Accessibility links

İlqar Məmmədov ölkə parlamentindəki büdcə müzakirələri barədə mesaj göndərib


İlqar Məmmədov

"Respublikaçı Alternativ" Hərəkatının həbsdəki lideri mesajında  2018-ci ilin dövlət büdcəsinin də neftdən asılı olmasına diqqəti çəkib

"Respublikaçı Alternativ" (REAL) Hərəkatının həbsdəki lideri İlqar Məmmədov ölkə parlamentindəki büdcə müzakirələri barədə mesaj göndərib.

Azadlıq radiosunun məlumatına görə, İlqar Məmmədov mesajında 2018-ci ilin dövlət büdcəsinin də neftdən asılı olmasına diqqəti çəkib.

Mesajdan anlaşılır ki, İlqar Məmmədov dövlət televiziyasından büdcə müzakirələri barədə bilgi əldə edə bilib.

"Milli Məclis ötən həftə gələn ilin büdcəsini müzakirə edəndə, əlimə təsadüfən Mikayıl Müşfiqin kitabı düşdü. Deputatları izlərkən oxuduğum bir sətir məni çox güldürdü: "Neft olmasa parlarmı baxışlar?", - REAL lideri yazıb.

O vurğulayıb ki, gələn ilin büdcəsində neft pullarının payı az qala 40 faizə (əslində 45 faizdir) çatacaq.

"Bu da onların (hökumətin) qeyri-neft, əslində isə "qeyri-həqiqət sektoru", - deyə REAL lideri ironiya ilə qeyd edib.

Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsi layihəsi bu ay parlamentin müzakirəsinə çıxarılıb. Dövlət büdcəsinin gəlirləri 20.127 milyard manat həcmində proqnozlaşdırılır. Bu, ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 3.361 milyard manat və ya 20 faiz çoxdur. 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 2.621 milyard manat və ya 15 faiz artıqdır.

2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7.907 milyard manatı və ya 39.3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür. 9.216 milyard manatı və ya 45.8 faizi də Dövlət Neft Fondundan transfert ediləcək.

2.43 milyard manatı və ya 12.1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2.8 faizi isə digər gəlirlərin payına düşür.

Gələn ilin büdcə xərcləri isə 21 milyard manata yaxındır.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında onun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İlqar Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Sentyabrın 21-də isə Avropa Şurasının Nazirlər Komitəsi İİlqar Məmmədovla bağlı AİHM-in hökmünün icrasına dair qərar çıxarıb. Deputatlar katibliyə tapşırıb ki, aralıq qətnamə layihəsi hazırlansın. Həmin qətnamədə Azərbaycana rəsmi xəbərdarlıq olunacaq ki, Nazirlər Komitəsi Azərbaycanın öhdəliyini yerinə yetirməməsini AHİM qarısında qaldırmaq niyyətindədir. Ərizəçinin buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, bu qətnamə layihəsi Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda Azərbaycana bildirir ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir. Qərarda deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Strasburqda Avropa Şurasının Nazirlər Komitəsinin qəbul etdiyi qərarda Azərbaycanın diqqətinə çatdırılır ki, Avropa Şurası 46-cı maddə ilə prosedura başlaya bilər.

XS
SM
MD
LG