Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda görüşəcək


Hikmət Hacıyev
Hikmət Hacıyev

“Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Qubadlı rayonun erməni silahlı birləşmələri tərəfindən tutulmasının 25-ci ili ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Qubadlı rayonu 1993-cü il avqustun 31-də erməni silahlı qüvvələrinin nəzarətinə keçib.

“Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində səylərin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”, o qeyd edib.

“Ərazisi 802 kv. km və 1993-cü il üçün əhalisi 30 minə yaxın olan, 1 şəhər və 93 kənddən ibarət Qubadlı rayonunun işğalı zamanı 192 nəfər soydaşımız şəhid olub, 238 nəfər yaralanıb, 49 nəfər isə girov götürülərək işgəncələrə məruz qalıb. İşğalçılar tərəfindən rayon sakinlərinə qarşı kütləvi etnik təmizləmə həyata keşirilib, dövlət və özəl mülkiyyət obyektləri talan edilib. Onların arasında 7278 fərdi ev və mənzil, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, o cümlədən 3 muzey və 50-dən artıq tarixi abidə var idi. Hal-hazırda Qubadlı rayonunun təqribən 41 minlik əhalisi əsasən Sumqayıt şəhəri olmaqla, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır”, Hacıyev bildirib.

Mətbuat xidmətinin rəhbəri Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib ki, bu il sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək.

“Görüşdə münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşdirlməsi məsələləri müzakirə ediləcək”, o qeyd edib.

Mətbuat katibi iki ölkənin dövlət başçılarının görüşnün hələ planlaşdırılmadığını bildirib.

Hacıyev Azərbaycan prezidentinin sentyabrın 1-də Rusiyaya gerçəkləşdirəcək rəsmi səfəri zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv və ya müşahidəçi olmasının mümkünlüyü məsləsi ilə bağlı Amerikanın Səsinin sualının cavabında deyib:

“Diplomatiya hər zaman gələcək haqqında fikirlər söyləyən bir peşə deyil. Ona görə də gələcək haqqında proqnoz vermək istəməzdik. Amma proseslər öz məntiqi nəticəsini göstərə bilər”, o qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan KTMT-yə daxil olmaq niyyətini açıqlayacağı təqdirdə Ermənistanın veto hüququndan istifadə edəcəyi ilə bağlı bəyanatının cavabında isə Hacıyev deyib:

"Ermənistan KTMT-nin yeganə üzvü deyil, bu təşkilatın digər üzvləri də var", o qeyd edib.

XS
SM
MD
LG