Accessibility links

Taliban qadın hüquqlarına "İslam qanunları çərçivəsində" hörmət edəcəyinə söz verir


Müharibənin dağıtdığı ölkə üzərində nəzarətini gücləndirən Taliban "İslam qanunları çərçivəsində" qadın hüquqlarına hörmət edəcəyini və "inklüziv İslam" hökuməti quracağına söz verib.

Talibanın sözçüsü Suhail Şahin, Talibanın siyasi ofisinin yerləşdiyi Qətərin Doha şəhərində Taliban liderlərinin digər rəqib qruplar və ABŞ -ın xüsusi sülh elçisi Zalmay Xəlilzad ilə "gərgin" müzakirələr apardığını bildirib.

"Bir neçə gündən sonra, əlbəttə ki, hakimiyyət ötürüləcək. Əfqanıstanda inklüziv İslam hökuməti qurmaq üçün müzakirələr və danışıqlar davam edir. Yaxın vaxtlarda açıqlanacaq" deyə Şahin Amerikanın Səsinə bildirib.

Birləşmiş Ştatlar və ümumilikdə dünya ictimaiyyəti Taliban rəhbərliyinin Əfqanıstan vətəndaş müharibəsini uzadacağından və ölkədəki insan haqlarını təhdid edəcəyindən qorxduğu üçün Kabildə zorla qurulan heç bir hökuməti tanımamağa söz verib.

Əfqan qadınların hüquqları

Əfqanıstanda qadınların hüquqları xüsusi narahatlıq doğurur. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bazar ertəsi Talibanı "Əfqan qadın və qızlarının çətin qazanılan hüquqlarını" qorumağa çağırıb.

Talibanın sözçüsü Zabihullah Mücahid ilk dəfə ictimaiyyət qarşısına çıxaraq Kabildə keçirilən mətbuat konfransında qadınlara "İslam qanunları- şəriət çərçivəsində bütün hüquqların veriləcəyini" deyib.

Mücahid həmçinin qadınların şəriət qaydalarına riayət etdikləri təqdirdə media sahəsində sərbəst işləyə biləcəklərini də bildirib.

Lakin daha əvvəl Amerikanın Səsinə danışan Suhail Şahin Əfqanıstan qadınlarının gələcək hökumətin tərkibində rol alıb-almayacağını açıq şəkildə söyləməkdən imtina edib.

"Qadınların hicaba geyinərək iş və təhsilə çıxışlarının ola biləcəklərini artıq elan etmişik. Bu gün (Əfqanıstan) televiziya kanallarında hicablı və işlərini görən qadınları görmüş ola bilərsiniz" deyə o bildirib.

Qadın xəbər aparıcıları Əfqanıstanın əsas televiziya kanallarında xəbərləri fasiləsiz yayımlayır, ancaq başlarını geyim və ya hicabla örtürlər.

Şahin Talibanın çərşənbə axşamı hökumət məmurları da daxil olmaqla hamı üçün "ümumi bir əfv" elan etdiyini söyləyib və onları işə qayıtmağa çağırıb.

XS
SM
MD
LG