hesab edirik ki, bu proses həmin ölkənin hərtərəfli enerji strategiyasının bir hissəsi olmalı və mərkəzi hökumət tərəfindən dəstəklənməlidir.
İran ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. İranın nüvə proqramı ilə bağlı beynəlxalq səviyyədə cəhdlərin davam etdirilməsi fonunda İran rəhbərliyinin mövcud yanaşmasını nəzərə alaraq, bu ölkəni Cənub Dəhlizində görmürük.
Avropa Enerji Təhlükəsizliyinə Dəstək: Qeyd etmək vacibdir ki, yeni boru kəmərləri Avropa enerji təhlükəsizliyinin yalnız bir hissəsidir. Təkcə boru kəmərləri Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün kifayət deyil. ABŞ, Avropanın özünün enerji təhlükəsizliyini artırmaqla bağlı təşəbbüslərini də dəstəkləyir. Bu təşəbbüslərə vahid enerji bazarının yaradılması, Avropa qaz və elektrik enerjisi şəbəkələrinin bir-birinə inteqrasiya edilməsi, maye qazın idxal imkanlarının artırılması və qaz anbarlarının ehtiyatlarının artırılması daxildir. Avropa İqtisadi Yenidənqurma Aktı bu təşəbbüslərə dörd milyard avro ayırıb və hesab edirik ki, bu təşəbbüslər Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün Cənub Dəhlizindən də vacib addımlardır. Avropa ilə tərəfdaşlığımızın başqa bir nümunəsi olaraq, 2009-cu ilin noyabrında ABŞ - Avropa İttifaqı Enerji Şurasını təsis etdik. Enerji Şurası bizim tərəfdən nazirlər səviyyəsində Dövlət katibi Klinton və Enerji katibi Çunun sədrliyi ilə qarşılıqlı maraq kəsb edən enerji məsələləri ətrafında dialoqumuzu gücləndirmək, enerji siyasətləri üzrə əməkdaşlığımızı genişləndirmək, habelə davamlı və təmiz enerji texnologiyaları üzrə tədqiqat sahəsində səylərimizi inkişaf etdirmək məqsədini güdür.
Rusiya: ABŞ üçün digər mühüm tərəfdaş Rusiyadır. Biz Rusiya ilə əməkdaşlıq etmək və enerji məsələləri üzrə konstruktiv dialoq qurmaq niyyətindəyik. Rusiya əsas enerji istehsalçısı olmaqla, regionda çox vacib mövqeyə malikdir və malik olmaqda davam edəcəkdir. Rusiya ilə sıx əməkdaşlıq etməli və razılığa gələ biləcəyimiz sahələr üzrə birgə işləməliyik. Biz bu prinsiplər üzərində əməkdaşlıq qurmaq niyyətindəyik. Bu prinsiplər Sankt-Peterburqda keçirilən Böyük Səkkizliyin Sammitində vurğulanmışdır. Rusiya ilə əməkdaşlığı artırmaq məqsədilə, Ağ Ev keçən il enerji məsələləri daxil olmaqla, müxtəlif məsələləri özündə ehtiva edən yeni ABŞ-Rusiya İkitərəfli Prezidentlərarası Komissiyasını təsis etmişdir. Keçən həftə biz İkitərəfli Prezidentlərarası Komissiyası nəzdində Enerji Təhlükəsizliyi üzrə Altqrupun ilk iclasını keçirdik.
Mərkəzi və Şərqi Avropa ölkələri: Mən həmçinin Baltikyanı ölkələr daxil olmaqla, ABŞ üçün mühüm tərəfdaş sayılan Mərkəzi və Şərqi Avropa ölkələri barədə də bir neçə söz demək istərdim. Bu ölkələr özlərini enerji cəhətdən daha da təhlükəsiz etmək məqsədilə öz strategiyalarını inkişaf elətdirməlidirlər. Onların regional səviyyədə bu məqsədlərə nail olmaq cəhdləri və interkonnektorlar, qaz anbarları , maye qaz terminalları, habelə müxtəlif boru layihələri kimi mühüm infrastruktur layihələrinə lazımi dəstək almaq üçün nümayiş etdirdikləri birgə cəhdlər vacib amildir. Bu ölkələr birgə işləməli və bu məqsədlərə nail olmaqda bir-birilərindən öyrənməlidirlər.
Neft: Biz qarşıdan gələn illər ərzində Qazaxıstanda istehsal olunacaq böyük həcmdəki neftin ixracı üçün yeni marşrutların müəyyən edilməsini dəstəkləyirik. Bu yaxınlarda Xəzər Boru Kəməri Konsorsiumunun genişləndirilməsi ilə bağlı əldə olunan irəliləyişi alqışlayırıq və Kazaxıstan - Azərbaycan - Xəzər Dənizi Nəqliyyat Sistemi vasitəsilə Xəzər neftinin dünya bazarlarına ixracı məqsədilə Qazaxıstan hökuməti və investorlarla birgə çalışmağı səbirsizliklə gözləyirik.
Sonda qeyd etmək istərdim ki, Avropa enerji strategiyasının həyata keçirilməsi üçün başlıca amil, əməkdaşlıqdır. Mən, ABŞ-ın bu proses çərçivəsində, Avropa enerji təhlükəsizliyinin təmin edilməsini və Xəzər neft və qaz ehtiyatlarının inkişaf etdirilməsini yönləndirən tərəf deyil, dəstək verən tərəf kimi cəlb olunduğunu vurğulamaq istərdim. Bizim işimiz dinləmək, birgə maraq və prioritetləri müəyyən etmək və mümkün olan yerdə dəstək rolunu oynamaqdır. Bunları etməklə, qlobal neft və qaz istehsalının artırılması, Avropadakı müttəfiqlərimizə daha təhlükəsiz enerji təchizatları təmin edilməsi, habelə Qafqaz və Mərkəzi Asiya regionunda suverenlik və müstəqilliyin dəstəklənməsində ABŞ-ın maraqlarını təmin edirik.