Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayətinə baxılması başa çatıb və şikayət təmin edilməyib.
Şikayət fevralın 22-də Günel Həsənli 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı avtomobillə vurmaqda təqsirli bilib, onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə il yarım müddətinə azadlıqdan məhrum edən birinci instansiya məhkəməsinin qərarından verilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qərarın icrası birinci instansiya məhkəməsinə və daha sonra Penitensiar Xidmətə göndəriləcək.
Müdafiə tərəfi qərarı qanunsuz hesab edir və Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
Cəmil Həsənli məhkəmənin qərarını qərəzli və siyasi adlandlırıb. "Bu qərar mənim siyasi fəaliyyətimlə bağlıdır. Günelin hər hansı günahı yoxdur", o qeyd edib.