Accessibility links

SMDT Azərbaycanda mülki, siyasi və sosial hüquqların pozulmasına dair hesabat yayıb


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda insan hüquqlarının durumuna dair alternativ və açıq mənbələrdən toplanmış məlumatlar əsasında mülki, siyasi və sosial hüquqların pozulması hallarına dair hesabat hazırlayıb.

Sənəddə deyilir ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində əvvəlki illərdə qeydə alınan problemlər 2021-ci ildə də müşahidə olunub və ölkədə bu halların sistemli səciyyə daşıması müəyyən edilib.

SMDT bu il boyunca 580 fakt əsasında 676 hüquq pozuntusu qeydə alıb. Bu pozuntular arasında sosial təminat hüququ, ədalətli mühakimə və məhkəmə araşdırması hüququ, sərbəst toplaşmaq azadlığı, tibbi yardım hüququ, ifadə azadlığı, adekvat yaşayış standartı kimi hüquqların pozulması üstünlük təşkil edib. Ümumiyyətlə, qeydə alınmış 676 hüquq pozuntusundan 310 hal mülki və siyasi hüquqlar, 366 hal isə sosial-iqtisadi hüquqlar kateqoriyasına daxil olub.

Müstəqil media və ifadə azadlığı il ərzində davamı olaraq təzyiq altında olub. Müstəqil media orqanları və peşəkar jurnalistlər peşə fəaliyyətlərinə görə veb-saytlarına giriş müdaxilələri, sosial media hesablarının ələ keçirilməsi kimi pozuntularla qarşılaşıblar. İlin sonunda qəbul edilən “Media haqqında” yeni qanun müstəqil media orqanları və jurnalistlərin fəaliyyətini məhdudlaşdırma cəhdi kimi qiymətləndirilib.

SMDT aşağıdaki sahələrdə hüquq pozuntularının sistemli xarakter daşıdığını müəyyən edərək, ilin yekunu ilə bağlı müvafiq nəticələrə gəlib:

- Koronavirus pandemiyası dövründə aztəminatlı ailələrin sosial təminatı daha da çətinləşib, dövlət büdcəsindən bu cür ailələrə ayrılan sosial müvanətlərin çatımlılığı bəzi bürokratik əngəllərlə müşayiət olunub.

- Sosial mediada müxalif fikirlərinə görə siyasi və ictimai fəalların saxlanması, təzyiq və təhdidlərə məruz qalması ifadə azadlığı və birləşmək hüququnun kobud şəkildə pozulması ilə müşayiət olunub. İlin sonunda "Media haqqında" qanun tələsik qəbul edilib. Hökumət qanun layihəsini Avropa Şurası Venesiya Komissiyasının rəyini öyrənmək üçün təqdim etməyib, yerli ekspertlərin rəyini nəzərə almayıb.

- İl ərzində siyasi motivli təqiblər və təzyiqlər davam edib. Sosial və siyasi tələblərlə keçirilən bütün aksiyalar polis müdaxiləsi ilə dağıdılıb, bununla da sərbəst toplaşmaq azadlığı dəfələrlə pozulub.

- Siyasi motivli inzibati və cinayət işləri üzrə istintaq və məhkəmə prosesləri zamanı ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi baş verməyib, bu cür işlər üzrə məhkəmə qərarlarında istintaq orqanlarının gəldiyi nəticələri əsasən tərəddüdsüz qəbul edilib.

- İl ərzində polis idarələri, müvəqqəti saxlanma yerləri və həbsxanalarda işgəncə və pis rəftala bağlı çoxsaylı məlumatlar yayılsa da müvafiq dövlət qurumları bir qayda olaraq bu halları təkzib ediblər.

- Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycandan olan ərizəçilərlə bağlı qərarları üzrə Avropa Şurası Nazirlər Komitəsinin qruplaşdırdığı işlər və tövsiyələr əsasında məhkəmə-hüquq sistemi və milli qanunvericiliyin təkmilləşdirilməsi islahatları baş verməyib, zərərçəkmiş şəxslərə AİHM-in təyin etdiyi təzminatların ödənilməsində siyasi ayrıseçkilik müşahidə edilib.

- Koronavirus pandemiyası dövründə ölkədə hərəkət azadlığı və sərbəst toplaşmaq azadlığına tətbiq edilən qadağalar bəzi hallarda ictimai fəallara qarşı sui-istifadə ilə müşayiət olunaraq, yüngül cərimələr əvəzinə onların inzibati qaydada həbsi ilə nəticələnib.

- Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci ildə qəbul etdiyi qətnamə və yerli hüquq müdafiə təşkilatlarının hesabatları əsasında siyasi məhbus qrupuna aid olan şəxslərdən 2021-ci ildə təxminən 42 nəfər azadlığa çıxsa da, hazırda ölkə həbsxanalarında 100 nəfərdən artıq siyasi məhbus var.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə fundamental hüquqların, o cümlədən media azadlığı, toplaşmaq, birləşmək hüququnun tam təmin edildiyini bildirir.

Rəsmi Bakı siyasi məhbusların olmadığını bildirir və insanalrın siyasi iradəsinə görə təqib edilməsi ilə bağlı iddiaları qəbul etmir.

“Media haqqında” qanunun qəbuluna gəlincə, Milli Məclis sənədi müzakirəyə çıxaranadək açıq ictimai müzakirələrə təqdim edilməyib. Müstəqil media nümayəndələrinin və ekspertlərin çoxsaylı təklifləri sənədin müzakirəsi zamanı nəzərə alınmayıb. Bir çox ekspert yeni qanunun media azadlığının məhdudlaşdırılmasına yönəldiyini iddia edir.

XS
SM
MD
LG