Accessibility links

Bəşər Əsədlə görüşən Putin Suriyadakı ABŞ və Türkiyə qüvvələrini tənqid edib


Bəşər Əsədlə və Vladimir Putin
Bəşər Əsədlə və Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin 2018-ci ildən bəri ilk dəfə bazar ertəsi suriyalı həmkarı Bəşər Əsədi qəbul edib və ABŞ və Türkiyəni nəzərdə tutaraq, Suriyada icazəsiz və ya BMT mandatı olmadan fəaliyyət göstərən xarici qüvvələri tənqid edib.

Putin Əsədin on ildir davam edən Suriya münaqişəsindəki ən güclü müttəfiqidir. 2015-ci ildə Rusiya Hərbi Hava Qüvvələrini ölkəyə yerləşdirməsi Əsədin xeyrinə oldu və bu ona üsyançıların ələ keçirdiyi ərazilərin böyük hissəsini geri qaytarmağa imkan verdi.

Buna baxmayaraq, ölkənin şimal və şimal-qərb bölgələrinin böyük hissəsində olan Türkiyə ordusu Əsəd əleyhinə olan üsyançıların son böyük istehkamını saxlamağa yardım edir, ABŞ isə ölkənin şərq və şimal-şərqində bəzi yerləri nəzarətdə saxlayan kürdlərin başçılıq etdiyi silahlı dəstələri dəstəkləyir.

Münaqişə zamanı İrandan da kömək alan Əsəd müharibə 2011-ci ildə başlayandan bəri xaricə çox az səfər edib.

Putin Əsədə bildirib ki, Suriyadakı əsas problem xarici qüvvələrin bu ölkədə BMT mandatı olmadan və ya icazəsiz qalmasıdır və bu Kremlin çərşənbə axşamı bildirdiyi kimi "açıq şəkildə beynəlxalq hüquqa ziddir".

"Bu, ölkəni möhkəmləndirmək üçün əlinizdən gələni etmək qabiliyyətinizə xələl gətirir. Qanuni hökumət bütün ölkəni nəzarət altına alsaydı ölkəni sürətlə gücləndirmək və bərpa etməyi təşviq etmək mümkün olardı" - deyə, Putin bildirib.

Suriya hökuməti ABŞ və Türkiyə qüvvələrini işğalçı olaraq görür. Rusiya qüvvələri və İranın dəstəklədiyi yarı-hərbi qüvvələrin isə dövlətin dəvəti ilə orada olduğunu bildirir.

Bazar ertəsi Əsədlə görüş Putinin çərşənbə axşamı yaxın ətrafındakı bir neçə nəfərin COVID-19-a yoluxmasından sonra tədbir olaraq özünü təcrid etdiyini elan etməsindən əvvəl keçirdiyi son görüş olub.

XS
SM
MD
LG