Accessibility links

İlham Əliyev: Azərbaycanda azadlıqlarla bağlı heç bir məhdudiyyət yoxdur


İlham Əliyev
İlham Əliyev

Son 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir.

Bu barədə prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, son 25 il ərzində partiya uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib.

İ.Əliyev deyib ki, Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcək.

“Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır”.

Söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı

Əlievin dediyinə görə, Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir.

“Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır”.

Əliyev hesab edir ki, indiki internet dövründə nəyisə gizlətmək mümkün deyil.

“Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək”.

Xaricdən idarəetmə

O, xaricdən idarəetmənin metodologiyasından da danışıb.

“Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır”.

Prezident hesab edir ki, ölkədə azadlıqlarla bağlı heç bir məhdudiyyət yoxdur.

“Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır”.

"Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkədir"

Onun fikrincə, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir.

“Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir”.

Müstəqil siyasət

Prezident bəyan edib ki, müstəqil siyasət bundan sonra da aparılacaq.

“Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir. Harada ki, bu maraqlar təmin edilirsə, biz əlbəttə, bu təşəbbüslərə qoşuluruq. Harada ki, görürük maraqlarımıza ziddir, əlbəttə, Azərbaycan o təşəbbüslərin iştirakçısı ola bilməz”.

Əliyev qonşu ölkələrlə xoş münasibətlərin olduğunu, birgə iqtisadi layihələri xatırladıb, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərini xüsisi qeyd edib.

Beynəlxalq təşkilatlarla münasibət

O, ölkənin beynəlxalq təşkilatlarda iştirakından da danışarkən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatının əsas prioritet təşkil etdiyini xatırladıb.

Dövlət başçısı Avropa Şurası ilə yaranmış problemlərə də toxunub.

“Biz 15 ildən çoxdur ki, Avropa Şurasının fəal üzvüyük və bir çox tədbirlər bu təşkilatın xətti ilə keçirilmişdir. Ancaq son vaxtlar Avropa Şurasının baş katibinin fəaliyyəti nəticəsində bu qurum ilə Azərbaycan arasında süni böhran yaradılmışdır. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Həmişə bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq. Ona görə hesab edirəm ki, bizim adekvat cavabımız da yerində və vaxtında atılan addımdır. Hesab edirəm ki, ümumiyyətlə, Avropa Şurası kimi tanınmış beynəlxalq təşkilat hər hansı bir fərdin uğursuz ambisiyalarının qurbanına çevrilməməlidir. Ümid edirəm ki, bu təşkilatla bağlı olan məsələlər də öz həllini tapacaq. Biz bunu istəyirik, ümid edirik. Əgər bu böhran dərinləşsə, onda əlbəttə ki, Azərbaycan öz seçimində tam azad olacaqdır. Biz üzv olduğumuz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və könüllü şəkildə də çıxa bilərik. Heç kim bizi zorla hər hansı bir təşkilatda saxlaya bilməz”.

Valyuta ehtiyatları

O, ölkənin valyuta ehtiyatlarının bu ilin doqquz ayında 4,5 milyard dollar artığını deyib.

“Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir”.

Dağlıq Qarabağ münaqişəsi

Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik olmayacağını diqqətə çatdırıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir”, dövlət başçısı qeyd edib.

XS
SM
MD
LG