Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi "Azərbaycanda COVİD-19 pandemiyasına qarşı tədbirlər: Azadlıqlara təzyiqlərin dərinləşdirdiyi Siyasi Böhran” adlı icmal sənədi hazırlayıb.
Sənəd Azərbaycanda koronavirus xəstəliyi (Covid-19) pandemiyasına qarşı dövlətin həyata keçirdiyi tədbirlərin və tətbiq olunan karantin qaydalarının icrası ilə bağlı vəziyyətin təhlilini, karantin dönəmində siyasi repressiyaların artması ilə ölkədə yaranan yeni siyasi durumun təsvirini nəzərdə tutur.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)bildirir ki, fevralın 27-də Azərbaycanda Covid-19 infeksiyasına yoluxma halı təsdiqləndikdən sonra pandemiya əleyhinə mübarizə məqsədilə Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər, tətbiq olunan karantin qaydaları ölkədə insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə müşayiət olunub.
Pandemiya dövründə qaydaları pozduğuna görə Ukraynada əhalinin hər 100 min nəfərindən 41 nəfəri, Gürcüstanda 112 nəfəri, Türkiyədə 582 nəfəri, Azərbaycanda isə 1820 nəfəri cərimə və ya həbs edilib.SMDT hesabatından sitat
“Geridə qalan 6 aylıq müddət ərzində ölkə daxilində hərəkət azadlığı, o cümlədən ölkədən getmə və ölkəyə geri qayıtmaq imkanları məhdudlaşıb, vətəndaşlara yaşadıqları əraziləri tərk etmək üçün xüsusi icazə rejimi tətbiq edilib. Bu müddətdə həmçinin sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması, fərdi qoruyucu vasitələrdən məcburi istifadə, təhsil və səhiyyə sahələrində xüsusi rejiminin tətbiqi və digər məhdudlaşdırıcı qaydalar tətbiq olunub. SMDT hesab edir ki, karantin dönəmində Nazirlər Kabinetinin vətəndaşların konstitusion hüquq və azadlıqlarını ölkə miqyasında məhdudlaşdıran və ya qadağan edən qərarlar qəbul etməsi konstitusion səlahiyyətləri çərçivəsində olmayıb. Konstitusiyanın 71-ci maddəsi dövlət orqanlarının yalnız konstitusion əsasda və qanunla müəyyən edilmiş hüdudlarda fəaliyyət göstərməsini müəyyən etsə də, pandemiya ilə mübarizədə fövqəladə hallara dair xüsusi hüquqi rejim tətbiq edilib, ancaq bunun üçün konstitusion hüquqi əsaslar mövcud olmayıb.”
SMDT qeyd edir ki, karantinin tətbiqi fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərindən 3 həftə sonraya təsadüf edib və bu proses seçkilərin nəticələri barədə ictimai müzakirələrə mənfi təsir edib.
“Yerli və beynəlxalq müşahidəçilərin ciddi tənqidlərinə məruz qalan növbədənkənar parlament seçkiləri əvvəlki seçkilərdən fərqlənməyərək, ciddi qanun pozuntuları və siyasi azadlqıların boğulması şəraitində baş tutub. Nəticədə 9 fevral seçkiləri zamanı gərginləşən vətəndaş-dövlət münasibətləri baxımından ölkə pandemiya dönəminə siyasi böhranla qədəm qoyub. SMDT təssüflə bildirir ki, pandemiya öncəsi ölkədə 104 nəfər siyasi məhbus olduğunu bildirən yerli hüquq müdafiəçilərinin çağrışlarına baxmayaraq, onların azad olunması üçün siyasi iradə nümayiş etdirilməyib. Əksinə pandemiya sonrası siyasi repressiyalar artaraq, siyasi motivli həbslərin sayı çoxalıb. Karantin qaydalarının pozulmasına görə polisin tətbiq etdiyi inzibati məsuliyyət tədbirləri kütləvi xarakter daşımaqla bu sahədə Avropa Şurası ölkələrinin yaxşı təcrübəsindən köklü şəkildə fərqlənib. Nəticədə Azərbaycanda karantin qaydlarının pozulması ilə bağlı həm həbslər, həm də cərimələr kütləvi şəkildə tətbiq olunmaqla vətəndaşların mənafeyini zəruri şəkildə qorunmayıb.”
SMDT pandemiyaya qarşı mübarizə dönəmində hakimiyyət orqanlarının insan hüquq və azadlıqlarının müdafiəsində beynəlxalq öhdəliklərə və Avropa Şurası ölkələrinin yaxşı təcrübəsinə istinad etməsini tövsiyyə edərək, karantinin tətbiqi ilə bağlı icra hakimiyyəti orqanlarının fəaliyyəti üzərində parlament və vətəndaş cəmiyyəti təşkilatlarının nəzarəti zəruri sayır.
Pandemiya öncəsi ölkədə 104 nəfər siyasi məhbus olduğunu bildirən yerli hüquq müdafiəçilərinin çağrışlarına baxmayaraq, onların azad olunması üçün siyasi iradə nümayiş etdirilməyib. Əksinə pandemiya sonrası siyasi repressiyalar artaraq, siyasi motivli həbslərin sayı çoxalıb.SMDT-nin hesabatından sitat
SMDT həmçinin tövsiyyə edir ki, məhkəmələr inzibati xətalarla bağlı hallara daha ədalətli yanaşmalı, inzibati pozuntulara görə saxlanmış şəxslərin iradəsinə zidd olaraq video və foto çəkilişlərin aparılmasına son qoymalıdı. Bununla yanaşı ölkədə dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etmadsızlıq mühitinin aradan qalxması, habelə siyasi böhranın dərinləşməsinin qarşısının alınması üçün siyasi motivlərlə həbs olunmuş şəxslərin işləri obyektiv araşdırılmalı, Avropa Şurası Parlament Assambleyası və yerli hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslər azadlığa buraxılmalıdır.
SMDT-nin apardığı araşdırmalara görə, pandemiya dövründə qaydaları pozduğuna görə Ukraynada əhalinin hər 100 min nəfərindən 41 nəfəri, Gürcüstanda 112 nəfəri, Türkiyədə 582 nəfəri, Azərbaycanda isə 1820 nəfəri cərimə və ya həbs edilib.
Azərbaycan hakimiyyəti COVİD-19 pandemiyası dövründə qanunvericiliyin tətbiqində ayrıseçkiliyə yol verilmədiyni və siyasi iradəsinə görə insanların təqib edilmədiyini bildirib. Hüquq mühafizə orqanları isə insanların kütləvi təqibi və həbsinə yol verilmədiyini bəyan edib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.SMDT qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən yenidən təsis edilib. 24 iyul 2001-ci ildə təsis olunmuş SMM-nin qeydiyyatı 14 may 2008-ci ildə Azərbaycan Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon Məhkəməsi ləğv edib.
SMDT (SMM) Azərbaycan bir çox seçkiləri, həmçinin üzv olduğu Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa Platforması (EPDE) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyaları tərkibində Albaniya, Belarus, Türkiyə, Ukrayna, Gürcüstan, Qırğızıstan və Qazaxıstanda keçirilən prezident, parlament seçkiləri və referendumu müşahidə edib.