Türkiyə lirəsinin dollar qarşılığında daha çox dəyər itirməyə davam edərək, rekord səviyyədə düşməsi investor kapitalı axını və ölkənin vəziyyətə nəzarət edə bilməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub.
Çərşənbə günü lirənin dəyərini beş faiz itirməsi nəticəsində bir dollar 4.80 lirə səviyyəsində qərarlaşıb.
Bunun nəticəsində Türkiyənin Mərkəzi Bankı iyunun 7-də maliyyə siyasəti ilə bağlı keçiriləcək iclasdan öncə faiz dərəcələrini artırmaq kimi təzyiqlə qarşılaşır. Lakin prezident Rəcəb Tayyib Ərdoğan faiz dərəcələrinin aşağı səviyyədə qalmasını istədiyinə görə bunun baş verəcəyi gözlənilmir.
Yüksək faiz dərəcələri valyutanı dəstəkləyərək, inflasiyanı zəilədə bilər, lakin bu, eyni zamanda, daha yüksək faizli borclara görə iqtisadi inkişafın qarşısının alınmasına gətirib çıxara bilər.
Türkiyə lirəsi bu il başlanandan dollar qarşılığında dəyərini 20 faiz itirib. Bu isə idxal edilən malların qiymətinin artması və bunun nəticəsində insanların yoxsullaşması riskini yaradır.
Türkiyədə maliyyə bazarında böhran iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdə milli valyutaların təzyiqlə qarşılaşması kimi qlobal bir tendensiyanı əks etdirir. İqtisadçılar bunun səbəblərindən birini ABŞ-ın Mərkəzi Bankının faiz dərəcələrini artıraraq, investorları maliyyəni başqa ölkələr deyil, Birləşmiş Ştatlarda yerləşdirməyə təşviq etməsi ilə əlaqələndirir.
Türkiyənin demək olar ki, bütünlüklə xarici kapitaldan asılı olmasına görə, ən böyük zərər ölkənin bazarlarına dəyir. Milli valyutalarının dəyərini kəskin itirdiyi ölkələr arasında Braziliya və Argentinanı göstərmək olar.
Lakin bütün bunlarla yanaşı, Türkiyənin milli valyutasının dəyərini belə kəskin şəkildə itirməsi ölkədə mürəkkəb siyasi vəziyyətlə izah edilir. Mərkəzi bank əslində hökumətdən müstəqil bir qurumdur, lakin Ərdoğan gələn ay prezident və parlament seçkilərindən öncə banka faiz dərəcələrini artırmamaqdan ötrü təzyiq göstərir.
Baş nazirin müavini Bekir Bozdağ çərşənbə günü lirənin dəyər itirməsini Ərdoğana zərbə endirmək və seçkinin nəticələrinə təsir göstərmək məqsədilə xarici qüvvələr tərəfindən qəsd kimi qiymətləndirib.
İyunun 24-ü prezident seçkilərində Ərdoğanın əsas müxalif rəqibi olan Muharrem İncə Türkiyə liderini mərkəzin bankın maliyyə siyasətinə müdaxiləyə təcili şəkildə son qoymağa çağırıb.