Accessibility links

Somali təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib


Somali rəsmiləri Əl-Şəbəb yaraqlı qrupunun liderinin ABŞ-ın hava hücumu nəticəsində qətlə yetirilməsindən sonra təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.

ABŞ rəsmiləri Əhməd Əbdi Qodanın bu həftənin əvvəli keçirilmiş hava hücumu nəticəsində qətlə yetirildiyini təsdiq ediblər.

Müdafiə nazirliyinin sözçüsü, kontr-admiral Con Körbi açıqladığı bəyanatda ABŞ-ın keçirdiyi hərbi əməliyyatın Qodanın ölümü ilə nəticələndiyini bildirib. Şahidlər Əl-Şəbəb liderlərinin Somalinin cənubunda keçirdikləri görüşdən sonra ABŞ-ın məsafədən idarə edilən təyyarəsinin əraziyə raket atdığını bildiriblər.

Somalinin baş naziri Əbdiveli Şeyx Əhməd Amerikanın Səsinin Somali xidmətinə müsahibədə ölkəsinin Qodanın yerinin tapılmasında Pentaqona kömək etdiyini və onun qətlinə razılıq verdiyini deyib.

Somalinin təhlükəsizlik naziri Xəlif Əhməd Ereq yaraqlıların qisas almaq üçün hökumət binalarına hücum edə biləcəyini bildirib. “Əl-Şəbəb qrupunun qalan üzvləri məktəblər, tibbi və hökumət binalarına hücum etməyi planlaşdırır. Hökumət qüvvələri belə hücumların qarşısını almağa hazırdır”-deyə o bildirib.

ABŞ prezidenti Barak Obama bildirib ki, Birləşmiş Ştatlar Əl-Şəbəb qrupunun əməliyyatlarının qarşısının alınması üçün daim iş aparır. Ağ Evin açıqladığı bəyanatda bildirilib ki, Qodanın döyüş meydanından götürülməsi Afrikada əl-Qaidə ilə əlaqəsi olan ən böyük qrupu üçün həm simvolik mənada, həm də əməliyyat baxımından böyük itki hesab edilir və kəşfiyyat, hərbi və təhlükəsizlik qüvvələrinin illərdir apardığı gərgin işi əks etdirir.

XS
SM
MD
LG