Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunları barədə bəyanat yayıb


ATƏT-in Minsk qrupunun həmsədrləri (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andriu (Fransa) və ATƏT -in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 23-25-də regiona səfərlərinin yekununa dair bəyanat yayıb.

Sənəddə deyilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri və Dağlıq Qarabağın "de-fakto" hakimiyyəti ilə görüşlər keçiriblər.

Səfərin məqsədi bu ilin aprelində baş verən toqquşmadan sonra vəziyyəti müzakirə etmək, habelə danışıqlar prosesində mövqeləri dəqiqləşdirmək olub.

Bəyanatda həmsədrlərin ATƏT xarici işlər nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşərək, ilk imkandaca prezidentlərin görüşünün təşkil olunması məsələsini müzakirə edəcəkləri bildirilir.

Görüşlərdə tərəflər yerlərdə vəziyyətin nisbətən sakit olduğunu təsdiqləyiblər. Həmsədrlər qeyd ediblər ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir. Bundan başqa, vasitəçilər Vyana və Sankt-Peterburqda qəbul olunmuş qərarların tam həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.

Vasitəçilər davamlı sülh naminə danışıqların irəliləməsi üçün işgüzar təklifləri də müzakirə ediblər. Prezidentlər isə nizamlanma prosesinin irəliyə aparılması ilə bağlı öz mövqelərini bildiriblər.

Dövlət başçıları ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair razılaşmanı bir daha təsdiqləyiblər, bununla bağlı detalların müzakirəsi davam edir.

Bəyanatda o da vurğulanır ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər zamanı həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də görüş keçirib, itkin düşmüş insanlar barədə məlumat mübadiləsi və həmsədrlərin rəsmi şəxslərlə yüksək səviyyədə keçirdikləri görüşlərdə dəstəklədikləri humanitar tədbirlər sahəsində gördükləri işləri müzakirə ediblər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətinə keçib.

1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb.

XS
SM
MD
LG