Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana cavab verib


Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Rusiya xarici işlər naziri Serqey Lavrovla keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanata münasibət bildirib.

Noyabrın 21-də Yerevanda keçirilən birgə mətbuat konfransında Edvard Nalbandyan deyib ki, Azərbaycan əldə olunan razılaşmalardan kənara çəkilir və danışıqları əsas prinsiplər üzrə aparmaq istəmir.

O, Bakını 2011-ci ildən başlayaraq yüksək səviyyədə qəbul edilmiş razılaşmaları yerinə yetirməməkdə ittiham edib.

Sergey Lavrov və Edvard Nalbandyan
Sergey Lavrov və Edvard Nalbandyan

"Kazan, Soçi, Sankt-Peterburq, Vyana və digər yerlərdə konkret razılaşmaya nail olduq. Ancaq Bakıya döndükdən sonra Azərbaycan tərəfi öz sözlərindən imtina etdi", o vurğulayıb.

Edvard Nalbandyan həmçinin erməni qoşunların işğal olunmuş ərazilərdən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı Bakının ittihamlarını qəbul etməyib.

"Qətnamələr hərbi əməliyyatların dayandırılması məqsədilə qəbil edilib, ancaq hər dəfə Bakı onların icrasını pozub", o bildirib.

Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin bəyanatına münasibətində deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabrda Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən danışıqların substantiv və intensiv şəkildə aparılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir.

“Daim danışıqları imitasiya edən və texniki-köməkçi məsələlərlə diqqəti əsas hədəfdən yayındırmağa çalışan E.Nalbandyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub”.

Mətbuat xidmətinin rəhbəri hesab edir ki, Ermənistan xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyasından danışdığı halda, həmsədrlərin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə münasibətdə “dəvəquşu siyasəti”ni davam etdirir.

Hikmət Hacıyev
Hikmət Hacıyev

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli sənədə görə həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələrini, ATƏT Budapeşt sammitinin qərarlarını, Helsinki Yekun Aktını əsas götürməlidirlər. BMT TŞ-nın müvafiq qətnamələrinin tələblərini görməməzliyə vurmaq Minsk Qrupunun həmsədrlərin mandatını inkar etmək deməkdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822(1993), 853(1993), 874(1993) və 884(1993) qətnamələri beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn müvafiq prinsipləri əsasında münaqişənin həlli üzrə siyasi prosesin əsasını təşkil edən hüquqi çərçivəni müəyyən edib. Qətnamələr Azərbaycan ərazilərinin işğalını pisləyib, güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir. Heç bir dövlətə BMT TŞ-nın qətnamələrini təhrif etmək və ya onların rolunu aşağı salmağa səlahiyyət verilməyib”, o qeyd edib.

Onun sözlərinə görə, 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası tərəfindən ATƏT-in Minsk Qrupu tərəfindən təqdim olunan “TŞ-nın 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” adlı sənəd alqışlanılır və təqdir olunur.

“BMT TŞ-nın 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur”.

BMT baş katibinin 31 oktyabr 1994-cü il tarixli açıqlamasında isə aydın şəkildə bildirilir: “BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. 1-ci prinsip Azərbaycanın ərazi bütövlüydür. 2-ci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyidir. 4-cü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır”.

Mətbuat xidmətinin rəhbəri Ermənistanın indiyə qədər bu tələbləri yerinə yetirmədyini bildirib. Hacıyev sənədlərin və bəyanatların Ermənistan xarici işlər naziri tərəfindən təhrif olunduğunu deyib.

“ATƏT-in ABŞ-dan olan həmsədrinin bu ilin avqustunda digər həmsədr ölkələrlə razılaşdırılmış şəkildə münaqişənin həlli prinsiplərini açıqladığızaman Ermənistan xarici işlər nazirinin etirazı və biri digərini inkar edən bəyanatlar verməsi hamının yaxşı yadındadır. Azərbaycan BMT TŞ-nın qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan real faktlarla çıxış edir. Ermənistanın istəyindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin tezliklə həll olunması və regionda davamlı sülhün təmin olunması üçün danışıqlar bu əsasda aparılır”.

Mətbuat xidmətinin rəhbərinin fikrincə, Ermənistan tərəfi reallığı anlamalı və “dəvəquşu siyasəti”nə son qoymalıdır.

“Hamı bilməlidir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edəcəkdir”, o qeyd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG