Accessibility links

Təhlil: Müşahidəçilər İrana yeni sanksiyaların təsirini sual altına alır


Təhlil: Müşahidəçilər İrana yeni sanksiyaların təsirini sual altına alır
Təhlil: Müşahidəçilər İrana yeni sanksiyaların təsirini sual altına alır

Analitiklər bildirir ki, BMT-nin dördüncü raund sanksiyalar paketi yalnız əvvəlki sanksiyaların miqyasını azacıq genişləndirir

ABŞ BMT Təhlükəsizlik Şurasında İrana qarşı yeni sanksiyalar paketi təqdim edib. Lakin Rusiya və Çinin dəstəyini qazanmaq üçün Vaşinqton qətnamə layihəsinin tonunu yumşaldıb. Bəzi müşahidəçilərin fikrincə sanksiyaların İrana təsiri praktiki effektdən çox simvolik mahiyyət daşıyır.

Ötən il dövlət katibi Hillari Klinton İran nüvə ambisiyalarından geri çəkilməyəcəyi təqdirdə həmin ölkəyə qarşı sındırıcı sanksiayalar tətbiq ediləcəyi ilə hədələmişdi. Lakin sanksiyalar paketi müzakirə masasına çıxarılanda artıq “sındırıcı” ifadəsi Amerikanın diplomatik lüğətindən yığışdırılmışdı.

Analitiklər bildirir ki, BMT-nin dördüncü raund sanksiyalar paketi yalnız əvvəlki sanksiyaların miqyasını azacıq genişləndirir. Yeni təklif İranın banklarını hədəf alır və İranın nüvə proqramı üçün nəzərdə tutulmuş kargo gəmilərinin yoxlanılmasını nəzərdə tutur. Lakin bu növ təftişlər İranın razılığını tələb edir və bunun icra mexanizmi yoxdur. Ən mühümü isə odur ki, İranın neft ticarətinə heç bir qadağa tətbiq olunmur.

İran məsələləri üzrə STRATFOR özəl kəşfiyyat firmasının eksperti Reva Bhalla bu qətnaməni nisbətən mənasız adlandırır, çünki Rusiya və Çinin dəstəyini almaq üçün mətn xeyli zəiflədilib. Onun sözlərinə görə ABŞ göstərmək istəyir ki, İrana qarşı vahid koalisiya təsis edə bilib. Lakin həqiqətdə əvvəlki sanksiyaların miqyası cüzi şəkildə genişləndirilir.

Lakin ABŞ Dövlət Katibinin Siyasi Məsələlər üzrə sabiq yardımçısı Nikolas Börns təklif olunan sanksiyaların daha çox simvolik mahiyyət daşıdığını bildirir: "Çox mühümdür ki, Təhlükəsizlik Şurası İranın həqiqəti söyləmədiyinə dair vahid mövqedən çıxış etsin və bu ölkənin əvvəlki üç sanksiyalar raundundan nəticə çıxarmadığını önə çəksin."

Hazırda ABŞ Konqresində birtərəfli sanksiyaların tətbiq ilə bağlı qanun layihəsi nəzərdən keçirilir. “İran Neftayırma Sanksiyaları Aktı” adlanan qanun birbaşa İranın yanacaq idxalını hədəf alır. Hərçənd ki, İran neftin aparıcı istehsalçılarındandır, onun neftayımra imkanları demək olar ki, yoxdur və nefti yanacağa çevirmək üçün onu ixrac etməyə məcburdur.

Konqresin bu qanunu qəbul etməsi İrana dağıdıcı zərbə olardı.

Lakin Reva Bhallanın fikrincə Obama administrasiyası tələskənlik nümayiş etdirmir. Belə ki, rəsmi Vaşinqton İranı danışıqlar masasından qaçırmağa meylli deyil. Bir risk də mövcuddur ki, Konqresin hər hansı bir addımı BMT Təhlükəsizlik Şurasında əldə edilmiş zərif konsensusu aradan qaldıra bilər. Rusiya xarici işlər naziri ABŞ və Avropa İttifaqı üzvlərinə İrana qarşı birətərfli sanksiyalar tətbiq etməmək barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG