Azərbaycanda son 10 ildə korrupsiya cinayətləri nəticəsində dövlətə 200 milyon manatdan artıq ziyan vurulub.
Bu barədə 2015-ci ilin birinci rübünün yekunlarına dair keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.
K.Əliyev qeyd edib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yaranan gündən indiyədək 1781 vəzifəli şəxs barəsində 1025 cinayət işinin məhkəmələrə göndərilməsi təmin edilib
Onlardan 68-i rüşvət alma, 133-ü vəzifə səlahiyyətlərindən sui-istifadə, 449-u qulluq mövqeyindən istifadə edərək talama cinayətləri ilə əlaqədar olub:
“Dəymiş ziyanın dövlət büdcəsinə ödənilməsi məqsədilə 173 milyon manatlıq əmlak üzərində həbs qoyulub. 122 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib”, o bildirib.
Cinayət işləri ilə bağlı Baş İdarənin əməliyyat qrupları tərəfindən 76 əməliyyat tədbirləri həyata keçirilib.
Onun sözlərinə görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu ilin birinci rübündə istintaqı tamamlanaraq məhkəməyə göndərilən 39 cinayət işi bir çox sahəni əhatə edib.
Həmin cinayət işlərinin 14-ü özəl sektor, 4-ü icra hakimiyyətləri, 2-si təhsil, 2-si bələdiyyə, 1-i səfərbərlik xidməti, 3-ü bank sektoru, digərləri isə sosial sahə ilə bağlı olub.
Daha sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərin sualalrını cavablandırıb.
Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsinin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin 10 il ərzində ölkə prezidentinin sərəncamını yerinə yetirməyərək gəlir bəyannaməsinin blanklarının nümunəsinin hazırlamaması ilə bağlı Amerikanın Səsinin sualına cavabda Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov bildirib ki, komissiyanın bu nümunələrin hazırlanmasına tərəfdar olduğunu bildirib. Amma, o nümunələrin nə vaxt hazırlanacağı ilə bağlı məlumat verməyib.
Kamran Əliyev isə bildirib ki, hazırda nümunələrin hazırlanması istiqamətində təkmilləşdirmə işləri aparılır.
“Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsinin tətbiqi mütləq icra ediləcək. Çalışırıq ki, bunun ən optimal formasını seçək. Hazırda bu sahədə bir neçə ölkənin təcrübəsini öyrənirik. Bəzi ölkələrdə bu sənədin tətbiqi öz səmərəsini vermədi. Biz də çalışırıq ki, bu sənədin tətbiqi ən səmərəli şəkildə tətbiq edilsin. Azərbaycanın hüquq sisteminə ən uyğun format öyrənilib tətbiq ediləcək”, o bildirib.
Cənab Əliyev eyni adamın adına iki ildə 141 şirkət yaradılması, həmin şirkətlərin dövlət orqanlrından 240-dan çox satınalma üzrə tenderi udması, aldadıcı şirkətlərin yaradılıb maliyyə vəsaiti əldə etdikdən sonra bağlanaraq vergidən yayınması, idxal və ixracla bağlı məhsulların qiymətləri və çəkisi arasına qonşu ölkələrin gömrük statistikası ilə Azərbaycanın gömrük statistikası arasında kəskin fərqlərin olması ilə bağlı Amerikanın Səsinin suallarına da cavab verib.