ABŞ prezidenti Barak Obama karyera diplomatı Con Teffti ABŞ-ın Rusiyada yeni səfiri postuna namizəd göstərib. Şərqi Avropa üzrə ekspert olan Tefft Səfir keçmiş Sovet İttfaqı ölkələrində də böyük iş təcrübəsinə malikdir. O, prezident Obamanın hakimiyyətinin birinci dönəmində ABŞ-ın Ukraynada səfiri, bundan əvvəl isə prezident Corc Buş dövrü Amerikanın Gürcüstanda səfiri olub.
Con Frensis Tefft Amerika Birləşmiş Ştatlarını Moskva ilə münasibətlərin gərgin olduğu dövrdə Rusiyada təmsil etmək üçün ən yüksək təcrübəyə malik diplomatlardan biri hesab edilir.
Rəsmi Moskva iyulun 9-da Tefftin ABŞ-ın Rusiyada səfir postuna namizədliyi ilə bağlı razılığını bildirib.
Con Frensis Tefftin vəzifəsini icrasına başlaması üçün onun namizədliyi Senat tərəfindən təsdiq edilməlidir.
Səfir postuna təsdiq edilsə, Tefft ABŞ-ın Rusiyada səfiri olmuş Maykl Makfolu əvəz edəcək. Səfir Makfol iki il ABŞ-ın Rusiyadakı diplolmatik nümayəndəliyinə başçılıq etdikdən sonra bu ilin fevral ayında vəzifəsindən istefa vermişdir.