Accessibility links

Roma Papasının keçmiş müşaviri pedofiliya ittihamı ilə həbsə məhkum edilib


Yüksək rütbəli Vatikan rəsmisi, Avstraliya Kardinalı Corc Pell seksual təcavüzdə ittiham olunaraq altı il həbsə məhkum olunub.

Vatikanda sabiq maliyyə direktoru və Roma Papası Fransisin məsləhətçisi olmuş Pell 1996-cı ildə Melbrundakı Müqəddəs Patrik kilsəsində arxiyepiskop işləyərkən xorda oxuyan iki oğlanın cinsi istismarında təqsirli bilinib.

Avstraliyanın Viktoriya ştatının dairə məhkəməsinin hakimi Piter Kidd çərşənbə günü ittihamı oxuyarkən Pelin təcavüzünün qurbanlarının "bu cinayət nəticəsində ciddi sarsıntı keçirdiyini" deyib.

Münsiflər məhkəməsi 77 yaşlı Peli dekabr ayında günahkar tanıyıb. Lakin qərar hakim tərəfindən müəyyən edilmiş ciddi qaydada möhür altında saxlanılıb. Kardinalın hüquqşünasları məhkəmə qərarından appelyasiya verməyi planlaşdırır.

Məhkəmədə Pelə qarşı hələ gənc ikən yaşadığı Ballarat şəhərində keşiş olduğu zaman uşaqlara qarşı seksual təcavüz ittihamları da irəli sürülüb, lakin prokurorlar bu ittihamları geri götürüb.

Kardinal Pelə hökmün çıxarlıması Roma Papası Fransisin Vatikanda otuz ildən artıqdır katolik kilsəsində baş verən uşaqlara qarşı cinsi təcavüzlə əlaqədar qlobal qalmaqalın ünvanlanması məqsədilə keçirdiyi üç günlük konfransdan sonraya təsadüf edib. Pontiff seksual təcavüzə qarşı mübarizə aparacağına söz verib və pedofiliyaya yol verən günahkar rahibləri "şeytanın aləti" adlandırıb.

XS
SM
MD
LG