Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin keçmiş üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində Azərbnaycanın AŞPA-da qeyri-leqal lobbiçilik fəaliyyətindən danışıb.
Amerikanın Səsi: Avropa Sabitlik Təşəbbüsü (European Stability Initiative) "Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırma dərc edib. Araşdırmada Azərbaycan parlamentinin üzvlərinin Avropa Şurası Parlament Assambleyasının deputatlarına lobbiçilik əvəzində pul verməsindən danışılır. Bu, nə qədər gözləniləndir?
Gültəkin Hacıbəyli: Düzü, bu barədə konkret faktlarla danışmaq mümkün deyil. Bizim əlimizdə olan yeganə fakt İtaliya Prokurorluğunun (Milan Prokurorluğunun) İtaliya nümayəndə heyətinin keçmiş rəhbəri və AŞPA-nin keçmiş vitse-prezidenti Luka Volonte ilə bağlı apardığı araşdırmadır. Artıq bildiyiniz kimi, araşdırma sona çatmaq mərhələsindədir, məhkəməyə təqdim olunur. İtaliya Prokurorluğu artıq konkret faktlarla Luka Volontenin müxtəlif dövrlərdə Azərbaycan nümayəndə heyətinin iki üzvündən (konkret olaraq bu üzvlərin adları sadalanır) 3 milyon avroya yaxın rüşvət alması faktını ortaya qoyur. Yəni, düşünürəm ki, İtaliya Prokurorluğunun (Milan Prokurorluğunun) ortaya qoyduğu bu fakt kifayət qədər ciddi faktdır. Eyni zamanda, Avropa Sabitlik Təşəbbüsü də çox ciddi bir beynəlxalq qeyri hökumət təşkilatıdır. Bu təşkilat da bu faktlara istinad edirsə, görünür ki, bunun arxasında çox ciddi faktar var.
Amerikanın Səsi: Araşdırmada Azərbaycan parlamentinin deputatlarının italyalı deputat Luka Volontenin müxtəlif adlar altında olan bank hesablarına 2 milyon 400 min avroyadək pul köçürmələri barədə məlumat yer alıb. Həmçinin cənab Volontenin Milli Məclisin iki deputatı ilə vəsaitin necə idarə edilməsi barədə açıq mesajları dərc edilib. Sizcə müxtəlif ölkələri və fraksiyaları təmsil edən AŞPA deputatlarına pul vasitəsi ilə təsir etmək mümkün ola bilərmi?
Gültəkin Hacıbəyli: Bilirsiniz, insan faktoru Avropa Şurasında da var. Biz heç də düşünə bilmərik ki, Avropada deputatların hamısı idealistdirlər, onlar təmizdirlər, korrupsiyadan uzaq insanlardır. Əksinə, biz bəzən elə faktlarla rastlaşırıq ki, hətta öz deputatlarımızla müqayisədə daha pis bir mənzərəni görürük. Məsələn, Avropa Sabitlik Təşəbbüsünün, son, - ikinci hesabtına baxsaq görərik ki, orada Elxan Süleymanovla (Azərbaycan Milli Məclisinin araşdırmada adı hallanan deputatı-red) Luka Volonte arasında məktublaşma var. Onlar email-də bir-birinə yazıblar və Ştrasserin (AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı keçmiş məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasser-red) məşhur qətnaməsinin (söhbət Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin 2013-cü ilin qış sessiyasında AŞPA-da səs çoxluğu qazana bilməməsindən gedir-red) məğlubiyyətindən sonra Azərbaycan tərəfi bir müddət Luka Volonteni axtarmayıb və Luka Volonte Elxan Süleymanova açıq məktubda yazır ki, “siz deyəsən məni unutmusunuz, mən sizin dostunuzam”, yəni açıq-aşkar şirnikləndirici təkliflərlə çıxış edir. Bunun ardınca hətta özü Azərbaycanda siyasi məhbuslarla bağlı təşəbbüslə Avropa Şurasında çıxış etmək istəyir. Görürsünüz, Azərbaycan tərəfini şantaj edir. Yəni, belə çirkli adamlar istənilən beynəlxalq təşkilatlarda ola bilər, istənilən ölkənin parlamentində ola bilər. Ancaq, önəmlisi sistemin özünün normal işləməsidir. Yəni, bu gün AŞPA-da sistem problemi var. Sistem böhranı olmasa idi, Luka Volonte kimi deputatlar da uğur qazana bilməzdi.
Amerikanın Səsi: Yerli media AŞPA-nın 2013-cü il yanvar sessiyasında almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında hazırladığı məruzənin məhz bu pullar müqabilində qəbul olunmadığını yazır. Bəlkə sənədin qəbul olunmamasının başqa səbəbləri var idi. Necə hesab edirsiniz?
Gültəkin Hacıbəyli: Bilirsiniz, bu sənədin qəbul olunmaması istiqamətində Azərbaycan tərəfi bir neçə istiqamətdə fəaliyyət sərgiləmişdi. Bu istiqamətlərdən biri Avropadakı Azərbaycan səfirlikləri vasitəsi ilə həmin ölkələrin Xarici İşlər Nazirlikləri vasitəsi ilə bu ölkələrin nümayəndə heyətləri ilə işdir. Bu kifayət qədər leqal fəaliyyətdir. İkinci istiqamət, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı lobbiçilik fəaliyyətidir. Yəni, söhbət leqal lobbiçilikdən, Azərbaycan nümayəndə heyətinin üzvlərinin digər ölkələrin nümayəndə heyətlərinin üzvlərinə təsirindən gedir. Bu iki fəaliyyət növü kifayət qədər qəbul olunandır. Üçüncü fəaliyyət növü, hansı ki, Avropa Sabitlik Təşəbbüsü ifşa edir, bu artıq ciddi bir cinayət faktıdır. Bu faktın qarşılığında artıq adekvat cəzalandırma mexanizmi işə düşməlidir. Söhbət konkret Azərbaycan nümayəndə heyətinin iki üzvünün Luka Volonteyə rüşvət verməsindən gedir.
Çox ehtimal ki, rüşvət faktı təkcə Luka Volonte ilə yekunlaşmır. Çünki, biz bilirik ki, Luka Volonte Azərbaycan nümayəndə heyətinin AŞPA-da heç də ən böyük lobbisti deyil. Azərbaycanın AŞPA-da ən böyük lobbisti hal-hazırda bu təşkilatın prezidenti olan, İspaniyadan olan millət vəkili Pedro Aqramuntdur. Heç də təsadüfi deyil ki, Avropa Sabitlik Təşəbbüsü ikinci hesabatının sonunda İtaliya ilə yanaşı, Fransanın, İspaniyanın, Almaniyanın prokurorluqlarına müraciət edərək onların da öz millət vəkillərilə, AŞPA-dakı təmsilçiləri ilə bağlı analoji faktları araşdırmasını tələb edir. Böyük ehtimalla bu fakt yeganə fakt deyil. Burada məsələlərə kompleks yanaşılmalıdır.
Amerikanın Səsi: İtaliyalı deputatla bağlı artıq İtaliya Prokurorluğunda cinayət işi qaldırılıb. Amma, rəsmi Bakı və hüquq mühafizə orqanları araşdırmada yer alan məlumatlara hələ münasibət bildirməyib. Buna səbəb nədir?
Gültəkin Hacıbəyli: Bilirsiniz, birinci ona görə ki, kifayət qədər ciddi, kriminal tərkibli, konkret cinayət tərkibini ehtiva edən ittihamlardır. Sözsüz ki, bunun qarşılığında Azərbaycan tərəfinin deməyə çox az sözü olacaq. Hələlik, Azərbaycan rəsmiləri istintaqın nəticələrini, məhkəmənin qərarının olacağını gözləyirlər. Ancaq, mən hesab edirəm ki, konkret olaraq Azərbaycan nümayəndə heyətinin iki deputatı - Elxan Süleymanov və Müslüm Məmmədovla (araşdırmada adları hallanan deputatlar-red) bağlı vəziyyət kifayət qədər ciddidir. Mən Azərbaycan hakimiyyətinin yerinə olsa idim, bu beynəlxalq skandalı önləmək üçün, yəni gələcəkdə Azərbaycan nümayəndə heyətinə AŞPA-da problemlər yaratmamaq üçün (biz bilirik ki, bu problemlər qaçılmazdır, məsələ artıq İtaliyada məhkəmə müstəvisinə çıxarılırsa deməli qaçılmazdır) ən yaxşı yol Elxan Süleymanov və Müslüm Məmmədovu ümumiyyətlə bu proseslərdən uzaqlaşdırardım. Hətta, bəlkə özlərinin könüllü olaraq deputat mandatından imtina etməsi daha düzgün yol olardı. Çünki, əks halda Azərbaycan nümayəndə heyətini AŞPA-da problemlər gözləyə bilər. Yəni, aydındır ki, burada nümayəndə heyətinin adı çəkilmir, bilavasitə iştirak etmir. Amma prosesdə iştirak edən iki nəfər prosesdən uzaqlaşdırılmalıdır.
Amerikanın Səsi: Hüquq müdafiəçisi Leyla Yunus hələ 2012-ci il iyunun 13-də AŞPA monitorinq komitəsinin Azərbaycan üzrə o zamankı məruzəçiləri Pedro Aqramunt və Jozef Debona Qrexi hakimiyyətdən rüşvət almaqda ittiham etmişdi. Cənab Agramunt isə xanım Yunusun dediklərini “böyük yalan” adlandırmışdı. Bu günlərdə dərc edilən araşdırmada yenidən Pedro Aqramuntun adı hallanır. Bu barədə nə deyə bilərsiniz?
Gültəkin Hacıbəyli: Pedro Aqramunt Azərbaycanın AŞPA-dakı ən böyük lobbistidir və uzun illər ərzində Azərbaycan siyasi hakimiyyətinin maraqlarına və mənafelərinə xidmət edib, qoruyub. Bir çox hallarda Azərbaycanda insan hüquqlarının pozulması, siyasi məhbus məsələlərinə biganəlik, laqeydlik nümayiş etdirib. Mən şəxsən Luka Volonte kimi Pedro Aqramuntun da bu qəbildən olan kriminal əlaqələrə cəlb edilməsini istisna etmirəm. Əksinə, düşünürəm ki, bəlkə də onun Azərbaycan hakimiyyəti ilə əlaqələri daha dərindir.