Accessibility links

Rusiyalı qanunvericilər Putinin ölkədən kənarda hərbi güc tətbiq etmək haqda müraciətini təsdiqləyib


Rusiya parlamentinin yuxarı palatası prezident Vladimir Putinin ölkədən kənarda hərbi gücün tətbiq edilməsinə dair müraciətinin təmin edilməsinə yekdilliklə səs verib. Bu addım Qərb ölkələri ilə Ukrayna ətrafında yaranmış gərginliyi daha da artırır.

Putin fevralın 22-də Federasiya Şurasına məktub göndərərək, Rusiyanın dəstəklədiyi separatçıların müstəqilliklərinin tanınmasından bir gün sonra Ukraynanın şərqində onların nəzarətində olan bölgələrə hərbi qüvvələrin yerləşdirilməsini rəsmiləşdirməyi istəyib.

"Silahlı qüvvələrin xaricdə istifadəsinə icazə verməklə, onların sülhməramlı qüvvələr - (Ukraynanın şərqində özünü müstəqil elan etmiş)respublikalarda sülh və sabitliyi qorumaq üçün nəzərdə tutulmuş qüvvələr olacağından çıxış edirik", səsvermədən əvvəl yuxarı palatanın spikeri Valentina Matvienko bildirib.

Putin bir gün əvvəl demişdi ki, Ukrayna NATO-ya üzv olmaq ambisiyasından əl çəksə və Qərb ölkələri bu ölkəyə silah göndərişini dayandırsa, mövcud böhran bitə bilər. Mətbuat konfransında danışan Putin həmçinin Ukraynanın şərqində münaqişəyə son qoymaq məqsədi daşıyan Minsk razılaşması kimi tanınan Ukrayna sülh sazişinin “artıq mövcud olmadığını” deyib və Kyivi onu məhv etməkdə ittiham edib.

Hazırda Ukrayna ordusu təmas xəttinin onun tərəfindəki ərazinin təxminən üçdə ikisinə, o cümlədən Azov dənizinin mühüm limanı olan Mariopola nəzarət edir. Hər iki vilayətin paytaxtı Donetsk və Luqansk da daxil olmaqla, ərazinin qalan üçdə biri isə separatçıların nəzarətindədir.

Bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bildirib ki, Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə planını dayandırmayıb.

“Hər şey Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu planlaşdırmağa davam etdiyini göstərir. Biz Rusiyanı geri çəkilməyə çağırmağa davam edirik...hücum etməmək üçün heç vaxt gec deyil” - deyə, Stoltenberq bildirib.

Ağ Ev isə Rusiya qoşunlarının Ukraynanın şərqinə yerləşdirilməsini “işğal” adlandıraraq, ABŞ-ın Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməsi ilə nəticələnəcək qırmızı xəttin keçdiyinə diqqət çəkib.

“Biz hesab edirik ki, bu, bəli hərbi müdaxilənin başlanğıcıdır, Rusiyanın Ukraynaya yeni müdaxiləsidir. Hərbi təcavüz hər bir halda təcavüzdür və hazırda davam edən də məhz budur", Milli təhlükəsizlik müşavirinin baş müavini Con Finer bildirib.

XS
SM
MD
LG