Mayın 15-də Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul etməsi Azərbaycan iqtidarı tərəfindən tənqidlə qarşılanıb.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var.
Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların diqqətində olub.
“Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, ona görə də tərəfsizliyini nümayiş etdirməlidir. Biz bunu görmürük. Ola bilməz ki, hansısa qeyri-hökumət təşkilatının sənədlərində problem olmasın. Bu, həll edilə bilən bir şeydir”. Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Ali Məhkəməsinin qərarına münasibət bildirib.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə hesab edir ki, bəzi qüvvələr Rusiya ilə Azərbaycanın münasibətlərini pozmağa çalışırlar.
“İki ölkə prezidentlərinin münasibəti normaldır”, o qeyd edib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynlinin fikrincə, Rusiyanın bu qərarı anlaşılan deyil.
“Son illər Azərbaycanla Rusiya arasında starteji əməkdaşlıq yüksək səviyyədə olub. Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş olacaq”, o belə hesab edir.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib ki, Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi hər kəsi narahat edir.
“Azərbaycanın qonşu dövlətlərlə münasibətləri həmişə yaxşı olub. Buna baxmayaraq, Rusiyada bəzi dövlət məmurları öz maraqlarını üstün tutaraq bu cür addımlar atır”.
Onun sözlərinə görə, Azərbaycanda rus məktəbləri fəaliyyət göstərir.
“Ermənistanda isə heç rus dilində bağça yoxdur. Biz beynəlxalq təşkilatların Rusiyaya qarşı mövqeyi fərqli olanda da həmişə neytrallığımızı qoruyuruq. Amma qarşı tərəf bunu nəzərə almır. Bununla bağlı Rusiya hökumətinə müraciət olunmalıdır. Bu cür addımlar münasibətlərin pisləşməsinə rəvac verir. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq müraciət edəcəm ki, Azərbaycanda fəaliyyət göstərən Rusiyanın qeyri-hökumət təşkilatlarının fəaliyyəti yoxlanılsın, onlar hesabat versinlər”, o qeyd edib.