Accessibility links

Avtomobillərin özgəninkiləşdirilməsi və mobil cihazların qeydiyyat rüsumları artırılıb


Avtomobillərin özgəninkiləşdirilməsi və mobil cihazların qeydiyyata alınması ilə bağlı dövlət rüsumları artırılıb.

Baş nazir Novruz Məmmədov Milli Məclis tərəfindən qanunvericiliyə edilən dyişikliklərə uyğun olaraq "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi, haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" adlı sənədləri təsdiq edib.

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

2000 kubsantimetrədək, mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,05 manat, 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 0,1 manat, 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 0,2 manat, 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 0,3 manat, 5000 kubsantimetrdən çox olduqda 1500 manat.

Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

İstehsal tarixi 4 ilədək olan minik avtomobillərinə - 1,0, istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə - 0,8, istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə - 0,3 manat müəyən edilib.

Mobil cihazların qeydiyyata alınması ilə bağlı qərara görə foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda - 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda - 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat.

İndiyədək bazar qiymətindən asılı olmayaraq mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilib.

Daha əvvəl fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə heç bir rüsum ödənilməyib. Sadəcə, alqı-satqı əməliyyatının notarial qaydada həyata keçirilməsi üçün 50 manat məbləğində rüsum ödənilib.

Hökumətin qərarı sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Xüsusilə avtobus və metroda sərnişin daşınma qiymətlərinin artırılmasından sonra hökumətin bu qərarı qəbul etməsi əksər sosial şəbəkə iştirakçılarına daha sərt tənqid üçün sanki stimul verib.

İqtisadçı Natiq Cəfərli yazır ki, nəqliyyatda gediş haqqının artırılması qərarırının mürəkkəbi qurumamış hökumət fiziki şəxslər üçün mobil telefonların qeydiyyat rüsumunu kəskin artırıb.

“Fiziki şəxslər mobil telefon alıb, ölkəyə gətirib qeydiyyata salmaq üşün əvvəl hər cihaza cəmi 5 manat rüsum ödəyirdilər. Qalstuklular bu məbləğı az gördülər, bu gün yeni rüsumlar təsdiq edilib, bu da yeni tariflər:

Bazar qiyməti: 1) 100 ABŞ dollarına qədər olduqda - 30 manat, 2) 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat, 3) 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat, 4) 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat, 5) 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda - 100 manat, 6) 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat.

Deməli rüsumlar 6 dəfədən 30 dəfəyə qədər birdən-birə artırılır. Müəllimlərin məqsədi bu sahədə də tam inhisarçılığın yaradılması, fiziki şəxslərin telefon gətirməsinin qarşısının alınması, böyük şirkətlər üçün yolun təmizlənməsidir. Telefon satış ilə məşğul olan böyük şirkətlər, və ya rəsmi dillerlər kimə məxsusdur? Bəli, düz tapdız, elə həmin qalstuklu müəllimlərə, onların yaxınlarına, quhum-əqarbalarına.Bax belə, əsl feodalizmdir, sadəcə WiFi var…”, o, Facebook səhifəsində qeyd edir.

İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.

“Göründüyü kimi fiziki şəxslərin hətta fərdi ehtiyacları üçün gətirdikləri mobil cihazların qeydiyyat rüsumları 4 dəfədən 30 dəfəyədək qaldırılıb. Bu qərar ilk növbədə yeni model və müasir funksiyalara malik olan mobil cihazların bazar qiymətini bahalaşdıracaq. İkincisi, bazarda bu növ məhsulları təklif edən şirkətlərə üstün və hökmran mövqe qazandıracaq. Üçüncüsü, bu bizneslə məşğul olan fərdi sahibkarları sıradan çıxaracaq. Dördüncüsü, radiasiya riski yüksək çin mobil cihazların idxalını stimullaşdıracaq. Nəhayət, köhnə telefonların istismar müddətini uzatmaqla istehlakçıların müasir və keyfiyyətli texnologiyalara çıxış imkanlarını məhdudlaşdıracaq”, ekspert Facebook səhifəsində yazıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG