Accessibility links

Əhməd Əlili: Avropaya inteqrasiya Azərbaycanın milli maraqlarından doğan konsepsiyadır [Video-müsahibə]


Əhməd Əlili: Avropaya inteqrasiya Azərbaycanın milli maraqlarından doğan konsepsiyadır
please wait

No media source currently available

0:00 0:08:50 0:00

Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlilinin Amerikanın Səsinə müsahibəsi

Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Avropa institutlarına inteqrasiyasından danışıb.

Amerikanın Səsi: Azərbaycanın əsas qanun və konsepsiyalarında ölkənin Avropaya inteqrasiyası prioritet elan edilib. Hazırda Azərbaycanın Avropa İttifaqı qurumlarına inteqrasiyasını necə xarakterizə edərdiniz?

2015-ci ilin Riqa sammitindən sonra “Şərq Tərəfdaşlığı” ölkələri Avropa strukturlarına ayrı-ayrı sürətlə inteqrasiya etməyə başladı. Bu fonda liderlik, əlbəttə, Gürcüstan və Ukraynada olub.

Əhməd Əlili: Avropa institutlarına inteqrasiya Azərbaycanın özünün milli maraqları baxımından vacib olan konsepsiyadır. Azərbaycan öz xarici siyasətində daim balanslaşdırılmış siyasəti icra etməyə çalışır. Rusiya, İran, Türkiyə kimi regional oyunçuların olduğu bir regionda Avropa İttifaqına inteqrasiya etmək balanslı siyasəti qoruyub-saxlamaq baxımından çox vacibdir. Azərbaycanda Avropa strukturlarına inteqrasiya prosesi heç bir zaman dayanmayıb. Sadəcə, 2015-ci ilin Riqa sammitindən sonra “Şərq Tərəfdaşlığı” ölkələri Avropa strukturlarına ayrı-ayrı sürətlə inteqrasiya etməyə başladı. Bu fonda liderlik, əlbəttə, Gürcüstan və Ukraynada olub. Bu dövlətlər son 10 il ərzində Avroatlantik institutlara inteqrasiyada liderlik ediblər. Digər yerlərdə Azərbaycan, Ermənistan, sonra isə Belarus gəlir. Ona görə də Azərbaycanın Avropa institutlarına inteqrasiyası heç bir halda dayanmayıb. Ayrı-ayrı sürətlərlə inkişaf edib. Azərbaycanın indiki inteqrasiya sürəti bizi qane edirmi? Əlbəttə, arzulayardıq ki, daha sürətli olsun. Avropa strukturlarına inteqrasiya Azərbaycanın özünün milli maraqlarından doğan məsələdir.

Amerikanın Səsi: Ölkənin Avropa İttifaqı ölkələri ilə siyasi və iqtisadi əlaqələri yolunda əsas maneələr nədir?

Azərbaycanda məhkəmə islahatlarının aparılması, Avropa investorlarının Azərbaycana cəlb olunması baxımından həlledici bir məqamdır.

Əhməd Əlili: Məsələnin kökündə daha çox Avropa investorlarının Azərbaycanda məhkəmə sistemlərini bir qədər fərqli görməsi durur. Avropa investorları arzulayır ki, onların maraqlarını Azərbaycanda müdafiə edə biləcək məhkəmə sistemi olsun. Onlarda inam yaradacaq bir sistem olmalıdır. Avropa investorları Azərbaycana investisiya etdikləri zaman onların investisiyalarının qorunması üçün məhkəmələri daha fərqli formada görmək istəyirlər. Belə olmadığı halda Avropa investorlarının Azərbaycana maraqları olmur. Avropalı investorların Azərbaycanda maraqları təmin olunmadığına görə istər-istəməz Avropanın daxilində həmin investorların yaxın olduqları bir çox maraq dairələri var ki, onlar da Azərbaycanı daim tənqid edirlər. O baxımdan Azərbaycanda məhkəmə islahatlarının aparılması, Avropa investorlarının Azərbaycana cəlb olunması üçün həlledici bir məqamdır. Avropa investorlarının Azərbaycana axınını təmin etdikdən sonra istər-istəməz ölkəyə müəyyən texnoloji axın da müşahidə olunacaq. Həmin texnoloji axından sonra isə yerli sahibkarların istehsal etdiyi məhsullar elə bir standartlara cavab verəcək ki, onu daha sonra Avropa İttifaqı ölkələrinə ixrac etmək mümkün olacaq. Bununla da Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı münasibətləri daha da yaxınlaşdırmaq mümkün olacaq. Elə olmadığı halda isə Avropa ilə Azərbaycan arasında iqtisadi münasibətləri formalaşdıran əsas amil karbohidrogen resursları olacaq. Bu da bütün hallarda siyasi sferada bu və ya digər formada təsirini göstərəcək.

Amerikanın Səsi: Azərbaycanda hökumətin idarəetmə fəlsəfəsi ilə Avropa İttifaqı dəyərləri arasında fəqrlər var? Bu sahədə hansı islahatlara ehtiyac duyulur?

Azərbaycan hökumətinin fəlsəfəsində daha çox hökumətlərarası münasibətlərə üstünlük verilir. Yaddan çıxarmaq lazım deyil ki, Avropa ölkələrində aparıcı struktur parlamentlərdir. Burada isə QHT-lər və beynəlxalq QHT-lər çox vacib rol oynayır.

Əhməd Əlili: Azərbaycan hökuməti öz idarəetmə fəlsəfəsində daha çox çalışır ki, hökumətlərarası münasibətlərə üstünlük versin. Gəlin, qəbul edək ki, Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə və ya Avropa komissiyası və digər icra strukturları ilə Azərbaycan hökumətinin münasibətləri tənqid olunacaq bir səviyyədə deyil. Yəni, hökumətlərarası münasibətləri kifayət qədər uğurlu adlandırmaq olar. Amma Azərbaycan həm Avropa parlamenti, həm də ayrı-ayrı Avropa ölkələrinin parlamentləri ilə fəaliyyətini bir çox halda yenidən qurmalıdır. Azərbaycanın Avropa ölkələri içərisində ən çox tənqid olunduğu məkan Avropa parlamenti və ayrı-ayrı ölkələrin parlamentləridir. Həmçinin Azərbaycan bir çox hallarda QHT-lərin (qeyri-hökumət təşkilatları) əhəmiyyətini lazımınca qiymətləndirmir. QHT-lər çox ciddi bir reputasiya (işgüzar nüfuz) formalaşdıran bir faktordur. QHT-lərlə, xüsusilə də beynəlxalq QHT-lərlə iş Azərbaycanın reputasiyasının Avropada formalaşmasında, Avropada ayrı-ayrı maraq qrupları ilə fəaliyyətinin təşkil olunmasında çox əhəmiyyətli rol oynayır. Beynəlxalq QHT-lərlə fəaliyyət düzgün qurularsa, bu, sonda həmin maraq qruplarını parlamentdə təmsil edəcək şəxslərin fəaliyyətində də özünü göstərir. Sonda Avropa parlamentində, Avropa ölkələrinin parlamentlərində də Azərbaycanla bağlı müsbət imic formalamış olur. Yəni, Azərbaycan hökumətinin fəlsəfəsində daha çox hökumətlərarası münasibətlərə üstünlük verilir. Yaddan çıxarmaq lazım deyil ki, Avropa ölkələrində aparıcı struktur parlamentlərdir. Burada isə QHT-lər və beynəlxalq QHT-lər çox vacib rol oynayır. Ona görə də yerli QHT-lərlə beynəlxalq QHT-lərin işinin düzgün təşkil olunması, beynəlxalq QHT-lərlə Azərbaycan hökumətinin fəaliyyətinin düzgün təşkil olunması bu sahədə yaxşı rola malikdir.

Amerikanın Səsi: İnsan hüquqlarının qorunması, fundamental azadlıqların təmin edilməsi baxımından Azərbaycanın Avropa İttifaqı dəyərlərinə inteqrasiyası barədə nə deyə bilərsiniz?

Diqqəti son 4-5 ildə vətəndaş cəmiyyətində baş verən proseslərə yönəltmək istəyiriksə burada əsas faktor Azərbaycan hökuməti və beynəlxalq donorlar arasında olan inamsızlıqdır.

Əhməd Əlili: İnsan hüquqlarına görə tənqid olunmaq Avropa parlamenti, Avropa üçün elə də fövqəltəbii hal deyil. Xüsusilə də Şimali Avropa ölkələri hazırda Avropa İttifaqının üzvü olan digər ölkələri belə çox kəskin formada tənqid edirlər. Xüsusilə də Macarıstan, Polşa və digər ölkələri. Bu ölkələrdə son 3-4 ildə baş verən proseslər Qərbi Avropa və Şimali Avropa ölkələrini heç də razı salmır və onlar daim tənqid olunurlar. Ona görə də Azərbaycanın və regionda olan digər ölkələrin bu baxımdan tənqid olunmasına dözümlülük göstərmək lazımdır. Bir şeyi qəbul etmək lazımdır ki, insan hüquqları ilə bağlı fəaliyyət nə dərəcədə olsa da daim daha artığını görməyə ehtiyac olur. Bu, müəyyən bir ideallara çatmaq üçün lazımdır. İnsan haqları ilə bağlı proseslər də nəzərə almaq lazımdır ki, bu, reputasiyaya çox ciddi təsir göstərə bilər. Belə olduğu halda artıq bu, Azərbaycanın Avropa İttifaqında mövcud olan bir çox maraq qrupları ilə münasibətlərinin düzgün qurulmamasına səbəb olur. Onu da qəbul edək ki, Avropa parlamentində və Avropa İttifaqı strukturlarında elə maraq qrupları var ki, onlar Azərbaycanla heç də xoşməramlı münasibətlər arzulamır. O baxımdan Azərbaycanın bir çox hallarda tənqidlərə sərt reaksiya verməsi sonda önun özünün bu maraq qruplarının xeyrinə işləyir və onlar bundan çox uğurla istifadə edirlər. Azərbaycanın reputasiyasının bu sahədən korlanması heç də Azərbaycanın dövlət maraqlarına işləyən bir məqam deyil. Amma diqqəti son 4-5 ildə vətəndaş cəmiyyətində baş verən proseslərə yönəltmək istəyiriksə burada əsas faktor Azərbaycan hökuməti və beynəlxalq donorlar arasında olan inamsızlıqdır. Bir çox hallarda hökumətin beynəlxalq donorları şəffaf fəaliyyət göstərməməkdə ittiham etməsi, Ukrayna və Gürcüstandakı hadisələrin Azərbaycanda təkrarlanmasına təşəbbüs göstərilməsi kimi ittihamların olması istər-istəməz Azərbaycan hökumətində beynəlxalq donorlara qarşı bir növ inamsızlıq yaratdı. Bu da sonda Azərbaycanda vətəndaş cəmiyyətinin durumunun bir qədər arzulanan formada olmamasına, vətəndaş cəmiyyəti fəallarının həbslərinə və digər hallara gətirib çıxardı. Bu da arzulanan məqam deyil. Xüsusilə də Avropa İttifaqı-Azərbaycan münasibətləri prizmasından arzulanan deyil. Çalışmaq lazımdır ki, bu sahədə reputasiya itkisinə yol verilməsin. Çünki Azərbaycan olaraq biz belə itkiləri çox az dəyərləndiririk. Amma Avropa strukturları üçün kifayət qədər əhəmiyyət kəsb edən məqamdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG