Accessibility links

Tramp: Camal Xaşuqcinin ölümü ilə bağlı ortada kələk və yalan var


ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından Camal Xaşuqcinin ölümünə dair izahat tələb edib. O, ortada kələk və yalan olduğunu deyib.

Heç kim mənə onun cavabdeh olduğunu deməyib. Onun cavabdeh olmadığını da deyən olmayıb

Prezident The Washington Post qəzetinə bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın yaxın müttəfiqlərindədir. O deyib ki, çox ehtimal ki, Səudiyyə kralı Məhəmməd Bin Salman Xaşuqcinin ölümünə göstəriş verməyib.

"Heç kim mənə onun cavabdeh olduğunu deməyib. Onun cavabdeh olmadığını da deyən olmayıb. Hələ bu nöqtəyə çatmamışıq. Əgər o, məsuliyyət daşımasa, mən çox sevinərəm” - deyə, ABŞ dövlət başçısı bildirib.

Beynəlxalq ictimaiyyət də səudiyyəli jurnalist Camal Xaşuqcinin bu ölkənin İstanbuldakı konsulluğunda qətlini ittiham edib və faktla bağlı hərtərəfli istintaq aparmağa çağırıb.

ABŞ,Kanada və Avropa İttifaqı Səudiyyə hakimiyyətinin jurnalistin ölümü ilə bağlı açıqlamasından narazılıq bildiriblər.

Səudiyyə Ərəbistanının yaxın tərəfdaşı olan ABŞ prezidenti Donald Tramp oktyabrın 20-də jurnalistlərə deyib ki, “cavab” tapılmayınca, bu açıqlamadan”razı qalmayacaq”.

Prezident deyib ki, Səudiyyə Ərəbistanına qarşı sanksiyalara baxır və kralın varisi Məhəmməd Bin Salmanla danışacaq.

Amma Trump bunu deyərkən mövqeini bir az yüngülləşdirib, qeyd edib ki, ola bilsin ki, şahzadə Salmanın bundan xəbəri olmayıb.

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəsmisi Federika Moqerini də oktyabrın 20-də jurnalistin qətli ilə bağlı hərtərəfli istintaq aparmağa və buna görə cavabdehlik daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb.

Həmçinin Kanada Səudiyyə Ərəbistanının bu insidentlə bağlı açıqlamasını pisləyib və onun həqiqətə uyğun olmadığı bəyan edib.

Səudiyyə hakimiyyəti bəyan edib ki, jurnalist Camal Xaşuqci konsulluğun əməkdaşları ilə əlbəyaxa davada ölüb.

Türkiyə hakimiyyəti bəyan edib ki, faktla bağlı istintaqı davam etdirəcək.

Jurnalist Camal Xaşuqci voktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedib.

Xaşuqci Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı. O, Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər jurnalistin səfirlikdə öldürülməsi bəlli olsa Səudiyyə Ərəbistanını ağır cəza gözləyir.

Böyük Britaniya da bəyan edib ki, bu məsələyə görə Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Səudiyyə Ərəbistanı isə istənilən sanksiyaya cavab verəcəyini bildirib.

XS
SM
MD
LG