Accessibility links

Proses mayın 3-dək təxirə salınıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, bu şikayət Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, qanunsuz və əsassız hökmündən verilən apellyasiya şikayətlə bağlıdır.

27 dekabr 2016-cı il tarixli qərarı ilə Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli qərarını ləğv edərək yeni apellyasiya baxışına qaytarıb.

Bu günkü məhkəmə prosesinə sədrlik edən hakim Mirpaşa Hüseynov Leyla və Arif Yunusların iştirakı məsələsini müzakirə edərkən, vəkil Elçin Sadıqov deyib ki, bu işdə prokurorluğun protesti və ya zərərçəkmişin şikayəti olmayıb. Yəni, təqsirləndirilənlərin cəzasını ağırlaşdırmaq məqsədilə yuxarı instansiya məhkəməsinə şikayət verilməyib. Ona görə də, apellyasiya baxışı onların iştirakı olmadan keçirilə bilər.

Dövlət ittihamçısı Abbas Abbaslı isə burada başqa fikir söyləyib.

"Ali Məhkəmə öz qərarında apellyasiya baxışında məhkəmə istintaqının zəruriliyini qeyd edib. Məhkəmə istintaqı aparıldığı halda, onların özlərinin iştirakı məqsədəuyğundur".

Hakim bu məsələyə münasibət bildirməyib.

Daha sonra prosesdə Yunusların vəkili Elçin Sadıqov hakimdən cinayət işində olan sənədlərin sürətini istəyib.

Vəkil bildirib ki, sənədlər 300 səhifədən ibarətdir və həmin sənədlərlə tanış olmaq istəyir.

Onun sözlərinə görə, Ali Məhkəmədə də bu haqda vəsatət qaldırıb, konkret istədiyi sənədlərin siyahısını da təqdim eləyib. Amma, Ali Məhkəmə vəsatətə münasibət bildirməyib: "Halbuki, müdafiə hüququnun təmin olunması baxımından bu vacibdir".

Məhkəmə vəkilin vəsatətini təmin edib, sənədlərin ona verilməsi qərara alınıb.

Proses mayın 3-dək təxirə salınıb.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar. Onlar vergidən yayınma və başqa iqtisadi cinayətlərdə ittiham ediliblər. Hüquq müdafiəçiləri ittihamları qəbul etməyib.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.

Həmin il dekabrın 9-da Apelyasiya Məhkəməsi həbs müddətini şərti cəza ilə əvəz edib. Aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib.

XS
SM
MD
LG