Taymaz Mehrəlibəylinin sözlərinə görə, İranda pantürkizm kimi ittihamlara məruz qalmış fəallar həbs və məhkəmə zamanı çəkdikləri çətinliklərdən sonra iqtisadi yaşayışlarında da problemlərlə üzləşirlər.
Şərqi Azərbaycan vilayətində digər ailə üzvləri ilə bərabər turizm sahəsində çalışan Mehrəlibəyli Amerikanın Səsinə müsahibədə iqtisadi fəaliyyətlərinin İranın təhlükəzlik qurumları tərəfindən məhdudlaşdırılmasını açıqlamaqla yanaşı, 2013-cü ilin yanvar ayından bəri həbsdə olan qardaşı Yürüş Mehrəlibəylinin durumunu şərh edib.
“Qardaşım Yürüş Mehrəlibəyli Təbriz həbsxanasında olduğu müddətdə onun uzaqlığı, onunla görüşmə və məzuniyyətə çıxma problemləri bir yana, bizim ailəmizdə də bu səbəbdən yaranmış bəzi iqtisadi sorunlar vardır. Onlardan biri, burada yaşadığımız çalışma icazəsi problemidir,” deyə Taymaz Mehrəlibəyli ailənin Araz Sərbəst İqtisadi Bölgəsində təsis etdiyi Şanlı Türk Aras adlı turizm şirkətinin fəaliyyətlərinə maneələr törədildiyini bildirir.
O, şirkətin fəaliyyətlərinin turistlər üçün mədəni proqramlar, musiqi festivalları və ənənəvi yeməklər hazırlamaqdan ibarət olduğunu və bu məqsədlə bölgədə bir köç obası təşkil etdiklərini deyir:
Qardaşım Yürüş Mehrəlibəyli Təbriz həbsxanasında olduğu müddətdə onun uzaqlığı, onunla görüşmə və məzuniyyətə çıxma problemləri bir yana, bizim ailəmizdə də bu səbəbdən yaranmış bəzi iqtisadi sorunlar vardır. Onlardan biri burada yaşadığımız çalışma icazəsi problemidir.Taymaz Mehrəlibəyli
“İşimiz mədəniyyət və turizm işidir, başqa bir məna daşımır. Dövlətdən icazəli şəkildə edirik bunu. Amma, mənim pantürkizm sabiqəm olduğu üçün, mənim adıma deyil, dostların adına almağa məcbur olduq. Sonra mənim həyat yoldaşım Şanlı Türk Aras şirkətinin müdiri oldu. O zaman burada təhlükəsizlik qüvvələri işə əl qoydular. İşin bizim ailəyə məxsus olduğu bilindi.
Basqılar gəldi. Gündə bir bəhanə ilə obanın işini önləməyə çalışdılar. Sərhəddə olduğunu dedilər. Halbuki, orada bizimlə paralel, bizimlə bərabər və bizimlə sərhəddən eyni uzaqlıqda olan başqa iqtisadi fəaliyyətlər də var.
Biz bunu araşdırdıq və bunun dərinliyini öyrəndikdən sonra bir bəhanə olduğunu bildik. Təhlükəsizlik məsələlərini ortaya qoydular və bildik ki, bunu bizim ailə ilə toxundururlar. Bunu Araz Sərbəst Bölgəsinin baş müdiri bizə izah etdi. Dedilər ki, Təhlükəsizlik Şurası bunu istəmir. Bizə verilən icazəyə maneə yaratdılar. Buna görə, biz indi burada basqı altındayıq. Hər an işin tamamən dayandırılması ehtimalı var. Bizi məhkəməyə yolladılar. Jandarma, Sərhəd Təhlükəsizliyi və məhkəmə; bayramdan sonra bunlarla işlərimiz oldu.”
Mehrəlibəyli seçkilər vasitəsilə yaranmış atmosferdən yararlanaraq çalışmaların məhdud şəkildə olsa da davam etdiyini, ancaq fəaliyyətlərə bütünlüklə son qoyulma ehtimalının da mövcud olduğunu deyir. O, sərbəst bölgənin yerləşdiyi Culfa şəhərinin məsullarına məktub yazaraq onlardan yardım tələb edib.
Taymaz Mehrəlibəyli habelə 9 il həbsə məhkum olmuş və 2013-cü ilin yanvar ayından etibarən həbsdə olan qardaşının durumu, onun şərti azadlıq tələbi və ailəsinin iqtisadi fəaliyyətlərinə yaradılmış problemlər ilə əlaqəli prezident Həsən Ruhaniyə unvanladığı açıq məktub haqqında Amerikanın Səsinə məlumat verib.
Mən Türkiyədə qida mühəndisliyi oxumuşam. Ancaq, burada heç bir dövlət ya özəl şirkət tərəfindən iş mövzusunda müsbət cavab ala bilməmişəm.Taymaz Mehrəlibəyli
Mehrbəylinin söylədiklərinə görə, pantürkizm və bu kimi ittihamlara məruz qalmış bir çox fəal iqtisadi həyatlarında oxşar problemlərlə üzləşir.
“Burada hər bir milli-mədəni fəal bu çətinlikləri yaşayır. Sabiqəsində (rekordunda) pantürkizm, ya başqa ittihamlar olanda iş mövzusunda sorun yaranır. Mən Türkiyədə qida mühəndisliyi oxumuşam. Anca, burada heç bir dövlət, ya özəl şirkət tərəfindən iş mövzusunda müsbət cavab ala bilməmişəm. Zavodlarda da çalışmaq imkanım olmayıb. İndi də burada özümüzün qurduğu işdə də problem yaradırlar. Öyrəncilik zamanında fəaliyyətlərim oldu. Sonra nəzarət altına alınıb 3 il şərti həbs hökmünə məruz qaldım. Ondan sonra iş qonusunda hər yerdə çətinliklər yaşadım..,” deyə o əlavə edir.