Accessibility links

ABŞ-ın Rusiyadakı səfiri Moskvada həbsdə olan Evan Gerşkoviçə baş çəkib


Wall Street Journal-ın müxbiri Evan Gerşkoviç
Wall Street Journal-ın müxbiri Evan Gerşkoviç

ABŞ-ın Moskvadakı səfirliyi cümə günü bildirib ki, səfir Linn Treysi Rusiyada casusluq ittihamı ilə həbs edilən ABŞ vətəndaşı, Wall Street Journal-ın müxbiri Evan Gerşkoviçə baş çəkib.

Gerşkoviç martın sonunda Rusiyanın Yekaterinburq şəhərində ezamiyyətdə olarkən həbs edilib. O, Sovet dövründən sonra Rusiyada casusluq ittihamı ilə saxlanılan ilk Qərb müxbiridir.

"O, nikbinliyini qoruyur və ailəsinə, dostlarına və 250 gündən çox müddət ərzində onun ağır vəziyyətini izləyən hər kəsə dəstəyə görə təşəkkür edir" - deyə, səfirlik sosial mediada bildirib.

Treysinin həbsxanaya səfəri Moskva məhkəməsinin 32 yaşlı Gerşkoviçin azı yanvarın 30-na təyin edilmiş məhkəməsinə qədər həbsdə saxlanılmasına dair qərarı təsdiqlədikdən bir gün sonra baş verib.

Rusiya prezidenti Vladimir Putin isə cümə axşamı Kremlin mart ayından bəri siyasi motivli hesab edilən casusluq ittihamı ilə Rusiyada həbsdə olan amerikalı jurnalist Evan Gerşkoviçin geri qaytarılması ilə bağlı "razılıq əldə etmək" istədiyini bildirib.

Putin cümə axşamı keçirdiyi mətbuat konfransında Gerşkoviç və Rusiyada casusluq ittihamı ilə həbs edilən digər amerikalı Pol Uilanı nəzərdə tutaraq, "Məsələ onları geri qaytarmaqdan imtina etməyimizdə deyil" deyib.

"Biz razılığa gəlmək istəyirik və bu razılaşmalar qarşılıqlı şəkildə məqbul və hər iki tərəfə uyğun olmalıdır. Bizim amerikalı tərəfdaşlarımızla bu istimaqətdə təmaslarımız var və dialoq davam edir" - deyə, Putin bildirib.

Rusiya prezidenti The Wall Street Journal-ın Rusiya üzrə müxbiri olan Gerşkoviç haqqında ilk dəfə açıq şəkildə danışıb.

Putin "Bu, asan deyil. Mən təfərrüatlara varmayacağam, amma ümumiyyətlə, mənə elə gəlir ki, biz hər iki tərəfin başa düşdüyü dildə danışırıq. Ümid edirəm ki, bir həll yolu tapacağıq" - deyə, davam edib.

Gerşkoviç martın sonlarında casusluq ittihamı ilə həbs edilib. Onun işlədiyi təşkilat və ABŞ hökuməti bunu qəti şəkildə rədd edir. Dövlət Departamenti onun haqsız yerə həbs edildiyini bəyan edib.

"Biz bu nəticəni gözləsək də, bu ittihamın absurdluğunu göstərmək üçün bu hökmlərlə bağlı apellyasiya şikayəti verməliyik. İvan sadəcə jurnalist kimi öz işini yerinə yetirdiyinə görə 250 gündən çox qanunsuz olaraq həbs edilib və bunun əksini göstərən hər hansı təsvir uydurmadır" jurnalın bəyanatında deyilib.

Gerşkoviçin günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.

Gerşkoviç hazırda Rusiyada həbsdə olan iki amerikalı jurnalistdən biridir. Azad Avropa Radiosu/Azadlıq Radiosunun redaktoru Alsu Kurmasheva "xarici agent" kimi qeydiyyatdan keçməməkdə ittiham edilərək, oktyabr ayında həbs edilib.

Bu həftənin əvvəlində Rusiya hakimiyyəti ikili ABŞ-Rusiya vətəndaşı olan Kurmaşevanı həmçinin Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda ittiham edib.

Dövlət Departamentinin sözçüsü çərşənbə günü "Rəsmi bildiriş verməsələr də, bizə onun saxlandığını etiraf etdilər" deyib.

ABŞ Dövlət Departamenti Putinin sözlərinə cavab olaraq, Rusiyanın Gerşkoviç və amerikalı dəniz piyadası Pol Uilanın azadlığa buraxılması ilə bağlı ABŞ-ın bütün təkliflərini indiyədək rədd etdiyinə dair bəyanat yayıb. Dövlət Departamenti Putini xoş niyyətlə danışıqlar aparmağa çağırıb.

Forum

XS
SM
MD
LG