Accessibility links

Tofiq Yaqublu: “Kütləvi aksiyaları davam etdirəcəyik”


Tofiq Yaqublu: “Kütləvi aksiyaları davam etdirəcəyik”
please wait

No media source currently available

0:00 0:06:18 0:00

Müsavat Partiyasının Divan üzvünün Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu Amerikanın Səsinə müsahibəsində “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən aclıq aksiyasının ictimai-siyasi təsirlərindən danışıb.

Amerikanın Səsi: İctimaiyyət nümayəndələrinin “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə keçirdiyi aclıq aksiyası məqsədinə çatdımı? Aksiyanızın ictimai-siyasi təsirləri barədə nə deyə bilərsiniz?

Tofiq Yaqublu: Mən düşünürəm ki, həmin aksiya məqsədinə çatdı. Aksiyanın məqsədi problemi işıqlandırmaq, yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarət idi. Onu da artıqlaması ilə bacardıq və nəticələr də göz önündədir. Cəmiyyət buna yetərli reaksiya verdi, beynəlxalq mətbuat, beynəlxalq aləm buna reaksiya bildirdi.

Amerikanın Səsi: Aclıq mübarizədə insanın atacağı sonuncu addım hesab olunur. Sizcə ölkədə insanların bu addımı atmasına səbəb nə idi?

Azərbaycan kimi rejimlərdə aclıq aksiyaları məcburi atılmış addımdır. Baxmayaraq ki, həyat üçün risklidir.
Tofiq Yaqublu

Tofiq Yaqublu: Aclıq aksiyası adətən imkansızlıqdan olan aksiyadır. Bir qayda olaraq hüququn işləmədiyi ölkələrdə baş verir. Ona görə ki, azad məhkəmə yoxdur. Hüquq işləmir. İnsan çarəsiz qalır, problemi kənara çıxarmaq istəyir. Özünə dəstək axtarır. Problemin həllinə çalışır. Bütün hüquqi vasitələrdən istifadə edir, amma xeyri olmur. Ona görə də insan axırda qərara gəlir ki, bir halda ki, məni şərləyib həbsə atırlar, ona görə də mən problemimi qabardım. Aclıq eləyim ki, bu məsələyə diqqət yönəlsin. Ona görə Azərbaycan kimi rejimlərdə aclıq aksiyaları məcburi atılmış addımdır. Baxmayaraq ki, həyat üçün risklidir.

Amerikanın Səsi: Aclıq aksiyası artıq başa çatıb? İctimaiyyət, ictimai-siyasi təşkilatlar bundan sonra siyasi məhbus hesab edilən şəxslərin həbsdən azad edilməsi, problemlərin diqqətə gətirilməsi üçün daha hansı addımları atmalıdır?

Siyasi məhbus problemi həll olunmadı. Bircə Mehman Hüseynovla bağlı hökumət atdığı addımı geri atmalı oldu.
Tofiq Yaqublu

Tofiq Yaqublu: Bəli, bu, çox ciddi problemdir. Azərbaycan üçün çox ciddi problemdir. Konkret olaraq həbs olunmuş insanlar, onların ailələri üçün çox ciddi problemdir. Bəli, aclıq aksiyası bir məqsəd deyildi. Bu, problemin beynəlxalq və yerli ictimaiyyətin diqqətinə çatdırmaq, daha doğrusu diqqətin həmin problemə fokuslaşdırılması üçün bir üsul idi. Amma siyasi məhbus problemi həll olunmadı. Bircə Mehman Hüseynovla bağlı hökumət atdığı addımı geri atmalı oldu. Problem qalır. Biz ənənəvi üsullardan istifadə etməliyik. Burada yenidən Amerika kəşf etməyə, velosiped icad etməyə ehtiyac yoxdur. Bütün bəşəriyyət bir üsul tapıb - kütləvi aksiyalar, siyasi fəaliyyət və təbliğat. Biz, bu işlərlə məşğuluq. Çox təəssüf ki, hökumət hələ ki, cəmiyyətdən gələn tələbləri, təklifləri qəbul etmir, dəyərləndirmir, biganə qalır, özünü eşitməməzliyə qoyur. Ancaq təzyiq, tələb ciddi olanda məcburən onunla hesablaşır. Yaxşı olardı ki, əvvəlcə qanunsuz addımlar atmasınlar, insanları şərləyib tutmasınlar. Şərləyib tutanda da heç olmasa onların hüquqları müdafiə olunsun, vəkillə təmin olunsunlar, məhkəmələr bir az ədalətli keçirilsin. Bunlar olmayandan sonra həm cəmiyyət, həm də beynəlxalq aləm gərək basqı göstərsin ki, hakimiyyət qanunsuz əməllərdən çəkinsin. Biz də bu üsullardan istifadə edirik və davam edəcəyik. Kütləvi aksiyaları davam etdirəcəyik, təbliğat imkanlarından, əlaqələrimizdən istifadə edəcəyik. Bütün mümkün leqal sivil üsullardan istifadə edəcəyik.

Amerikanın Səsi: Müxalifət yanvarın 26-na mitinq elan edib. Amma mitinqə icazə verilməyə də bilər. Belə olan halda vəziyyət necə olacaq?

Hökumət yox dedi, biz də çəkiləcəyik, bu olmayacaq, qətiyyən olmayacaq.
Tofiq Yaqublu

Tofiq Yaqublu: Bu gün və ya sabah hökumət mitinqlə bağlı müraciətimizə cavab verməlidir. İcazə verməyə bilərlər. Amma icazə verilmə imkanları da var. Çünki, ölkədə faktiki olaraq fövqəladə vəziyyət rejimidir. Bütün fəallar polis idarələrinə çağırılır. Mitinqdə kimlər olub, onlar müəyyənləşdirilir, zəng edilir, hədələnir, valideynləri, qohumları hədələnir. Amma yanvarın 26-da mitinq keçirilməsinə icazə verməsələr, bununla hər şey bitdi demək olmaz. Artıq biz növbəti üsullara əl atmalı olacağıq. Ən azı ölkə üzrə, yəni rayon mərkəzlərində, bölgələrdə eyni gündə, eyni saatda etiraz aksiyaları keçirə bilərik. Razılaşdırılmamış aksiyalara gedə bilərik. Əgər, mitinqə yox cavabı versə, hökumət bizi buna vadar edəcək. Biz hökumətə ən rahat, ən sivil, onun üçün də sərfəli olan bir üsul təklif edirik. Siz icazə verin ölkədə insanlar rahat sərbəst toplaşa bilsin, heç bir iğtişaşa da meylli deyillər. Sadəcə fikirlərini bildirib gedirlər. Bunlar üçün bundan rahat nə ola bilər? Əlbəttə, hökumət yox dedi, biz də çəkiləcəyik, bu olmayacaq, qətiyyən olmayacaq. Biz bu mübarizəyə qoşulanda onu mövsümi bir iş kimi qəbul etməmişik. Biz qələbəyə qədər getməliyik və gedəcəyik. Ola bilsin ki, kimsə yoruldu, çəkildi, qorxdu, bu ayrı məsələ. Amma bu hərəkat sönməyəcək və aydınca da görünür ki, hərəkat vüsət ala-ala gedir. Biz digər aksiyalara da start verəcəyik.

Amerikanın Səsi: Aclıq aksiyasına beynəlxalq ictimaiyyətin dəstəyi yetərlidirmi? Ölkədə akreditə olunan xarici ölkə səfirlikləri, ATƏT və Avropa Şurasının Bakıdakı missiyası, ombudsman aclıq aksiyası edənlərlə, onların tələbləri ilə maraqlanıbmı?

Tofiq Yaqublu: Məsələn, mən, Azərbaycan praktikasında şahidi olmamışam ki, hansısa aclıq aksiyasına diplomatik korpusdan kimsə gəlib baş çəksin. Bəlkə də belə bir şey olub. Çünki 1993-cü ildən bu yana Azərbaycanda kifayət qədər insanlar, əsasən də siyasi tələblərlə bağlı, yəni, haqsızlıqlarla bağlı aclıq aksiyaları keçiriblər. Şəxsən mənim emailimə ABŞ səfirliyindən, Human Rights Watch-dan, digər Avropa qurumlarından yazdılar ki, diqqətdə saxlayırıq, maraqlanırıq. Bu şəkildə dəstəklər oldu. Amma kiminsə gəlib ziyarət etməsi hadisəsi baş vermədi. Diqqədi cəlb etdi. Bu birmənalıdır.

Qeyd: Azərbaycan hökuməti ölkədə bütün fundamental azadlıqların, ö cümlədən söz və toplaşmaq azadlığlnın tam təmin edildiyini bildirir. İqtidar Azərbaycanda siyasi və vicdan məhbusu olması ilə bağlı fikirləri qəbul etmir, tənqidləri qərəzli adlandırır.

Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus kimi tanıyıb. Amnesty İnternational ondan çox insanı "vicdan məhbusu" elan edib.

Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG