Accessibility links

Zahid Oruc: Azərbaycan və Ermənistan birbaşa danışıqlara başlamalıdır [Audio]


Zahid Oruc
Zahid Oruc

Prezidentliyə keçmiş namizəd yeni təkliflə çıxış edib

Milli Məclisin deputatı, prezidentliyə keçmiş namizəd Zahid Oruc parlamendə Azərbaycan və Ermənistanın birbaşa danışıqlara başlaması təklifi ilə çıxış edib.

Zahid Oruc: Azərbaycan və Ermənistan birbaşa danışıqlara başlamalıdır
please wait

No media source currently available

0:00 0:05:48 0:00

Deputat Amerikanın Səsinə müsahibəsində bildirib ki, münaqişənin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinə inam itib.

“Çünki bu, əvvəl Rusiyanın inhisarında olan məsələ idi, sonradan ABŞ bölgədə nüfuz əldə etdi və o üstünlük qazandı, bundan sonra isə Avropa İttifaqı Fransanın timsalında yer almağa başladı. Aydın oldu ki, münaqişənin nizamlanmasının beynəlxalq səviyyəyə çıxarılması Qarabağ problemini üç dövlət arasında savaş predmetinə çevirdi. Biz bu dövlətlərin beynəlxalq miqyasda gücləınməsi fonunda bu və ya digər təkliflərin meydana çıxdığını və ya onların bloklanmasının şahidi olduq”, o qeyd edib.

Zahid Oruc hesab edir ki, Ermənistanın danışıqlardan çıxmaq təhdidləri Azərbaycanın xeyrinə idi. Xüsusilə, 2016-ci ilin aprel döyüşlərindən sonra müharibə riski artmışdı.

“Orduların missiyanı öz üzərinə götürməsi daha faydalı idi. Amma bir ay bundan əvvəl yeni bir situasiya meydana çıxıb. Bu, MDB dövlət başçılarının Düşənbə Sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevə yaxınlaşaraq birbaşa danışıqlara cəhd etməsidir. Bu ayaqüstü, qeyri-rəsmi danışığın sonradan rəsmi gündəm alması və nəticə verməsi məndə belə fikri yaratdı ki, həmsədrlər səviyyəsində aparılan danışıqlar effektsizdir”.

Deputat deyib ki, Paşinyan bu qeyri-rəsmi görüşdən sonra bəyan edib ki, iki dövlət arasında kommunikasiya var.

“Bu kommunikasiyanın telefon vasitəsi ilə va ya vəzifəli şəxslər arasında olduğunu bilmirəm. Amma hər halda kommunikasiya var. 90-cı illərdə də iki dövlət arasında birbaşa kommunikasiyalar olub”, o qeyd edib.

O hesab edir ki, region xalqlarının həmsədr institutuna inam krediti sıfır səviyyəsindədir.

“Belə olan halda Ermənistan və Azərbaycan arasında danışıqları ikitərəfli səviyyədə həyata keçirmək mümkündür ki, buraya üçüncü, dördüncü dairələrin əlləri qarışmasın. Doğrudur, bu gün Minsk Qrupunun həmsədrlik institutundan xilas olmaq o qədər də asan deyil. Ona görə də iki tərəf ilk olaraq görüşlərin gündəliyini formalaşdıran birgə komissiya yarada bilər. Bu daha yaxşı fayda verər və yaxud müəyyən inam yarada bilər. Hətta gələcəkdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də danışıqlara qatılar. Belə olan halda Minsk Qrupu ilə paralel olaraq ikinci bir danışıq müstəvisi meydana çıxar. Əgər, Paşinyan deyibsə ki, Minsk Qrupundan kənar da kommunikasiya var, onda birbaşa danışıqlar aparmaq olar. Mənim təklifim budur”, Zahid Oruc Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG