Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən Saniyə Hüseynova şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Baş Prokuroluğun aprelin 3-də yaydığı məlumatda deyilir.
Məlumata görə, Şəki şəhər sakini Türkan Məmmədova martın 28-də Perinatal Mərkəzdə keysəriyyə əməliyyatı keçirib, martın 31-də isə elə mərkəzdə vəfat edib.
"Bu ölüm faktı ilə bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb", məlumatda vurğulanır.
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Amerikanın Səsinə müsahibəsində bildirib ki, 2017-ci ildə başçılıq etdiyi təşkilat reproduktiv sağlamlıqla tədqiqatlar aparıb və hesabat hazırlayıb.
Hesabat qadınların keyfiyyətli səhiyyəyə əl çatımlılığı, hamilə qadınlar, doğuş, reproduktiv sağlamlıq və digər sahələri əhatə edir.
"Araşdırmanın nəticəsi göstrərir ki, analara keyfiyyətli tibbi xidmət göstərilmir. Ümumiyyətlə səhiyyə sistemində ciddi problemlər mövcuddur və bu sistemin ciddi islahatlara ehtiyacı var”, o qeyd edib.
Hüquq müdafiəçisinin sözlərinə görə, ana, uşaq ölümü, abortlar, selektiv abortlar, süd vəzinin xəstəlikləri və başqa bir neçə əlaqəli mövzular var ki, bunlar artmaqdadır.
“Ana və uşaq ölümü ilə bağlı rəqəmlər çox acınacalıdır. Bu sahədə Dövlət Statistika Komitəsinin rəqəmləri reallığı əks etdirmir. Real vəziyyət daha acınacaqlıdır. Bəzi hallarda ana ölümünü başqa adlar altında qeydiyyatdan keçirirlər. Amma mövcud olan rəsmi rəqəmlər də çox narahaçılıq doğurur”.
Onun sözlərinə görə, ölkədə qadınların reproduktiv sağlamlıqla bağlı maarifləndirilməsi çox aşağı səviyyədədir.
“Bizim hesabatımız da bunu sübut edir. Reproduktiv sağlamlıqla bağlı hesabatı bir neçə həftəyə ictimaiyyət üçün açıqlayacağıq”, İsmayılova qeyd edib.
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri hesab edir ki, bir çox müalicə mərkəzləri daha çox pul qazanmaq üçün qadınalrı keysəriyyə əməliyyatına həvəsləndirir.
“Keysəriyyə əməliyyatına daha tez-tez müraciət edilir. Bunun da əsas səbəbləri məhz kommersiya məqsədləridir. Bu əməliiyatın qiyməti təbii doğuşun qiymətindən 1-2 dəfə baha olduğuna görə qadınları keysəriyyə əməliyatına yönəldirirlər” hüquq müdaifəçisi deyib.