Accessibility links

DTX Milli Şuranın oktyabrın 28-də keçirəcəyi mitinqdə terror törətmək istəyən qrupu "zərəsizləşdirdiyini" bildirir


Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxs Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Abdullah” ləqəbli Azərbaycan vətəndaşı Bəxtiyar Ələkbərovun yaşadığı evdə toplaşaraq, sonuncunu qeyd olunan cinayətkar birliyin tərkibində özlərindən ibarət dəstənin “əmir”i seçib.

Həmin şəxslər ardıcıl terror aktları törətmək məqsədi ilə əldə etdikləri maddə və ləvazimatlarla kustar üsulla partlayıcı-yandırıcı predmetlər hazırlayıb, 2017-ci il oktyabrın 22-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində seçdikləri məkanda sınaqdan keçirib. Həmin şəxslərin əməliyyat-texniki yolla ətraflı qeydə alınmış görüşlərində onlar ölkədə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək barədə razılığa gəlib. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış şəxslərin saxlanılması üçün 2017-ci iloktyabrın 25-də kompleks əməliyyat tədbirləri keçirilib.

"Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan vətəndaşları Bəxtiyar Ələkbərov, “Əbu-Yunis” ləqəbli Anar Məsimli, “Əbu-Vakkaz” ləqəbli Cavid Hüseynli odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv edilib", məlumatda qeyd edilir.

DTX hazırda istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini xəbər verir.

Müstəqil mənbələr hələ ki, verilən məlumatı təsdiq edə bilməyib.

Çərşənbə axşamı Bakı meriyası Milli Şuraya şənbə günü, oktyabrın 28-də mitinq keçirməyə razılıq verib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG