Accessibility links

STP: Azərbaycan hökuməti Avropa İttifaqına inteqrasiyadan yayınır


Sivil Toplum Platforması
Sivil Toplum Platforması

Sivil Toplum Platforması (STP) Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdşalıq Sazişinin 20 illiyilə bağlı müraciət yayıb.

STP ölkənin tanınmış hüquq müdafiəçilərinin, ziyalıların, ictimai xadimlərin birliyidir. İctimai qurum ölkədə fundamental hüquq və azadlıqların yerinə yetirilməsi üçün çalışır.

Müraciətdə deyilir:

Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) imzalanmasından 20 il ötür. Demokratiya, insan hüquqları və qanunun aliliyinə hörmət, eləcə də bazar iqtisadiyyatında islahatlar, azad ticarət və digər fundamental sahələrdə əməkdaşlığın qurulmasını nəzərdə tutan bu saziş Azərbaycan ictimaiyyətinin 1918-ci ildə qurulmuş Demokratik Cumhuriyyətin banilərinin ideyalarından qaynaqlanan demokratik dövlət və azad cəmiyyət quruculuğu ümidlərini daha da artırırdı.

Yenidən müstəqillik əldə edildikdən sonra ölkədə fundamental insan hüquq və azadlıqlarının təmin olunması üçün əlverişli şərait yaransa da, Sivil Toplum Platforması (STP) təəssüflə qeyd edir ki, bu yöndə gərəkli addımların atılması yubanmaqdadır. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasından sonrakı dövrdə Azərbaycanda azad, demokratik seçkilər, söz azadlığı, insan hüquqlarına hörmət, digər əsas hüquq və azadlıqlarla bağlı çox ciddi problemlər yaranıb. Siyasi motivli təqiblər, 90-dan artıq siyasi məhbusun olması bu sahədəki problemlərin nə qədər qorxunc şəkil almasının aydın ifadəsidir.

Sivil Toplum Platforması təəssüf edir ki, hökumət bu sazişlə üzərinə götürdüyü öhdəliklərin icrasından, Avropa İttifaqına inteqrasiyadan yayınır. Hökumət 2015-ci ilin mayında Avropa İttifaqı ilə Assosiasiya Sazişini, Strateji Tərəfdaşlıq haqqında Saziş imzalamaqdan imtina edib. Helsinki Yekun Aktında, yeni Avropa üçün Paris Xartiyasında müəyyən olunan, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın mühüm elementini təşkil edən demokratik prinsiplərin və insan hüquqlarının təmin edilməsi sahəsində öhdəliklər yerinə yetirilməyib.

STP həmçinin, Avropa İttifaqının hökumətin öz öhdəliklərinə əməl etməməsinə yönəlik passivliyindən narahatlığını ifadə edir. Bu passivlik Avropa İttifaqının iqtisadi, enerji təhlükəsizliyi məzmunlu prinsipləri insan haqları və demokratiyadan daha üstün tutması qənaəti yaradır, cəmiyyətin avrointeqrasiyaya inamını sarsıdır.

Sivil Toplum Platforması bu şəraitdə Avropa İttifaqını özünün ümumi qəbul olunmuş fundamental dəyər və prinsiplərinə daha duyarlı yanaşmağa, sazişdə də nəzərdə tutulan fundamental hüquq və azadlıqların durumuna çevik və adekvat reaksiya göstərməyə çağırır.

Sivil Toplum Platforması Hökuməti

- Avropa İttifaqı siyasətini TƏS-də nəzərdə tutulmuş əsaslar üzərində inşa etməyə;
- bölünməz, universal dəyərləri – insan ləyaqəti, azadlıq, bərabərlik və həmrəyliyi müdafiə və inkişaf etdirməyə;
- demokratiya və qanunun aliliyi prinsiplərini həyata keçirməyə;
- hər bir toplumun tərəqqisinin əsası olan ifadə azadlığını təmin etməyə;
- bütün siyasi məhbusları və vicdan məhbuslarını azad etməyə;
- genişmiqyaslı siyasi və iqtisadi islahatlara;
- ən qısa zamanda Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamağa;
- sivil toplum qurumlarının maneəsiz fəaliyyəti üçün əlverişli şərait yaratmağa çağırır.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq ölkədə insan hüquq və azadlıqlarının tam bərpa edildiyini, siyasi təqiblərin və siyasi məhbusların olmadığını bildirir.

Bununla yanaşı, beynəlxalq qurumlar ölkədə fundamental azadlıqlarla bağlı problemlərin aradan qaldırılması xahişi ilə Azərbaycan rəhbərliyinə çoxsaylı müraciətlər edib. Amnesty İnternational ölkədə otuzdan çox insanı “vicdan məhbusu” elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG