Accessibility links

Apellyasiya Məhkəməsi Mövsüm Səmədovun şikayətini təmin etməyib


Mövsüm Səmədov

İyulun 17-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının lideri, həbsdə olan Mövsüm Səmədovun şikayəti üzrə proses başa çatıb.

May ayında Qaradağ Rayon Məhkəməsi M.Səmədovun 12 saylı koloniyadan Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib.

S.Mövsümovun müdafiəçiləri həmin qərardan apellyasiya şikayəti verib.

Vəkil Yalçın İmanov bildirib ki, M.Səmədovun Qobustan həbsxanasına köçürülməsinin vacibliyi ilə bağlı əlavə sübutların təqdim olunması barədə vəsatət qaldırıb. Ancaq iyulun 17-də Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

O, M.Səmədovla bağlı şərtlərin dəyişdirilməsini qərəzli və siyasi motivli adlandırıb.

Y.İmanov xatırladıb ki, bundan öncə də M.Səmədov iki il Qobustan həbsxanasında saxlanılıb.

2016-cı ilin noyabrında dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının liderinin koloniyaya qaytarılmasından sonra keçən 7 ay ərzində ümumilikdə o 4 ay karser, təcridxana və kamera tipli yerdə qalıb.

Vəkil hesab edir ki, saxlanma şəraitini pisləşdirmək üçün M.Səmədovu uydurma bəhanə ilə cəzalandırıblar.

Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Xatırladaq ki, Mövsüm Səmədov 2011-ci ildə hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət quruluşunun dəyişdirilməsinə cəhd ittihamı ilə 12 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG