Gənclərin Atlantik Müqaviləsi Assosiasiyasının rəhbəri Zaur Əkbər Amerikanın Səsinə müsahibəsində Azərbaycanda manatın devalvasiyası və bahsalaşmanın gənc ailələrə təsirlərindən danışıb.
Amerikanın Səsi: Manatın devalvasiyası və inflyasiyanın gənc ailələrin həyatına əsas təsirləri nədir?
Baş vermiş devalvasiya ölkədə, xüsusilə gənclər arasında iqtisadiyyata dərin bir ümidsizlik, pessimizimin yaranmasına gətirib çıxarmış oldu.
Zaur Əkbər: İşsizliyin yüksək olduğu dövrdə inflyasiya bu prosesi bir az da dərinləşdirdi. Əgər biz devalvasiyadan qabaqkı vəziyyətə baxsaq Azərbaycanda, xüsusilə regionlarda gənclər arasında işsizliyin səviyyəsi kifayət qədər yüksək idi. Son devalvasiya isə bu prosesi bir az da sürətləndirdi. Artıq bu proses dövlət müəssisələrində işləyən vətəndaşlarımıza sirayət etmiş oldu. Belə ki, bir çox dövlət müəssisələrində ixtisarlar başladı.
Qiymətlərin bahalaşması xüsusilə gənclərin, gənc ailələrin həyatına böyük mənfi təsir etdi. Nəzərə alsaq ki, bu gün Azərbaycan gənclərinin əksər hissəsi imkansızlıq, işsizlik üzündən ailə həyatı qura bilmir. Əminliklə demək olar ki, baş vermiş devalvasiya ölkədə, xüsusilə gənclər arasında iqtisadiyyata dərin bir ümidsizlik, pessimizmin yaranmasına gətirib çıxarmış oldu.
Amerikanın Səsi: Hökumət gənc ailələrin müdafiəsi üçün yetərli tədbirlər görürmü?
Əgər hökumət həqiqətən də səmimi görünmək istəyirsə atdığı ilk addım gənc ailələrə faizsiz ipoteka kreditlərinin verilməsi olar.
Zaur Əkbər: Son dövrlərə baxdıqda hökumətin gənc ailələrlə bağlı atdığı addımlarda heç bir irəliləyiş hiss edildiyini demək olmaz. Əgər hökumət həqiqətən də səmimi görünmək istəyirsə atdığı ilk addım gənc ailələrə faizsiz ipoteka kreditlərinin verilməsi olar. Məsələn, 2008-ci ildə İspaniyada belə bir dərin böhran baş verəndə hökumətin atdığı ilk addım bütün ailələrə, xüsusilə gənc ailələrə faizsiz uzunmüddətli ipoteka kreditlərinin verilməsi oldu. Bu da bir növ böhranın qarşısını almış oldu.
Amerikanın Səsi: Ölkədə gənclər arasında işsizliyin azaldılması üçün hansı işlər aparılır?
İnsanlar işsizlikdən əziyyət çəkirlər.
Zaur Əkbər: Statistika Komitəsinin, hökumət nümayəndələrinin verdiyi məlumatlara inansaq Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq reallıqda isə rəqəmlər başqa cürdür. Bu gün Azərbaycanda işsizlik, demək olar ki, xüsusilə regionlarda daha geniş miqyasda yayılıb. Regionlarda son zamanlar baş verən etiraz aksiyaları bunun bariz nümunəsidir. İnsanlar işsizlikdən əziyyət çəkirlər. Hətta adi çörək belə qazana bilməyən insanlar var ki, onlar bu gün küçələrdə öz etiraz səsini qaldırır.
Amerikanın Səsi: Gənclərin parlamentdə və hökumətin idarə edilməsində iştirakı əhalinin yaş tərkibi ilə uzlaşırmı? Azərbaycanda gənc nazir kimə deyərdiniz?
Hökumət nümayəndələri hər zaman gənclərə olan diqqət və qayğını ifadə edir. Reallıqda isə biz bununn tam əksini görürük.
Zaur Əkbər: Azərbaycan hökumətinin gənclərlə bağlı siyasəti var. Hökumət nümayəndələri hər zaman gənclərə olan diqqət və qayğını ifadə edir. Reallıqda isə biz bunun tam əksini görürük. Mən deməzdim ki, bu gün parlamentdə və digər dövlət strukturlarında təmsil olunan gənclər, xüsusilə hakimiyyətin yüksək mövqelərində təmsil olunanların çoxu gənclərdir. Məsələn, gənclər naziri Azad Rəhimov, bu nazir özü gənc deyil. Onun haradasa təxminən 50-dən çox yaşı var. Gənclərə olan diqqət və qayğı bu kontekstdə götürülməlidir: gənclərə aid nazirlikdə gənc adamlar, mütəxəssislər olmalıdır. Bu onu deməyə əsas verir ki, ümumən toplum olaraq gənclərə qayğı göstərilmir. Bu balans hökumət, dövlət strukturlarında təmin olunmur.
Amerikanın Səsi: Əvvəllər Azərbaycanda gənclərin forumu keçirilirdi, müxtəlif siyasi əqidəli, müxtəlif baxışlı gənclər toplaşırdı. Son dövrlər belə toplantılar olmur. Səbəbi nədir?
Azərbaycan hakimiyyəti bütün konfrans zallarını, hətta otellərin zallarını azad, müxalif düşünən gənclərin üzünə bağlayıb.
Zaur Əkbər: Səbəb aydındır. Azərbaycan hakimiyyəti bütün konfrans zallarını, hətta otellərin zallarını azad, müxalif düşünən gənclərin üzünə bağlayıb. Biz bir neçə dəfə cəhd etmişik ki, bu cür tədbirlər, forumlar keçirək. Amma təəssüflər olsun ki, bizim müraciətimizə mənfi cavab verilib. Soruşanda ki, əsasınız nədir, deyiblər ki, sadəcə bizə tapşırıblar ki, bu təşkilatlara yer verməyin.