Accessibility links

Rusiyada baş verən neft sızması Putinin tənqidinə səbəb olub


Rusiyanın Şimal Buzlu Okean hövzəsində bir həftə öncə baş verən neft sızması ölkə prezidentinin fövqəladə vəziyyət elan etməsi və hökümətin ərazidə təmizlik və bərpa işlərinin aparılması üçün tədbirlər görməsi ilə nəticələnib.

Rəsmilərin sözlərinə görə, mayın 29-da Sibirdə Ambarnaya Çayına neft çənindən təxminən 20 min ton dizel yanacağı sızıb.

Çən Nornikel şirkətinin tərəfdaşı tərəfindən idarə olunan sənaye zavodunda yerləşir. Nornikel dünyanın ən böyük palladium istehsalçısı və ən böyük nikel, platin və mis istehsalçılarından biridir.

Şirkət rəsmisinin dediyinə görə, insidentə “anormal dərəcədə mülayim temperaturun çənin aşağısındakı permafrostun əriməsinə və quruluşun çökməsinə səbəb olması” gətirib çıxarıb. Hökümət insidentlə bağlı təhqiqat aparır. Fransanın AFP xəbər agentliyi neft sızmasının qarşısının artıq alındığını bildirir.

Sızma barədə ilk məlumatı zavodun işçiləri insidentdən iki gün sonra veriblər. Bu isə Rusiya prezidenti Vladimir Putinin tənqidlərinə səbəb olub.

“Nə üçün hökümət idarələri bu barədə iki gün sonra məlumatlandırılıblar?”- Putin çərşənbə günü televiziya çıxışı zamanı sual edib. “Bundan sonra biz fövqəladə vəziyyətlər barədə xəbərləri sosial mediadan alacağıq?" o, əlavə edib.

Rusiya prezidenti daha sonra neft sızmasını nəzarət altına almaq üçün fövqəladə vəziyyət elan edib.

Rusiya Fövqəladə Hal Nazirliyinin Sibirdəki qolu və Rusiyanın Dəniz və Çay Nəqliyyat Agentliyi daxil olmaqla bir neçə dövlət idarəsi təmizlik işlərində iştirak edir.

Nornikel şirkətinin milyarder prezidenti Vladimir Potanin 146 milyon dollar olacağı təxmin edilən xərcləri şirkətin ödəyəcəyini bildirib.

Rusiya Federasiyasının İstintaq Komitəsi ictimaiyyətə neft sızması ilə bağlı gec xəbərdarlıq verən insanları sorğu-sual edir.

XS
SM
MD
LG