Accessibility links

Şərqi Azərbaycan Vəkillər Birliyi türklərin təhqir edilməsini qınayıb


Şərqi Azərbaycan Vəkillər Birliyi yanvarın 26-da Tehranın Azadi stadionunda baş verənlər ilə bağlı bəyanat yayımlayaraq ‘İran stadionlarında səsləndirilən irqçi şüarlar və türklərə qarşı geniş aşağılama dalğasını’ qınayıb.

Yanvarın 26-da Tehranın Azadi Stadionunda Təbrizin Traktor komandası və Tehranın Perspolis komandası arasında keçirilən matç zamanı Perspolis azarkeşləri türklərə qarşı aşağılayıcı şüarlar səsləndiriblər.

Perspolis azarkeşlərinin bazar günü Tehran stadionunda səsləndirdiyi “eşşək” kəlməsi FIFA-nın daha əvvəl yayımladığı sənədlərdə irqi ayrı-seçkilik nümunəsi olaraq dərc edilib.

Türk fəallar və sosial media istifadəçiləri isə stadionda baş verənlərlə bağlı FİFA-ya müraciət kampaniyası başladıblar. #FIFA_hear_our_voice haştaqını paylaşan istifadəçilər Beynəlxalq Futbol Federasiyalarını (FIFA) İran futbolunda mövcud olan irqçiliyə son qoymaq üçün ölçülər götürməyə çağırıb.

Stadionlarda İranın türk vətəndaşlarına qarşı gördüyümüz etnik və irqi təhqirlər təəssüf və kədər hissi doğurur.
Təbriz Vəkillər Birliyi

Kampaniyanın ardınca Şərqi Azərbaycan Vəkillər Birliyi tərəfindən yayımlanan bəyanatda qeyd edilib ki, “stadionlarda İranın türk vətəndaşlarına qarşı gördüyümüz etnik və irqi təhqirlər, xüsusilə də son Traktor-Perspolis oyunu zamanı baş verənlər təəssüf və kədər hissi doğurur.”

Təbrizdə fəaliyyət göstərən Nasr News saytında dərc edilən bəyanatda etnik və irqi təhqirlərə son vermək üçün lazımi qanunların çıxarılması tələb olunub.

Vəkillər Birliyinin müraciətində həmçinin yazılıb ki, “bu təhqirlər dillər və mədəniyyətlərin İran toplumunda inkar edilməsinin bir nəticəsidir. Bizim təhsil sistemimiz etnik icmaların hüququnu inkar və görməzdən gələrək, dil hüquqlarını yerinə yetirməkdən də imtina edir. Təbii ki, bu məsələ toplumda ixtilaf və ayrılıq törədir.”

Avropa Futbol Assosiasiyaları (UEFA) və Beynəlxalq Futbol Federasiyaları (FIFA) himayəsində fəaliyyət göstərən FARE (Football Against Racism in Europe) şəbəkəsi 2017-ci ilin iyun ayında yayımladığı bir sənəddə stadionlarda iranlı azarkeşlərin türklərə qarşı səsləndirdikləri irqçi şüarlara diqqət çəkib.

FARE-ın sənədində o cümlədən, “Turkish donkey” (eşşək türk), “Donkey, get lost!” (Eşşək, get yox ol!), “There is no braying from the donkeys!” (Eşşəklərin anqırma səsi gəlmir!) və “The Turkish donkeys are silent!” (Eşşək türklər səssizdir!) şüarlarına işarə edilib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG