Accessibility links

Rafiq Tağının qətlindən dörd il keçir


Foto ann.az saytına məxsusdur
Foto ann.az saytına məxsusdur

Qətl hələ də açılmayıb

Noyabrın 23-də bir qrup jurnalist və vətəndaş cəmiyyəti fəalı yazıçı-publisist Rafiq Tağının vəfatının dördüncü ildönümünü qeyd edib, onun məzarına gül dəstələri qoyub. İki publisist və bir naşirə "Rafiq Tağı" mükafatı təqdim edilib.

"Dalğa" Gənclər Hərəkatı tərəfindən təsis edilmiş mükafatın 2015-ci il laureatları arasında Kulis.az saytının redaktoru Səfir Ağayar, "Azadlıq" radiosunun oxu zalının redaktoru, yazıçı Nərmin Kamal, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu var.

2012-ci ildə təsis edilmiş mükafat ümumbəşəri və Avropa dəyərlərinin yayılmasında xüsusi olaraq fərqlənənlərə təqdim edilir.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun boynuna, qarnına və çiyninə bir neçə bıçaq xəsarəti yetirib və qaçıb gizlənib. Publisist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və üç gün sonra - noyabrın 23-də dünyasını dəyişib.

Peşəcə həkim olan Tağı eksentrik nəşrləri ilə məşhur idi. 2006-cı il noyabrın 15-də o, "Sənət" qəzetində Qərbdə bir sıra nəşrlərdə Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunması ilə bağlı qalmaqala həsr olunmuş "Avropa və biz" essesini dərc edib.

2006-cı il noyabrın 19-da Rafiq Tağı və "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu məhkəmənin qərarı ilə Məhəmməd peyğəmbəri təhqir etməkdə günahlandırılaraq (Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsi - milli, irqi və dini ayrı-seçkilik) həbs edilib.

2007-ci il mayın 4-də Səbail rayon məhkəməsi onu üç il, Samir Sədaqətoğlunu isə dörd il müddətinə azadlıqdan məhrum edib.

Həbsdən bir müddət əvvəl "Sənət" qəzetində Rafiq Tağının uydurma "Tapdağıstan" ölkəsinin prezidenti haqqında satirik-erotik hekayəsi dərc edilmişdi.

Bundan sonra Azərbaycanda və İranda radikal dindarlar Rafiq Tağının ölümünü tələb edirdilər. Eyni zamanda, bir qrup Azərbaycan yazıçısı və ictimai xadimi, habelə beynəlxalq təşkilatlar Rafiq Tağının həbsdən azad edilməsi tələbi ilə çıxış edib. 2007-ci il dekabrın 28-də onlar Azərbaycan prezidentinin sərəncamı ilə əvf olunub.

Ölümündən iki həftə əvvəl - noyabrın 10-da Rafiq Tağı dərc etdirdiyi yeni "İran və qloballaşmanın qaçılmazlığı" məqaləsində dini dövlət, dini fanatizmi aşıladığına görə tənqidə məruz qoyub, bundan sonra yenə təhdidlərə məruz qalıb.

Publisistin qətli və qətlin motivi indiyədək açılmayıb.

XS
SM
MD
LG