ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Hüquqları Bürosu 2017-ci il üçün dünyada dini etiqad azadlığı haqqında illik hesabatını dərc edib.
Azərbaycana həsr olunmuş hissədə deyilir ki, Konstitusiya dinin dövlətdən ayrı olmasını və bütün dinlərin bərabərliyini nəzərdə tutur.
Ölkə qanunları da vətəndaşların dini etiqadlarını ifadə etmək və ictimai asayişi və ya ictimai əhval-ruhiyyəni pozmadan, dini ayinlərini tətbiq etmək hüququnu müdafiə edir.
Qanun hökumətin dini fəaliyyətə qarışmasını qadağan edir, amma hökumət və vətəndaşlar “dini ekstremizmə” və “radikalizmə” qarşı mübarizəyə görə məsuliyyət daşıyır.
Qanun hökumətin irqi, milli, dini və ya sosial ədavət salan; “insan ləyaqətini alçaldan” və dünyəvi təhsilə mane olan dini təşkilatları bağlaya biləcəyini müəyyən edir.
2017-ci ilin iyununda qanuna qeydiyyatda olan dini qruplar tərəfindən dəvət edilmiş əcnəbilərin dini xidmətlər görməsinə imkan verən düzəliş edilib.
Yerli hüquq müdafiə qrupları və digər şəxslər hökumətin dini fəalları fiziki təqibə, həbsə məruz qoyduğunu bildiriblər.
İlin sonuna qədər həbs edilmiş dindarların ümumi sayının 80 nəfərə çatdığı bildirilir (2016-cı ildə 86 nəfər).
Yanvarda və dekabrda məhkəmələr Müsəlman Birliyi Hərəkatının liderlərini və 2015-ci ildə Nardaranda polis əməliyyatları zamanı həbs edilmiş digər şəxsləri uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edib. Bir çox fəallara qarşı ittihamlar, o cümlədən dini ədavət salma və terrorçuluq ittihamı hüquq müdafiəçiləri tərəfindən saxta kimi qiymətləndirilib.
İyulda hakimiyyət ilahiyyatçını dini mərasim keçirdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edib. Onu islamı xaricdə öyrəndiyinə görə belə bir hüququ olmamaqda ittiham ediblər.
Hakimiyyət icazəsiz dini yığıncaqlar keçirdiklərinə görə çox sayda şəxsi saxlayıb, cərimə edib və xəbərdarlıq edib.
Hökumət “qeyri-ənənəvi” hesab etdiyi dini azlıq qruplarının qeydiyyatından imtina edərək, onların hüquqlarını pozub.
Hakimiyyət bu qruplardan bəzilərinin sərbəst fəaliyyət göstərməsinə icazə verib, amma bir çox qruplar öz dinlərinə etiqad edərkən çətinliklərlə üzləşdiklərini bildirib.
Yerli dini ekspertlər bildiriblər ki, hökumət məscidləri təmir adı altında bağlamaqda davam edib, amma faktiki səbəbin məscidin ekstremist fikirlərin təbliği yeri kimi xidmət etməsindən ibarət olub.
Hökumət dini materialların idxalına, yayılmasına və satışına nəzarəti davam etdirib. Məhkəmələr qanunsuz dini materialların satışına və ya yayılmasına görə çox sayda şəxsi cərimə edib.
Hökumət dini dözümlülüyü və dini ekstremizmə qarşı mübarizəni təşviq etmək üçün bütün ölkədə təlim məşğələlərinə sponsorluq edib. Yerli dini ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri ənənəvi dini qruplar, o cümlədən yəhudilər, rus pravoslav və katoliklər üçün sosial tolerantlıq olduğunu bildiriblər, amma çox vaxt qeyri-ənənəvi qruplara şübhəli qruplar kimi baxılıb, deyə hesabatda bildirilir.
Rəsmi qurumlar hesabat hələ münasibət bildirməyib. Bununla yanaşı, rəsmi şəxslər ölkədə dini azadlığın tam təmin edildiyini bildirir.