Avqustun 1-nə qədər Rusiya-Azərbaycan sərhədindəki çadır düşərgəsinin ləğv ediləcəyi barədə vədlər verilsə də, bu, baş verməyib. Hazırda sərhəddə bir neçə yüz azərbaycanlı var və azərbaycanlıların sərhədə toplaşması davam etməkdədir.
Rusiya hakimiyyəti Dağıstan-Azərbaycan sərhədində sahə düşərgəsini bir ay da saxlayacağı barədə məlumat verib.
Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Rusiya prezidenti Vladimir Putinlə videokonfrans zamanı bildirib ki, həftədə 250 vətəndaşı Azərbaycana buraxmaqla problemi həll etmək mümkün deyil.
İyunun 15-də Rusiyanın Azərbaycanla sərhəddə yerləşən Kullar qəsəbəsində toplaşan Azərbaycan vətəndaşlarının etiraz aksiyasına Rusiya polisinin müdaxiləsi zamanı baş verən qarşıdurmadan sonra həbs edilənlərin işi üzrə istintaqa gəlincə, cinayət məsuliyyətinə cəlb edilən 10 nəfər Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxarılacaq. Onlar polisə müqavimət göstərməkdə və əmlaka ziyan vurmaqda ittiham olunurlar. Ziyanın ümumi ölçüsü 1 milyon 400 min rubl (19 270 ABŞ dolları) olaraq qiymətləndirilib və diasporanın ianələri sayəsində ziyan ödənilib. Həbs edilənlər Dərbənd təcridxanasında saxlanılır.
COVİD-19 pandemiyası ilə bağlı Rusiya-Azərbaycan sərhədi mart ayından bağlıdır. Yalnız xüsusi reyslərlə sərhəddən insanları buraxırlar.
Rusiyada nə qədər Azərbaycan vətəndaşının yaşadığı barədə rəsmi statistika aparılmır. Qeyri-rəsmi məlumatlara görə, hazırda bu ölkədə yüz minlərlə əmək miqrantı olan Azərbaycan vətəndaşı var.
Afiq Allahverdiyev: Hazırda Rusiya-Azərbaycan sərhədində 600-dən çox Azərbaycan vətəndaşı toplaşıb
Rusiya Azərbaycanlıları Regional Mədəni Muxtariyyətinin sədr müavini Afiq Allahverdiyev avqustun 4-də Amerikanın Səsinə müsahibəsində bildirib ki, hazırda Rusiyanın Dağıstan Respublikasının Azərbaycanla sərhəddə yerləşən Kullar qəsəbəsinin yaxınlığındakı çadır düşərgəsində ölkəsinə qayıtmasını gözləyən 600-dən çox Azərbaycan vətəndaşı var.
Allahverdiyev bildirib ki, sərhədə toplaşan Azərbaycan vətəndaşlarının 500 nəfərə yaxını Rusiya və Azərbaycan hökumətləri tərəfindən salınmış çadır düşərgəsində qalır. Qalanları isə sahibsiz və qəza vəziyyətində olan tikililərdə yerləşib.
“Hazırda həftədə 250 nəfər vətəndaş Azərbaycana keçirilir. 15 iyun hadisələrindən sonra bir neçə həftə 400 nəfərə qədər insan sərhədi keçə bilirdi. Sonra yenidən həftədə 250 nəfərin sərhədi keçməsinə icazə verirlər,” o qeyd edib.
Onun sözlərinə görə, sərhəddə qalan Azərbyacan vətəndaşlarının ərzaqla təminatı yaxşıdır. Amma problemlər də var.
“Azərbaycan Fövqəladə Hallar Nazirliyi insanları gündə üç dəfə yeməklə təmin edir. Sadəcə olaraq problem, siqaret, xəstə insanların dərmanla təminatı və içməli su ilə bağlıdır. Hava çox isti olduğundan sərin suya ehtiyac duyulur.”
Sədr müavini sərhəddə qalan Azərbaycan vətəndaşlarının sayının azalmamasını axının olması ilə izah edib.
Amma elə insanlar var ki, xəbərsiz olaraq gedirlər, elə insanlar da var ki, Rusiyada artıq yaşamaq imkanları yoxdur. Çox insanlar isə xəstələnənlərdir. Bəziləri mülaicəyə gəlib, bəziləri Rusiyada xəstələnib. Çünki Rusiyada vətəndaşlığı olmayanların pulsuz müalicəsi çətindir, xəstəxanalar qəbul etmir.
“Sadəcə sərhədə insan axını var. Hələ bizim təşkilatlar Azərbaycan vətəndaşlarının sərhədə üz tutmaması üçün izahatlar aparır. Amma elə insanlar var ki, xəbərsiz olaraq gedirlər, elə insanlar da var ki, Rusiyada artıq yaşamaq imkanları yoxdur. Çox insanlar isə xəstələnənlərdir. Bəziləri mülaicəyə gəlib, bəziləri Rusiyada xəstələnib. Çünki Rusiyada vətəndaşlığı olmayanların pulsuz müalicəsi çətindir, xəstəxanalar qəbul etmir. Ona görə, gedib Azərbaycanda müalicə olunmaq istəyirlər.”
Kullar qəsəbəsində iyunun 15-də Azərbaycan vətəndaşları ilə Rusiya polis qüvvələri arasında qarşıdurma olub. Allahverdiyev bildirib ki, həmin hadisələrdən sonra 93 nəfər saxlanılıb.
“Onlardan 83 nəfəri 10 günlük inzibati həbs edilib və ya cərimə olunub. Hazıda 10 nəfər həbsdədir. Həbsdə olanlar demək olar ki, tamamilə təqsirsiz insanlardır. Onların əksəriyyəti rus dilində bilmir. İçərilərində elə adam var ki, nitqi qüsurludur. Nəinki Rus dilində, heç Azərbaycan dilində də firkini ifadə edə bilmir. Mən əminəm ki, saxlanılanlardan 9 nəfəri hadisələrdə iştirak etməyib. Onları sadəcə çadırdan aparıblar. Onlar dil bilmədiyinə görə, özlərini müdafiə edə bilmirlər.”
Sədr müavinin dediyinə görə, həbsdə olanların hüquqlarını 4 vəkil müdafiə edir. Vəkillərdən ikisini diaspor təşkilatı tutub, iki vəkili isə həbsdə olanların valideynləri tutub.
Onun sözlərinə görə, avqustun 8-də həbsdə saxlanılan Elmar Mehdiyevin məhkəməsi olacaq.
“Vəkil Elmar Mehdiyevə məhkəmədə bəraət ala bilsə digər həbs olunanlara da şamil olunacaq,” o qeyd edib.
Yusif Mehdiyev: Azərbaycan hökuməti tərəfindən yardım olmayıb
Azərbaycanın İmişli rayonundan olan Elmar Mehdiyevin qardaşı Yusif Mehdiyev Amerikanın Səsinə müsahibəsində deyib ki, Dağıstanda həbsdə olan qardaşı ilə iki dəfə telefonla danışıb.
Elmar dedi ki, heç bir günahı yoxdur. Çadırda yatdığı yerdə tutub aparıblar.
“Elmar dedi ki, heç bir günahı yoxdur. Çadırda yatdığı yerdə tutub aparıblar. 15 iyun hadisəsindən 10-15 gün sonra vəkil tutduq. Vəkilimiz Murad Vəlixanovdur. O deyir ki, Elmar dil bilmədiyinə görə anlaşılmazlıq olub. İndi sənədlər hazırlayıb məhkəməyə təqdim edib. Azərbaycan hökuməti tərəfindən isə heç bir yardım olmayıb. Mən dəfələrlə Xarici İşlər Nazirliyinə zəng vurmuşam, heç bir cavab ala bilməmişəm. Elə olur ki, telefonu söndürürlər. Hətta Nazirlər Kabinetinə də zəng vurmuşam. Xarici İşlər Nazirliyindən bircə dəfə mənə dedilər ki, bizi o işlər maraqlandırmır,” o qeyd edib.
Sevda Namazova: Qardaşım arıqlayıb, pis günə düşüb
Kullar hadisələrindən sonra saxlanılan Tovuz rayonunun Ağdam kəndinin sakini Ceyhun Namazovun bacısı Sevda Namazova Amerikanın Səsinə deyib ki, qardaşı zorakılıq hərəkətlərində iştirak etməyib.
Zorla sənədlərə qol çəkdiriblər. Bundan sonra deyiblər ki, qardaşım hadisələrdə iştirakını imzası ilə təsdiq edib. Onu sərbəst buraxmayıblıar.
“Bir polisə yaxınlaşıb deyib ki, ara qarışıb mən harada durum. Polis deyib ki, get çadıra sənə heç kim heç nə deməyəcək. O, çadıra gedib və sonra polislər gəlib çadırda olan insanların hamısını saxlayıb. Sonra deyiblər sənədlərə qol çək səni tez sərbəst buraxacağıq. Zorla sənədlərə qol çəkdiriblər. Bundan sonra deyiblər ki, qardaşım hadisələrdə iştirakını imzası ilə təsdiq edib. Onu sərbəst buraxmayıblar. İndi vəkil təyin ediblər. Vəkil sənədlər istədi, biz də dediyi sənədləri toplayıb göndərdik,” o qeyd edib.
Sevda Namazova qardaşının saxlanılma şəraitindən də narazıdır.
“Bir neçə gün əvvəl danışdıq. Arıqlayıb, pis günə düşüb,” o bildirib.
Avtandil Məmmədli: Dövlət müdaxilə etməlidir
Hüquq müdafiəçisi Avtandil Məmmədli hesab edir ki, həbs edilənlərə qarşı fiziki təzyiq yalnız saxlanıldıqları gün olub. Azərbaycan vətəndaşları 8 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər.
Onun fikrincə, vəkillər yalnız təqsirləndirilən şəxslərin cəza müddətini azalda bilər. Buna görə dövlət də müdaxilə etməlidir.
Emin Hüseynov: Azərbaycandan olan 700 minədək miqrantın 20 faizi iş yerlərini itirib
Hüquq müdafiəçisi Emin Hüseynov Rusiya-Azərbaycan sərhədində qalan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi məqsədi ilə kampaniyaya başlayıb.
Azərbaycanın xahişi ilə Rusiya qanunsuz olaraq minlərlə Azərbaycan vətəndaşını saxlayır və onları hətta Azərbaycanla sərhəd olan neytral əraziyə buraxmır.
Onun Azərbaycan və Rusiya prezidentlərinə, BMT Baş katibinə, Avropa İttifaqı, Avropa Şurası rəhbərlərinə, insan hüquqları təşkilatlarına ünvavanladığı müraciətdə deyilir ki, Rusiya ilə Azərbaycanın quru sərhədində humanitar böhran yaranıb, koronavirus pandemiyası səbəbindən Rusiyada işlərini itirmiş və vətənlərinə qayıtmaq arzusunda olan minlərlə azərbaycanlı əmək miqrantı çətin vəziyyətə düşüb – onları sadəcə olaraq öz ölkələrinə buraxmırlar. Onlara təcili olaraq sizin köməyiniz lazımdır.
“Azərbaycan vətəndaşları öz səyləri hesabına, dövlətdən nəqliyyat təxliyəsi istəmədən ölkələrinin sərhəddinə çatıblar, lakin Azərbaycan hakimiyyəti xüsusi karantin rejiminin olduğunu əsas gətirərək onları ölkəyə buraxmaqdan imtina edir.
Azərbaycanın xahişi ilə Rusiya qanunsuz olaraq minlərlə Azərbaycan vətəndaşını saxlayır və onları hətta Azərbaycanla sərhəd olan neytral əraziyə buraxmır.
Hazırda Rusiyada Azərbaycandan olan 700 minə yaxın əmək miqrantı rəsmi qeydiyyatdadır, onların 20 faizi iş yerlərini itirib və koronavirus pandemiyasının başa çatmasını gözləmək üçün Azərbaycandakı evlərinə qayıtmaq istəyir,” hüquq müdafiəçisi qeyd edib.