Accessibility links

Rusiya Şimali Koreya məsələsində ABŞ-la əməkdaşlıq etmədiyini bildirib


Kremlin sözcüsü Dmitri Peskovun Rusiyanın RIA xəbər agentliyinə Rusiyanın hazırda Şimali Koreya danışıqlarında Birləşmiş Ştatlarla əməkdaşlıq etmədiyini dediyi bildirilir.

“Hələ ki, heç bir əməkdaşlıq yoxdur. Sadəcə vaxtaşırı fikir mübadiləsi aparırıq,” deyə Peskov bildirib. O, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın gələn həftə Asiya iqtisadi forumunda görüşəcəklərinin mümkün olduğunu deyib.

Peskov deyib ki, əgər iki lider görüşsə, onların Şimali Koreya məsələsini müzakirə edəcəyi “ehtimalı çox yüksəkdir”.

Tramp və Putin Filippində Şərqi Asiya Sammitində, bundan əlavə isə Cənub-şərqi Asiya Dövlətləri Assosiasiyasında iştirak edəcək.

Trampın səfərindən öncə, iki süpersonik təyyarə Şimali Koreyaya qarşı güc nümayişi olaraq Koreya Yarımadası üzərində bombalama təlimi həyata keçirib. Cümə axşamı B-1B bombardmançıları iki Cənubi Koreya döyüş təyyarələrinin müşayiəti altında havaya qaldırılıb.

Şimali Koreyanın dövlət televiziyası təlimi qınayaraq, “gözlənilməz nüvə zərbəsi məşğələsi” adlandırıb və qanqsterə bənzər ABŞ imperialistlərinin nüvə müharibəsi başlatmağa çalışdığını deyib.

Koreya yarımadasında gərginlik Şimali Koreyanın son aylarda ABŞ ərazisinə çatacaq nüvə bombaları və raketləri sınaqdan keçirməsindən və Yaponiya üzərindən bir neçə raket atmasından sonra artıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG