Accessibility links

Azərbaycan xarici işlər nazirinin müavini Ermənistana gedəcək


Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Ermənistana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, iyunun 27-də Ermənistanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclası keçiriləcək. Azərbaycanı həmin toplantıda xarici işlər nazirinin müavini təmsil edəcək.

Ermənistandakı toplantıdan sonra rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycana keçəcək.

Mahmud Məmməd-Quliyev Yerevanda sədrliyi qəbul edəcək.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci ildə yaradılıb. Azərbaycan həmin vaxtdan qurumun təsisçi üzvüdür.

Azərbaycanın QDİƏT çərçivəsində ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasıya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verdiyi bildirilir. Hazırda Azərbaycan QDİƏT çərçivəsində iki işçi qrupda (Gömrük məsələləri və Elm və Texnologiyalar üzrə işçi qrupları) əlaqələndirici ölkə funksiyalarını yerinə yetirir.

XS
SM
MD
LG