Manatın dekabrın 21-də üzən məzənnəyə keçməsindən sonra Bakının bazar və mağazalarında hələ də stabillik yaranmayıb. Qiymətlər sürətlə qalxmaqda davam edir. İstər ərzaq, istərsə qeyri-ərzaq məhsullarının qiymətlərində o qədər xaotik müxtəliflik var ki, satış müəssisələri də, alıcılar da çaşqınlıq içərisindədir.
Amerikanın Səsinin müxbirinin Bakının bazarlarında və mərkəzi küçələrində yerləşən mağazalarda səhər saatlarında apardığı müşahidələrə görə həm yerli məhsullar, həm də xaricdən idxal olunan məhsulların qiymətləri 40-80 faiz arasında qaldırılıb. Məişət texnikası, mobil telefonların qiymətləri 70-80 faiz arasında artırılıb.
Ərzaq məhsullarının qiymətləri 40-70 faiz arasında qaldırılıb. Hətta bəzi mağazalarda öncə 30 qəpiyə satılan “zavod çörəyi” indi 40 qəpik olub.
Bununla yanaşı, restoranlar və şadlıq evlərində də qiymətlərdə 40-70 faiz artım qeydə alınmaqdadır.
“Biz bütün məhsulları bazar və mağazalardan alırıq. Orada qiymətlər qaldırılıbsa biz nə etməliyik? İndi qabaqcadan qiymət danışdığımız müştərilərlə də problemlər yaşanır”, şadlıq evlərindən birinin inzibatçısı Amerikanın Səsinin müxbirinə deyib.
Müşahidəçilər hesab edir ki, ölkədə xaotik qiymət artımı insanların yerli satış müəssisələrinə etibarını azaldır.
“Azərbaycan hökumətinin siyasəti həmişə vətəndaşların xarici ölkələrə xeyir verməsinə yönəlir. Mərkəzi Bankın valyuta siyasəti, bazarlardakı xaotiklik və həddindən artıq qiymət artımı istehlak bazarında yeni iqtisadi mənzərəyə səbəb olub. Vətəndaşlar adi ehtiyaclarını qarşılamaq üçün kütləvi şəkildə qonşu ölkələrə - Gürcüstan, İran, Türkiyə və Rusiyaya üz tutacaq. Bu ölkələrdə ərzaq və tələbat malları Azərbaycandakından iki dəfə və daha çox ucuzdur”, topdansatış müəssisələrindən birinin marketinq üzrə eksperti bildirib.
Ekspert idxalda monopoliyanın aradan qaldırlımasını vacib sayır:
“Bu, idxal mallarının qiymətinin aşağı düşməsi üçün yeganə düzgün yol olar”.
O, hökumətin vaxtı ilə avtomobil idxalına aksiz vergisinin tətbiqini, reeksport siyasətinin aparılmamasını da səhv qiymətləndirir:
“Bu siyasət ölkəni köhnə avtomobillər qəbiristanlığına çevirdi və Azərbaycan vətəndaşları Gürcüstana milyonlarla dollar vəsaiti bağışladı. Hökumət bunun da cavabını verməlidir”, o qeyd edib.
Öz növbəsində, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev APA agentliyinə bildirib ki, istehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək:
"Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq", Mustafayev qeyd edib.