Accessibility links

Milli Şuranın Şəhidlər Xiyabınını ziyarətinə maneçilik törədilib [Video]


Azərbaycanda 20 Yanvar matəm günüdür

Müxalfət fəalları bir saatdan çox xiyabana buraxılmayıb

Yanvarın 20-də Matəm günündə bir sıra müxalif partiyaların birləşdiyi Demokratik Qüvvələrin Milli Şurasının təmsilçilərinin Şəhidlər Xiyabanını ziyarət etməsinə əngəl yaradılıb. Xiyabana aparan Parlament prospektinin girişində toplanmış polis qüvvələri Milli Şura rəhbərliyi və üzvlərini bir saatdan çox ziyarətə buraxmayıb.

Prospekt boş olduğunudan bu, Milli Şura təmsilçilərinin narazılığı ilə müşayət olunub. Milli Şuranın sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli maneçiliyin yaradılmasında hazırki iqtidarı qınayıb, onların ünvanına sərt tənqidlər səsləndirib.

Ziyarətə gəlmiş minlərlə müxalifətçi “Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndirib.

AXCP sədri Əli Kərimli çıxış edərək bildirib ki, "bu gün bütün Azərbaycanın gözü qarşısında hakimiyyət antixalq mahiyyətini nümayiş etdirir".

“Minlərlə insanın qarşısı kəsilib, bu soyuq havada ziyarətə imkan verilmir. Hansı ki, bu insanlar müstəqillik üçün canını vermiş insanlara ehtiramlarını ifadə etmək istəyirlər. İstiqlal düşmənlərinə istiqlal odenləri verənlər, müstəqilliyin əleyhinə olanlar, biz 90-cı illərdə barrikadalarda yatanda, teleqram vurub sovet ordusunu Bakıya çağıranlar bu gün də antixalq fəaliyyətlərini davam etdirirlər", Əli Kərimli deyib.

O bildirib ki, baş verən olay Milli Şuraya, müstəqilliyi əldə etmiş insanlara nifrətdən yaranmış, siyasi xəbislikdən doğmuş hərəkətdir.

Əli Kərimli hökuməti sərt tənqid edərək, vurğulayıb ki, “vətən darda olanda qaçıb fərarilik edənlər, hakimiyyəti zəbt ediblər”.

"İndi də bu soyuqda millətə belə zülm edirlər. Hər addımda göstərirlər ki, antimillidirlər. Bu aksiyanın, ziyarətin qarşısını almaqla bizə bir neçə saatlıq əziyyət verirsinizsə, hesab edərək ki, rus imperiyasının qarşısında iki saat artıq dayanmışıq", Əli Kərimli polis qüvvələrinə göstəriş verənlərin qarşıdurma yaratmaq niyyətində olduğunu ifadə edib.

"Bizim oğullarımız, qardaşlarımız olan gül balalarımızı, bu polisləri bura düzməklə istəyirlər ki, aramızda qarşıdurma yaransın. Bütün fikirləri ondan ibarətdir ki, özləri ölkəni namərdcəsinə talasınlar, ölkəni sevən insanlar arasında qarşıdurma yaransın, sülalə hakimiyyətləri də davam etsin", Əli Kərimli vurğulayıb.

Onun çıxışından bir qədər sonra Milli Şura təmsilçilərinin xiyabana yürüşünə imkan verilib.

Ərazidə olan yüksək rütbəli polis rəsmiləri Milli Şura təmsilçilərinin Şəhidlər Xiyabanına yürüşünə bir saatdan artıq imkan verilməməsinin səbəbini şərh etməyiblər. Sıravi polislər isə jurnalistlərlə və ziyarətə gələnlərlə söhbətlərində sadəcə, onlara verilmiş göstəriçi icra etdiklərini bildiriblər.

Rəsmi Bakı hələ müxalifətdə olan Milli Şura tərəfdarlarının Şəhidlər Xiyabanını ziyarətinə edilmiş maneçiliklə bağlı şəırh verməyib.

Yanvarın 20-də Şəhidlər Xiyabanında jurnalistlərin də sərbəst işləməsinə maneçilik yaradılıb. Jurnalistlər xiyabanın bir hissəsindən digər hissəsinə buraxılmayıb.

“Siz ziyarətçilərin hərəkətinin əks istiqamətində çəkiliş edə bilməzsiniz”, deyə təşkilatçılar jurnalistlərin ziyarətçilərin əks istiqamətinə hərəkət etməsinə imkan verməyib.

XS
SM
MD
LG