Accessibility links

Əli Həsənov: ABŞ Dövlət Departamentinin hesabatı tendensioz xarakter daşıyır


Əli Həsənov
Əli Həsənov

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatının Azərbaycanla bağlı hissəsinə münasibət bildirib.

Əli Həsənov hesab edir ki, hesabat tendensioz xarakter daşıyır.

“Hesabatın hazırlanma metodologiyası hər bir məsələyə dair konkret bir, bəzi hallarda isə bir neçə faktın konstatasiyası, onların müəyyən siyasi dairələrin maraqlarına uyğun, qərəzli şəkildə təsviri, müvafiq nəticənin hasil edilməsi və bütün sahə üzrə ümumiləşdirilməsi prinsipi üzərində qurulub. Belə yanaşma, habelə mənbələrin göstərilməməsi, bir qayda olaraq “ekspertlər”, “fəallar”, “QHT təmsilçiləri” və bu kimi müəmmatlı “mənbələrə” “istinad edilməsi” hesabatın obyektivliyini və şəffaflığını ciddi şübhə altına alır”, o qeyd edib.

Əli Həsənovun sözlərinə görə, 2013-cü il prezident seçkiləri də daxil olmaqla Azərbaycanda keçirilən bütün seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun, demokratik, ədalətli və şəffaf olub, xalqın iradəsini əks etdirib.

“Hansısa şübhəli “faktlar” əsasında hakimiyyət qanadlarının, ayrı-ayrı dövlət orqanlarının nüfuzunu aşağılayan qərəzli iddiaları qəbul etmirik və onları ciddi əsası olmayan subyektiv mülahizə kimi qiymətləndiririk”.

Onun fikrincə, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən söz, sərbəst toplaşmaq azadlığı, fikir plüralizmi də daxil olmaqla bütün demokratik normalar təmin olunub.

“Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi, çoxsaylı jurnalist ordusu tam sərbəst fəaliyyət göstərir. Sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşır, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bu gün Azərbaycanda 3 mindən çox QHT fəaliyyət göstərir. Hesabatdakı “siyasi məhbuslar”, “təzyiqlər”, “həbslər” və digər bu kimi iddialara toxunan Həsənov hesab edir ki, Qərb ölkələrində bu cür faktlar daha çoxdur", prezidentin köməkçisi qeyd edib.

ABŞ Dövlət Departamentinin dünya ölkələrindən insan haqlarının durumuna dair illik hesabatının Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkədə daha öncəki illər baş verən insan haqları ilə bağlı problemlər 2017-ci ildə də davam edib.

Ən ciddi insan haqları pozuntuları sırasında məhbusların ölümü, işgəncələr, ağır və bəzi hallarda həyata təhlükə yaradan saxlanılma şəraiti, ixtiyari həbslər, hüquqi azadlığın olmaması, siyasi məhbuslar, ifadə azadlığına basqılar, jurnalistlərə qarşı fiziki təhdid, özəl həyata müdaxilə, toplaşma hüququna qarşı məhdudiyyətlər və digərləri misal göstərilib.

XS
SM
MD
LG